“BU VANDAL HƏRƏKƏTLƏRƏ SON QOYULMALIDIR” – İctimai Birlik bəyanat yaydı

243

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi ermənilər tərəfindən Kəlbəcər rayonunda dağ-meşə massivlərin yandırılaraq məhv edilməsi, təbiətə bərpa olunmayan zərər vermələri ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlətləri arasında bağlanan üçtərəfli atəşkəs bəyanatı əsasında Azərbaycanın Kəlbəcər rayonunu tərk edən erməni hərbi birləşmələrinin və Kəlbəcərin işğalı nəticəsində orda yerləşdirilən çoxsaylı erməni əhalisinin ərazini tərk etdikləri zaman meşə massivlərini və dağlarda yerləşən nadir ağac nümunələrini kütləvi surətdə qırır və yandırırlar. Eyni zamanda bundan əvvəl Şuşa yaxınlığında olan meşə massivlərinin yandırılması faktları da Azərbaycan və dünya ictimaiyyətinə məlumdur.

Bütün bu baş verən vandalizm hərəkətləri barədə dünyanın və Rusiyanın ən məşhur xəbər saytlarında (bbc.com/news, euronews.com, Lenta.ru, Izvestiya.ru və s.) və sosial şəbəkələrdə geniş video və foto məlumatları verilmişdir.

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi bir neçə gündür sosial şəbəkələrdə və televiziyalarda Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa və təbiətə qarşı əsil genosid kimi qiymətləndirir.

İctimai birlik kimi bildiririk ki, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərimizdə olan flora və faunanın məhvi, xüsusən də Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin – çinarların kəsilməsi, meşələrin məhv edilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir.

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi bildirir ki, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım, Kəlbəcər rayonunun unikal təbiətinə, dağ-meşə massivinə bərpaolunmaz təsiri ilə  ümumən Cənubi Qafqazın ekoloji mühitinə ciddi  zərər verəcəkdir.  İctimai Birlik dünyanın aparıcı ekoloji təşkilatlarının təbiətə qarşı törədilən bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməyə və qarşısını almağa çağırır.

Hurriyyet.org