“BU NAMƏRD TƏCAVÜZKAR BİZİ YOLUMUZDAN DÖNDƏRƏ BİLMƏZ!” – “Onların bütün silahlarını biz məhv edəcəyik”(Yenilənir)

48

“Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə atəş açırlar. Bunu biz Birinci Qarabağ müharibəsində də görmüşdük”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı Tərtərə hücumu şərh edərkən bildirib.

“Xocalı soyqırımını törədən həmin bizim mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusunun qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə müqavimət göstərə bilmirlər onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd təcavüz nəticəsidnə bizim insanlarımız həlak oldu: həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu da insanların dəfn mərasimində iştrak etdiyi bir yerdir. Hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı, görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir. Bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Bir də onu göstərir ki, bu namərd təcavüzlər bizi yolumuzdan döndərə bilməz”, – Prezident qeyd edib.

Dövlət başçısı bildirib ki,  ermənilər atəşkəsdən sonra Hadrud qəsəbəsini yenə də işğal etmək istəyiblər: “Atəşkəsdən sonra 3 dəfə Hadrud qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”.

“Amma 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”, – Prezident əlavə edib.

Dövlət başçısınını sölərinə görə,  hər gün yeni əraziləri işğaldan azad edilir: “Azad edilmiş torpaqların ərazisini hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki, hər gün bu, dəyişir”.

Prezident dünən 6 kəndin işğaldan azad edilməsini Azərbaycan xalqına çatdırdığını deyib: “Ondan əvvəlki gün də daha çox sayda kəndlər azad edilib. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik. Hər gün strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir”.

“İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansısa məlumat yoxdur” – deyə, İlham Əliyev bildirib

Prezident bildirib ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb: “Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik. Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, bu gün mülki, eyni zamanda karqo təyyarələri ilə qaçaq silah göndərilib.

Ermənistan bu yaxınlarda bir təyyarə alıb. Bizdə olan məlumata görə, hardasa 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda bu İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, qaçaq yolla bu silahları Ermənistana ötürsün. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu bəyan edilir. Onların bəyanatlarında isə bu mülki karqodur. Amma bunun içində “Kornet” (tank əleyhinə silahlar), “Konkurs” (tank əleyhinə silahlar), “İqla” (hava hücumuna qarşı silahlar).

Eyni zamanda, bizdə olan məlumata görə, Rusiyadan qaçaq yolla alınmış raketlər göndərilir. Ona görə biz ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı – red.) rəsmən müraciət etdik ki, ICAO bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir”, – ölkə başçısı söyləyib.

Prezident qeyd edib ki, Ermənistan ordusuna böyük zərbə vurulub: “Bizim hesablamalarımıza görə haradasa 2 milyard dollar ətrafında Ermənistan ordusuna ziyan dəyib. Bu, davam edir”. 

“Demişəm, Ermənistan rəhbərliyinə də müraciət etmişəm – siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın bu müharibə dayansın, siz də qalan silahlarınızı qoruyun. Yoxsa belə gedərsə onların bütün silahlarını biz məhv edəcəyik” ,- deyə, Prezident əlavə edib.