“Bu, Paşinyanın sonu deməkdir: Ermənistanda döyüşməyə adam tapılmır”

90

Humanitar atəşkəs dövründə də ermənilər beynəlxalq hüquqa hörmət etmədiklərini açıq nümayiş etdirib. Bu, ermənilərin hər zamankı xislətidir. Onlar müharibədə məğlub olublar. Bunun qarşlığında isə mülki insanlara qarşı terror aktları həyata keçirirlər.

Bu fikirləri  Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri qeyd edib ki, bu gün düşmən cəbhədə itirdikləri əsgərlərə görə belə narahat deyil.

Onun sözlərinə görə, cəbhədə davamlı olaraq gərginlik yaradan düşmən cəmiyyətin diqqətini mümkün qədər itkilərdən uzaq saxlamağa çalışır: “Düşmən itkilərinin real açıqlanması isə Paşinyanın sonu deməkdir. Çünki məhz onun apardığı yanlış siyasət nəticəsində cəbhədə böyük itkilər verilir”.

Millət vəkili bildirib ki, bu gün erməni ordusu cəbhədə həm texnika, həm də canlı qüvvə baxımından açıqlanan rəqəmlərdən dəfələrlə artıq itki verib: “Bu da sözsüz ki, düşmən ölkədə ictimai-siyasi müstəvidə böyük təlatümə səbəb olacaq bir faktordur. Hazırda humanitar atəşkəs prinsiplərinə uyğun olaraq Qızıl Xaç Komitəsinin əli ilə döyüş meydanından düşmən cəsədləri toplanmaqdadır. Bu, düşmənin itkilərinin real sayının ortaya çıxmasını təmin edəcək. Eyni zamanda düşmən tərəfdən Suriyadan, Livandan olan muzdluların olması faktı da üzə çıxmış olacaq”.

O söyləyib ki, Azərbaycan Ordusunun zərbələrindən sonra erməni ordusu darmadağın olub, döyüşməyə adam çatışmır: “Birinci Qarabağ müharibəsində iştirak etmiş, indi isə qocalmışlar könüllü şəkildə qatılsalar da, onların döyüşmək potensialı yoxdur. Ona görə muzdlu əsgərləri toplayır”.

Siyavuş Novruzov qeyd edib ki, işğalçı Ermənistan tərəfi humanitar məqsədli atəşkəsi belə pozmağa çalışır: “Düşmən hərbi cinayət törədərək, Gəncə kimi Azərbaycanın qədim tarixə malik olan ikinci böyük şəhərinə hücumlar edir. Bu hala qarşı beynəlxaq ictimaiyyət açıq şəkildə etiraz etməlidir. Azərbaycanı atəşkəsə çağıran dövlətlər və təşkilatlar erməni terroruna lazımı qiymət verməlidir”.

Millət vəkili vurğulayıb ki, bütün bunlara rəğmən bu gün Azərbaycanın maraqları cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə təmin edilir: “Cəbhədəki ək- həmlə əməlliyatları başlamazdan öncə də cənab Prezident BMT tribunasından Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı açıq çağırış edib. Reallıqda həm müharibə, həm də informasiya sahəsində Ali Baş Komandan tərəfindən ən uğurlu və düşünülmüş siyasi strategiya həyata keçirilir. Məhz cəbhədə Azərbaycanın hərbi qüdrəti sayəsində illərdir sıfır nöqtəsində qalan problemə yeni baxış yarandı. Cənab Prezidentin də vurğuladığı kimi status-kvo dəyişdi. Azərbaycan danışıqlarda öz mövqeyini və iradəsini ortaya qoydu. Aprel döyüşlərindən sora işğalçı Ermənistana danışıqlarla bağlı vaxt verilmişdi. Bu gün isə danışıqlarda diktə və tələb edən tərəf Azərbaycandır. Bu isə Ali Baş Komandanın qətiyyəti və Ordumuzun gücü sayəsində mümkün olub”                //Konkret