“Bu film İbrahimbəyovun ermənilərə qardaş töhfəsidir” – Rəşid Behbudov Fondu bəyanat verdi

    9

    Rəşid Behbudov Fondu Rüstəm İbrahimbəyovun qalmaqallı “Qafqaz triosu” filmi ilə bağlı bəyanat verib.

    Bəyanatda bildirilir ki, bu film bədxah qonşularımızın bədnam niyyətlərini həyata keçirməyə yardımçı olacaq bir vasitədir: “Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Qafqaz triosu” filmi günün günorta çağında şimşək kimi çaxdı və hər birimizi ildırım kimi vurdu. Ona görə yox ki, möhtəşəm bir sənət əsəri meydana çıxmışdı və bu əsər Azərbaycanı dünyaya tanıdacaqdı. Ona görə ki, 200 ilə yaxın bir zaman kəsiyində bizə zorən qonşuluğa məhkum edilmiş bir toplumun bədnam niyyətlərini həyata keçirməyə yardımçı olmaq üçün daha bir milli satqın meydana atıldı. Əslində, Rüstəm İbrahimbəyov meydana indi atılmayıb və bu əsər də təkcə onun yaradıcı yox, həm də “ziyalı” mövqeyi, həyat mövqeyidir. Hələ 2013-cü ildə “Rosbalt” agentliyinə müsahibəsində Rüstəm İbrahimbəyov ermənilərin Qarabağa iddialarını əsaslandırmağa çalışaraq bildirmişdir ki, onların bu məsələdə hüquqi əsasları azərbaycanlılardan daha artıqdır…”
    Bəyanatda qeyd olunur ki, “Qafqaz triosu” hələ son deyil. Filmin istehsal tarixinə nəzər salınarsa, 2015-ci ildəq qondarma erməni soqırımının 100 illiyi qeyd olunurdu. Bu film də həmin “soyqırıma” İbrahimbəyovun qardaş töhfəsidir: “Bütün həqiqətlərin kökü məhz bundadır.
    Ermənilər qondarma soyqırım anlayışını dünyaya sırımaq üçün yüz ildir dəridən-qabıqdan çıxırlar. Bu, onların milli ideologiyasının əsasını təşkil edir. Təsəvvür edin ki, indiyə qədər 100 milyonlarla vəsait xərcləyib 5 ya 6 film çəkdiriblər bu mövzuda. Lakin bu filmlərin heç biri uğur qazanmayıb. “Qafqaz triosu” Rüstəm İbrahimbəyovun ermənilərə təqdim etdiyi avansdır. Onun məqsədi qondarma soyqırım haqqında iri büdcəli film çəkməkdir. Sadəcə 100 milyonluq büdcəni əldə etmək üçün erməni dostlarının etibarını qazanmaq məqsədi ilə etdiyi bir jestdir. Yəni, mənə inana bilərsiniz. Ermənilər də bu filmi əllərində bayraq edib bütün dünyaya car çəkəcək ki, bunu azərbaycanlı türk çəkib. Bu da onlar üçün əlavə divident deməkdir. Çünki bu günə qədər qondarma soyqırım haqqında müxtəlif adlı-sanlı kino xadimləri tərəfindən çəkilən filmlər uğur qazana bilməyib. Rüstəm İbrahimbəyov faktoru isə bu məsələdə böyük rezonans yarada bilər. Ona görə yox ki, Rüstəm İbrahimbəyov böyük sənətkardır. Ona görə ki, o azərbaycanlı türküdür. Bu fakt da həmin filmin promo kampaniyasında öz işini görəcəkdir. Orxan Pamuk nümunəsi Rüstəm kimi mənəvi əxlaqsızlıqlara illərdir rahatlıq vermir. Ermənilər də bu əqidəsiz “ziyalıları” öz məqsədləri üçün istifadə etməyə rahatlıqla cəlb edə bilirlər”.

    Bəyantda bildirilib ki, “Qafqaz triosu” filmində Rüstəm İbrahimbəyov oğlu Fuad İbrahimbəyov ilə birlikdə mənəviyyatsızlığın, əxlaqsızlığın ən son həddi səviyyəsinə enərək xalqını, millətini, Vətənini canından artıq sevən, Qarabağ savaşının ilk günlərindən SSRİ kimi nəhəng bir ölkənin ən ali rəhbərinə iradlarını bildirməkdən çəkinməyən və buna görə də həyatına son qoyulan görkəmli sənətkar Rəşid Behbudovun repertuarından “Bu şəhərdə” mahnısını yeni aranjimanda və ifada istifadə edib: “Ümumiyyətlə, bu mahnı filmin musiqi leytmotivi kimi geninə-boluna səslənir. Mərhum bəstəkar Tofiq Babayevə məxsus olan bu mahnı həqiqətən Bakıya həsr olunmuş ən gözəl mahnılardan biridir. Gözəl şəhərdən, onun geniş ürəkli insanlarından, dostluğa sədaqətdən bəhs edən, illərlə sevilən mahnını İbrahimbəyovlar satqınlığın, xəyanətin, mənəvi əxlaqsızlığın, düşmənə yarınmağın simvoluna çevirməyə cəhd göstəriblər”.

    Rəşid Behbudov Fondu sözügedən məsələ ilə bağlı Mədəniyyət Naziri Əbulfəs Qarayevə, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanova müraciət edərək “Qafqaz triosu” filmi ilə bağlı hüquqi prosedurlara başlamaq haqda müraciət edib: “”Məhkəməyə müraciət edilməli və filmdə istifadə olunan Tofiq Babayevin “Bu şəhərdə” mahnısının icazəsinin kimdən alındığını müəyyən etmək lazımdır. Hüquqi prosedurlara başlatmaqla filmin nümayişinə həbs qoyulmalıdır. Bu, dünya kino tarixində istifadə olunan metodlardandır və biz də mütləq bu təcrübədən bəhrələnərək ədaləti bərpa etməliyik. Biz belə nankor, satqın, xəyanətkar ünsürlərin fəaliyyət çevrələrini daraltmalı və onların planlarını pozmalıyıq”.

    Nazilə, Hurriyyet.org