“Bu, Kreml tərəfindən reallaşan planın bir hissəsidir”

177

“Tovuz istiqamətində baş verən toqquşma Ermənistan üçün növbəti aprel məğlubiyyəti olacaq”

Məhəmməd Əsədullazadə:  “Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində ordumuzun mövqelərinə artilleriya vasitəsilə hücuma keçməsi, əvvəlcədən planlaşdırılıb”

Ramil Məmmədli: “Rusiya heç bir halda münaqişənin Azərbaycanın tam üstünlüyü ilə sona çatmasına, yəni Ermənistanın məğlub olmasına şərait yaratmayacaq”

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma cəhd edib. Bu barədə Müdafiə Nazirliyinin yaydığı informasiyada deyilir ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Həmçinin, o da bilirilir ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Qeyd edək ki, iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Belə ki, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bəyan edib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

“Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb”

Bu arada, Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribata münasibət bildirən prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan Silahlı Qüvvələrinin operativ vəziyyətə nəzarət etdiyini vurğulayan Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb: “Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilmişdir. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. Eyni zamanda, bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır. Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”. Prezidentin köməkçisi onu da əlavə edib ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur: “Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

“Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda isə deyilir ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər, lakin düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Bununla yanaşı, o da bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir: “Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir. Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır. Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş verən döyüşlərlə bağlı yaydığı bəyanatda isə qeyd olunur ki, Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının göstəricisidir: “Erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətinə silahlı hücumlarını şiddətlə qınayırıq. Həyatını itirən Azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Ermənistanın təcavüzkar milliyyətçilik anlayışının yeni təzahürü olan bu hərəkətinə Azərbaycan tərəfindən layiqli cavab verilməsi təcavüzün cavabsız qalmadığının göstəricisidir. Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf ərazisindən başqa yerlərə çəkmək və bu münaqişənin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdlər nəticəsiz qalmaqdadır”. Bəyanatda həmçinin deyilir ki, Ermənistan bu cür təhlükəli taktikalardan əl çəkməli, qanun və məntiq yolunu seçməlidir: “Avantürizmi qəbul etməklə Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır. Ümid edirik ki, Ermənistanın daha bir təcavüzkar hərəkətini ört-basdır etmək cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.
Türkiyə bütün imkanları ilə Azərbaycanın ərazi bütövlüyünü qorumağa davam edəcək”.

“Baş verənlər Azərbaycanın geosiyasi mövqelərinin güclənməsinin qarşısını almağa, Qərb sərhədində Azərbaycanın boru kəmərlərinə təhdid yaratmağa hesablanıb”

AZAL İran üzərindən bütün aviareysləri ləğv etməlidir" - MƏHƏMMƏD ...

