“Bu müqayisə hədsiz dərəcədə həyasızlıq deyilmi?” – Ermənipərəst mədəniyyət xadimlərinə tutarlı cavab

210

Məlum olduğu kimi, bir neçə gün əvvəl Rusiyanın bir sıra tanınmış ermənipərəst mədəniyyət xadimləri UNESCO-ya müraciət edərək, Qarabağdakı xristian abidələrinin Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil olunmasını xahiş etmişdilər.

Azərbaycanın ünvanına həyasızcasına hədyanlar və iftiraların yer aldığı həmin müraciəti dirijorlar Vladimir Spivakov və Teodor Kurentzis, musiqiçi Boris Qrebenşikov, rejissorlar Aleksandr Sakurov, Aleksey Qerman (oğul) və digər şəxslər imzalayıb.

Həmin bu üzdəniraq müraciətə Moskva Konservatoriyasının professoru, Moskva Bəstəkarlar İttifaqının üzvü Fərəc Qarayev tutarlı cavab verib. O, sözügedən kağızı imzalamış dirijorlar Vladimir Spivakova və Teodor Kurentzisə Açıq məktub ünvanlayıb.

“AzPolitika.info” həmin məktubu diqqətinizə çatdırır:

“Hörmətli həmkarlar, Sizin UNESCO-ya müraciətinizin mətni ilə tanış oldum və Azərbaycan ərazisində yerləşən xristian mədəni, bədii və memarlıq abidələrinin Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilməsi barədə təklifinizi, əlbəttə, mən də dəstəkləyirəm. Mübahisə etmirəm, bu, həqiqətən zəruridir!

Daha sonra siz şikayətlənirsiniz ki, bu abidələri də Suriyadakı Palmiranın faciəli taleyi gözləyir – bu unikal şəhərin İŞİD-in (Rusiyada qadağan edilmiş təşkilatın) üzvləri tərəfindən necə dağıdıldığını yaxşı xatırlayırıq. Siz Dağlıq Qarabağda mədəniyyət abidələrinə qayğı göstərərək və bu kontekstdə Palmiranı xatırlamaqla, istər-istəməz Azərbaycanı bütün sivil dünya tərəfindən rədd edilmiş ən dəhşətli terror təşkilatlarından biri ilə müqayisə edirsiniz.

Bu müqayisə hədsiz dərəcədə həyasızlıq deyilmi?

Hörmətli həmkarlar, Sizə xatırlatmaq istərdim ki, bugünkü Azərbaycan multikulturalizm qanunları ilə yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Yeri gəlmişkən, müsəlman və iuda mədəni irsi kimi xristian mədəni irsinin də qorunması dünyəvi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini məlumatlandıraraq bildirib ki, Qarabağdakı dini abidələr qorunub saxlanacaq və kilsələrin normal fəaliyyəti təmin ediləcək. O deyib: “Azərbaycan tərəfi məhz bu istiqamətdə fəaliyyət göstərəcək”.

Azərbaycan Prezidentinin əməli işi isə heç vaxt onun sözlərinə zidd olmur!

Sizdən soruşmaq istərdim: Siz bilirsinizmi ki, Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan yeddi rayonu təxminən otuz il müddətində qonşu dövlət tərəfindən işğal altında olub? Bilirsinizmi ki, həmin rayonlarda orta əsrlərə aid xristian monastırlarından əlavə çoxsaylı məscidlər, habelə Xocavənddə pravoslav kilsəsi də vardı?

İndi isə sizin diqqətinizə bir neçə fotoşəkil təqdim edirəm. Həmin fotoşəkillərdə həmin pravoslav məbədinin bu illər ərzində nəyə çevrilməsi əyani şəkildə görünür.

Təkcə Şuşada iki yüzə yaxın mədəniyyət abidəsi, o cümlədən Pənah xanın sarayı və saray kitabxanası, Xan sarayı və karvansara, Saatlı məscid, Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Vaqifin məqbərəsi, şairə Natəvanın evi (Aleksandr Düma (ata) Qafqaza səyahət zamanı Natəvanla şahmat oynayıb) dağıdılıb.

Yaxın vaxtlarda UNESCO-nun xüsusi komissiyası işğaldan azad edilmiş ərazilərə səfər etməlidir. Bu komissiyanın üzvləri aşağıdakı siyahıda sadalanan dağıdılmış obyektləri öz gözləri ilə görəcəklər:

1. 4.600.000 nüsxə kitabın saxlandığı 927 kitabxana;

2. 700 tarix və mədəniyyət abidəsi;

3. 808 Mədəniyyət sarayı, Mədəniyyət evi və klub;

4. 85 musiqi məktəbi və təsviri incəsənət məktəbi;

5. 100.000 eksponatın saxlandığı 22 muzey və muzey filialları;

6. 4 rəsm qalereyası, 4 teatr, 2 konsert salonu;

7. VII-XII əsrlərdə tikilmiş Xudafərin körpüləri;

8. Xaçın Türbətli kəndində məqbərə, Ağdam rayonu, XIV əsr;

9. İbtidai insan məskəni olmuş Azıx mağarası. Geri çəkilən işğalçılar bu mağaranı minalamışdır (!!!).

Hörmətli həmkarlar, razılaşın ki, İŞİD terrorçuları ilə azərbaycanlıları yox, qonşu ölkənin sakinlərini müqayisə etmək lazımdır!

Hörmətli Vladimir Teodoroviç və ondan heç də az hörmətli olmayan Teodor İohannoviç, Azərbaycan xalqının təhqir edilməsinə görə heç kəs Sizin üzrxahlıq etməyinizi tələb etmir, belə vəziyyətdə üzrxahlıq sözlərinin mənası yoxdur.

Lakin hörmətli həmkarlar, bəlkə indi Sizin ağlınıza nurlu bir fikir gəlsin: Azərbaycanın yerlə yeksan edilmiş şəhərlərindən birinə səfər edəsiniz və orada simfonik konsert verəsiniz? Bununla siz orada baş verən hadisələrə özünüzün vicdanlı və qərəzsiz münasibətinizi vurğulayardınız, musiqi sizin ədalətsiz ittihamlarınızı hamarlayar, sizin renomeniz tamamilə bərpa olunardı. Axı, maestro Valeri Gergiyev öz orkestri ilə birlikdə konsert vermək üçün yerlə yeksan olmuş Palmiraya gələrək vandallara, vəhşilərə və dağıdıcılara öz münasibətini məhz bu şəkildə nümayiş etdirmişdi. Əminəm ki, Azərbaycana və onun xalqına münasibətdə bu cür hərəkət etməyiniz Sizin nəcib vətəndaşlıq mövqeyinizi təsdiq etmiş olardı”.

C.Məmmədov

“AzPolitika.info”