“Bu ilin təhsil büdcəsi əvvəlki illə müqayisədə 40,7 faiz artımla proqnozlaşdırılıb” – QUBAD İBADOĞLU

9

 “Bu həftə ərzində uşaq bağçaları, məktəblər və universitetlər bağlıdır. Bilirsiniz ki, məktəblərin müvəqqəti qapadılması təşəbbüsünü irəli sürüb ictimailəşdirməklə 2 dəyişikliyə nail olmağı hədəfləmişik. Birincisi, uşaqların və gənclərin sağlamlığına olan təhlükələri və riskləri azaltmaq, ikincisi, təlim-təhsil müəssisələrində sanitar-epidomoloji infrastrukturun yenidən qurulması və dezinfeksiyasını həyata keçirmək üçün məktəblərə əlavə vaxt qazandırmaq”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Nazirlər Kabinetinin 02 Mart 2020-ci il tarixli “ Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” sərəncamının 3-cü hissəsində aidiyyəti dövlət orqanları və qurumlarına tapşırılır ki, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsini təmin etsinlər”,-deyə iqtisadçı alim əlavə edib.

““Təhsil” büdcəsi 3 milyard 155 milyon 800 min manat müəyyənləşdirilib”

2020-ci il üçün dövlət büdcəsindən "qazıb çıxartdığım" təhsil müəssisələrinin təmiri və tikintisi, eləcə də malların (iş və xidmətlərin) satınalınmasına nə qədər vəsaitin nəzərdə tutulması barədə məlumatlı olmağımızı istəyən Q. İbadoğlunun sözlərinə görə, cari il üçün “Təhsil” büdcəsi 3 milyard 155 milyon 800 min manat müəyyənləşdirilib ki, bu da ötən ilin büdcəsinin gözlənilən icrasından 912,8 milyon manat çoxdur: “Bu ilin təhsil büdcəsi əvvəlki illə müqayisədə 40,7 fazi artımla proqnozlaşdırılıb”.

“Əsaslı təmir üçün Təhsil Nazirliyinə əlavə 10 milyon manat da ayrılıb”

2020-ci ilin büdcəsində “Təhsil” bölməsinin inzibati təsnifat üzrə strukturunda nəzərdə tutulmuş xərclərin 68,8 faizinin və ya 2188,67 milyon manatının Təhsil Nazirliyinin payına düşdüyün qeyd edən Q. İbadoğlu diqqətə çatdırıb ki, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlərə nəzərdə tutulmuş vəsaitin bölmə üzrə payı 10,8 faiz, yerli icra hakimiyyəti orqanları üzrə proqnozlaşdırılmış vəsaitin xüsusi çəkisi 10,3 faiz təşkil edəcək: “2020-ci ilin büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üzrə təhsil müəssisələrinin təmiri və tikintisi üçün  isə 256,3 milyon manat vəsait nəzərdə tutulub. Bununla yanaşı, maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir üçün Təhsil Nazirliyinə əlavə 10 milyon manat da ayrılıb. Bundan əlavə “Təhsil” büdcəsindən 653,4 milyon manat da malların (iş və xidmətlərin) satınalınmasına proznozlaşdırılıb”.

“Büdcədən ayrılmış vəsaitlərin son təyinatı üzrə düzgün xərclənməsi vətəndaş nəzarətinin təşkilindən asılıdır”

“Beləliklə də Təhsil Nazirliyinin tabeçiliyində olan tədris müəssisələrində malların (iş və xidmətlərin) satınalınmasına, təhsil müəssisələrinin təmiri və tikintisinə, eləcə də maddi-texniki təminatın möhkəmləndirilməsinə bütövlükdə 919,7 milyon manat nəzərdə tutulub. Göründüyü kimi, məktəblərdə sanitar-su qovşağının, tualetlərin təmiri, eləcə də tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin maliyyələşdirilməsi üçün kifayət qədər büdcə vəsaiti proqnozlaşdırılıb. Büdcədən ayrılmış vəsaitlərin son təyinatı üzrə düzgün xərclənməsi həm də valideynlərin və ictimaiyyətin bu prosesə vətəndaş nəzarətinin təşkilindən asılıdır”,-deyə iqtisadçı alim vurğulayıb.

“Valideynlərin rəsmi və qeyri-rəsmi birlikləri bu həftə ərzində məktəbləri nəzarətdə saxlasın ki..”

Q. İbadoğlu təklif edir ki, Təhsil Nazirliyi bu ilin büdcəsindən məktəblərin təmiri və maddi-texniki təminatın möhkəmləndirilməsi, eləcə də tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin maliyyələşdirilməsinə dair ayrılmış vəsaitin məbləğini açıqlasın: “Eyni zamanda valideynlərin rəsmi və qeyri-rəsmi birlikləri bu həftə ərzində məktəbləri nəzarətdə saxlasın ki, Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri həyata keçirildiyinə əmin ola bilək”.

 Şamo EMİN, Hurriyyet.org