“Bu ölkələrin təcrübələrindəndən nəticə çıxarmalıyıq” – Rauf Zeyni

138

Xüsusi karantin rejiminin uzadılmasına ehtiyac var idi. Çünki insanlar bu məsələ ilə əlaqədar olaraq çox biganəlik göstərirdilər və karantin rejiminə əməl etmirdilər. Sağlamlıqlarını qorumağı özlərinə rəva görmürlər. Biz özümüzü qorumaqla cəmiyyətimizi də qorumuş oluruq. Təəssüflər olsun ki, bir çox hallarda vətəndaşlar paytaxtda və regionlarda tələblərə əməl etmirlər.

Hurriyyet.org bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib:

“Virusa yoluxanların sayı hər gün artdığına görə dövlət bu yayılmanın qarşısını almaqdan ötrü sərt qərarlar tətbiq etmək məcburiyyətində qalıb. Biz əvvəlcədən demişdik ki, əgər bu tələblərə əməl olunmasa, hökümət sərt qərarlar tətbiq etmək məcburiyyətində olacaq. Vətəndaşlar bunu anlamalıdır və sərt qərarlara riayət etməlidir”.

Pandemiyanın tüğyan etdiyi digər ölkələrlə Azərbbaycanı müqayisə edən Rauf Zeyni bildirib ki, ölkəmiz müsbət təcrübələrdən yararlanmalıdır: “Eyni zamanda bu problemi yaşayan ölkələrin də acı təcrübəsindən nəticə çıxarmalıyıq. Tutaq ki, Çin, İtaliya, Fransa, Almaniya, İspaniya, o cümlədən Türkiyə, Gürcüstan kimi ölkələrin təcrübəsindən faydalanmaq lazımdır. Bu təcrübələrin ən optimalını götürüb, Azərbaycanda tətbiq etməliyik. Bundan da irəli gələrək biz real vəziyyətin risk dəyərləndirməsini çox peşəkar səviyyədə aparmalıyıq. Bizim insan resursları, insan sağlamlığı, iqtisadi məsələlərlə bağlı nə qədər risklərimiz var. Bunların hamısını təhlil etməliyik və sonrakı addımlarımızı buna görə atmalıyıq. Operativ Qərargah bunların hamısını dəyərləndirib, əlbəttə ki, bu səbəblə14 gün karantin rejiminin uzadılmasına qərar verib”.