“Bu təzyiq rəqibi səhvlərə məcbur etdi”

63

Füzuli Məmmədov qələbəni şərh etdi

“Çətin oyun olacağını bilirdik. Çünki bu turnir tam başqadır”. Bunu “Neftç”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində “Şkupi” ilə keçirilən oyun haqda danışarkən deyib.

Şimali Makedoniya təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanan Bakı klubu növbəti mərhələyə adlayıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Məmmədovun qalibiyyət şərhi belə olub: “Komandamıza rəqib haqda bütün tapşırıqlar vermişdik. İlk hissədə oyunumuz tam alınmırdı. Bu da rəqibin qapanması ilə bağlı idi. Başqa tapşırıqlar vermişdik. İkinci hissədə hücum etdik, təzyiq göstərdik. Bu təzyiq rəqibi səhvlərə məcbur etdi, bundan da yararlandıq. Düzdür, səhvlər var, bu, olmalıdır. Bizim işimiz çalışıb, bu səhvləri azaltmaqdır. Futbolçularımı və bütün “Neftçi” sevərləri təbrik edirəm”.

– İlk hissədə özünüzə bənzəmirdiniz. “Şkupi”nin bu qədər dirənəcəyini gözləyirdiniz?

– Rəqibin əks-hücumdan oynayacağını bilirdik. Futbolçularım niyə mərkəzdən oynayırdılar, bilmirəm. Demişdim ki, ortada çox oynamayın. Başqa tapşırıqlar vermişdim. Adi epizodda top itirəndə əks-hücumlar təhlükəli olur. Amma ikinci hissədə nəzarəti itirmədik.

– Top itkiləri çox idi. Bunun aradan qaldırılması üçün tədbir görüləcəkmi?

– “Neftçi” hər zaman top saxlamaqla seçilib. Amma bu gün top itkisi çox idi. Bunda futbolçuların həyəcanı, rəqibin qapanması rol oynaya bilər. Futbolçuların rısmi oyun praktikası tam yerində deyil. Yeni oyunçularımız da var. Zamanla hamısı aradan qalxacaq.

– Cabir Əmirlinin ilk dəqiqələrdən meydanda olması nə ilə bağlıdır?

– Rəqibi analiz etdikdən sonra hansı oyunçunun meydanda oynaması qərarını mən verirəm. Bu o demək deyil ki, Ömər Buludov zəifdir. Rəqibdən də çox şey asılıdır.

– Krivotsyuk və Monroz ilk hissədə zəif görünürdü…

– Xeyr, razı deyiləm. Krivotsyuk tam istədiyimi etdi. Mən bu fikirlə razı deyiləm. Top hücuma çox gəlməyəndə hücumçu az görünür. İkinci hissədə Monroz məcbur olurdu arxaya çəkilsin. İkinci hissədə daha aktiv idi. Onu əvəzləsəydim, planımız dağıla bilərdi.