“Bu gün ABŞ daxili siyasətində önəmli gündür” – ŞAHİN CƏFƏRLİ

6

"Mümkündür ki, Sanders ümumilikdə ilkin seçkiləri öndə bitirsin, amma 1991 nümayəndə qazana bilməsin, bu halda qurultayda Baydenin namizəd seçilməsi ehtimalı var"

"Bu gün ABŞ daxili siyasətində önəmli gündür. Demokratlar daxilindəki ilkin seçkilərin "Super çərşənbə axşamı" (Super Tuesday) mərhələsidir. 14 ştatda və bir ərazidə (Amerikan Samoası) səsvermə olacaq (ölkə xaricindəki demokratlar da səs verəcək) və vahid namizədin müəyyənləşdiriləcəyi Milli Konvensiyaya (qurultay) ümumilikdə 1357 nümayəndə seçiləcək. İyul ayında Miluoki şəhərində (Viskonsin ştatı) keçiriləcək qurultayda 3979 nümayəndə iştirak etməlidir, prezidentliyə namizəd olmaq üçün 1991 nümayəndənin dəstəyini qazanmaq tələb olunur". Hurriyyet.org xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, indiyədək 4 ştatda ilkin seçki keçirilib: "İlk üçündə – Ayova, Nyu Hempşir və Nevadada demokratlar daxilində son illər güclənən sosialist-proqressiv qanadın təmsilçisi, senator Berni Sanders qalib gəlib. İlkin seçkilərdən öncə keçirilən ümimmilli rəy sorğularında Cozef Bayden öndə idi, lakin o, ilk 3 ştatda çox aşağı nəticələr göstərdi, topladığı ianələr xeyli azaldı və kampaniyası axsamağa başladı. Cənubi Karolinadakı praymerizi də uduzsaydı, veteran siyasətçi mübarizədən uzaqlaşmaq riski ilə üzə-üzə qalacaqdı. Lakin C.Karolinada demokrat seçicilərin 60%-ni təşkil edən afroamerikalıların aktiv dəstəyi Baydeni həyata qaytardı və yarışın içərisində saxladı. Afroamerikalılar Baydenin Obamanın vitse-prezidenti olması faktoru, eləcə də Nümayəndələr Palatasının C.Karolinadan olan nüfuzlu üzvü Cim Klaybernin çağırışı ilə səslərini Baydenə verdilər". Politoloq bildirib ki, Demokratların seçici kütləsi içərisində qaradərililərin kəmiyyətcə olmasa da, mənəvi-siyasi baxımdan ciddi ağırlığı var: "Onların dəstəyini ala bilməyən namizədin seçilmə şansı azdır. Sandersin namizədliyini istəməyən demokratların establişmenti C.Karolinadakı praymerizdən sonra prosesə müdaxilə etməyə və mötədil-mərkəzçi səsləri Baydenin ətrafında təmərküzləşdirmək istiqamətində təcili addımlar atmağa başladı. Öncə Ayovada Sanderslə eyni miqdarda səs toplamış, demokratların parlayan gənc siyasətçilərindən olan Pit Butticic, daha sonra isə senator Emi Klobuçar mübarizədən çəkildiklərini və Baydenə dəstək verdikərini açıqladılar. İndi Baydenin mötədil elektorata xitab edən yeganə rəqibi kimi milyarder Mayk Blumberq qalıb. Blumberq ilk 4 praymerizə qatılmayaraq, taktikasını "Super çərşənbə axşamı"nda parlaq nəticə göstərib, mötədil qanadın əsas təmsilçisi qismində önə çıxmaq istiqamətində qurub və bu məqsədlə rekord məbləğdə – yarım milyard dollar civarında pul xərcləyərək aqressiv reklam kampaniyası aparıb. (Yeri gəmişkən, digər milyarder namizəd – Tom Şteyer reklama 200 milyon dollar xərcləsə də, Nevada praymerizindən sonra geri çəkildi.) Liberal-sol qanadda Sandersin yeganə rəqibi isə senator Elizabet Uorrendir".

Şahin Cəfərli onu da qeyd edib ki, bugünkü praymerizlər Kaloforniya və Teksas kimi iri ştatları da əhatə edir: "Digərləri bunlardır: Alabama, Arkanzas, Kolorado, Men, Massaçusets, Minnesota, Şimali Karolina, Oklahoma, Tennessi, Yuta, Vermont, Virciniya. 415 nümayəndənin seçiləcəyi Kaliforniyada Sandersin qələbəsi şübhə doğurmur, bu səbəblə Bayden son günlər əsas diqqətini 228 nümayəndənin seçiləcəyi Teksasa yönəldib, çünki burada birinci olmaq şansı var. Kaliforniyanın hesabına bu gün Sandersin daha çox nümayəndə qazanaraq birinci olması gözlənilir, amma Bayden yaxşı nəticə göstərərək fərqin açılmasını önləyə bilərsə və yarışı Blumberqdən xeyli öndə bitirərsə, şansını qorumuş olacaq. (Belə olsa, namizədliyini geri götürməsi üçün Blumberqə təzyiqlər başlayacaq.) Mümkündür ki, Sanders ümumilikdə ilkin seçkiləri öndə bitirsin, amma 1991 nümayəndə qazana bilməsin. Bu halda qurultayda Baydenin namizəd seçilməsi ehtimalı var".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org