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində ordumuzun mövqelərinə artilleriya vasitəsilə hücuma keçməsi, əvvəlcədən planlaşdırılan və Kreml tərəfindən reallaşan planın bir hissəsidir: “Əsasən Qarabağ istiqamətində deyil, dövlət sərhədində bu cür təxribatlar etmək, Ermənistanın son illərdə əsas strateji xəttidir. Baş verənlər Azərbaycanın geosiyasi mövqelərinin güclənməsinin qarşısını almağa, Qərb sərhədində Azərbaycanın boru kəmərlərinə təhdid yaratmağa hesablanıb. Bir neçə gün əvvəl Ermənistanda daxili siyasi vəziyyətin gərginləşdiyi fonda Paşinyanın sərhədə təxribatlara getməsini istisna etməmişdim. Çünki Paşinyanın daxildə siyasi vəziyyəti gərgindir, o belə bir təxribatlarla vəziyyəti cəbhə xəttinə yönəldir. Qeyd edim ki, Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə Minsk Qrupu ilə bağlı qeydləri, müharibə mesajı verməsi Ermənistan tərəfində ciddi narahatlıqla qarşılandı. Buna görə də Ermənistan Qarabağ istiqamətində deyil, gərginliyi dövlət sərhədinə yönəldir. Beynəlxalq birliyin nə deməsindən asılı olmayaraq, Azərbaycan Ermənistana işğal olunmuş ərazilərdə güclü zərbələr endirməlidir”. Son günlər Rusiya ilə Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğunu vurğulayan politoloq hesab edir ki, müdafiə naziri Zakir Həsənov 2016-cı ilin aprel döyüşlərində Rusiya müdafiə nazirinin ona zəng etməsini təsadüfən xatırlatmayıb: “Əlbəttə ki, Azərbaycan da bu müharibəyə hazır idi. Amma Tovuz istiqamətində təxribata da hazır olmaq lazım idi. Ermənistan dövlət sərhədində bu təxribata getməklə, Qarabağ məsələsini arxa fona keçirməyi, həm də Rusiyanı proseslərə cəlb etməyi planlaşdırır. Azərbaycan üçün bu unikal şansdır. Ordumuz Araz çayı boyunca hücuma keçərək Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı azad edərək, Ermənistanla sərhədə çıxa, həmçinin Ağdamı işğaldan azad edə bilər. Artıq ox yaydan çıxıb. Naxçıvandan da Ermənistanın ordusuna zərbələr endirmək lazımdır. Regionda geosiyasi vəziyyət gərgindir. Qəti şəkildə atəşkəsə getmək lazım deyil. Bu əleyhimizə işləyəcək. Artıq danışıqlar da fiaskoya uğrayıb və bu müharibənin başlanması qaçılmazdır. Rusiya faktoruna qarşı Türkiyə bizə mütləq kömək edəcək. Ötən ay Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Qarabağ məsələsində Azərbaycanın hansı mövqedə duracağı təqdirdə, köməyə hazır olduqlarını vurğulamışdı. Bu imkan verər ki, Türkiyə öz hərbi bazasını ölkəmizdə yerləşdirsin. Odur ki, Rusiya faktorundan çəkinmək lazım deyil”.

“Milli Şura sədri Cəmil Həsənli Ermənistanın təxribatlar etdiyini görmək istəmir, hər məsələdə cılız arqumentlərlə danışır”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da bildirib ki, özlərini hakimiyyətə müxalifət sayan bəzi şəxslər bu təxribatı, guya Azərbaycan hakimiyyətinin sosial gərginliyi cəbhəyə yönəltməklə, diqqəti müharibə ilə manipulyasiya edir kimi, çox riyakarcasına danışırlar: “Azərbaycanın Ermənistanla sərhəddə təxribat etməsinə nə ehtiyac var? Həmin istiqamətdə hücum etməyimiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və digər ölkələrin tənqidinə tuş gəlməkdir. Mən heç kimi müdafiə etmirəm. Bu məsələ elədir ki, burada iqtidar-müxalifət anlayışı olmamalıdır. Amma bəzi aktiv siyasilər cəmiyyətdə fikir ayrılıqları yaradaraq Ermənistanın maraqlarına xidmət edirlər. Belə yanaşma diletant, Ermənistanın informasiya siyasətinə dəstək verməkdir. Bununla müxalifətçilik olmur. Ya onların savadları yoxdur, ya da axmaqcasına hərəkət edirlər. Azərbaycan hakimiyyəti bunların dedikləri kimi hərəkət edərdisə, işğal olunmuş ərazilərdə hücuma keçib bir neçə strateji nöqtəni ələ keçirib reytinqini yüksəldərdi. Yoxsa, Tovuz istiqamətində dövlət sərhədində müharibə etmək Azərbaycanın nəyinə lazımdır ki, burada şəhid versin. Şərt xaricdə oxumaq, bir neçə dil bilməkdə deyil. Vətənpərvər olmadın, deməli, sən bu ölkə üçün yararsızsan. Milli Şura sədri Cəmil Həsənli Ermənistanın təxribatlar etdiyini görmək istəmir, hər məsələdə cılız arqumentlərlə danışır. Ermənistanın açıq şəkildə hücum etdiyi halda, günahı Azərbaycanda görmək Vətənə xayanətdir. Müxalifət olmaq, heç də haqlı olmaq anlamına gəlmir. Bu mövqeli siyasilər Vətəni satmağa hazır olanlardır. Bütün bunlar bir daha göstərir ki, onların demokratiya anlayışı, Sem dayının qrant siyasətinin tərkib hissəsidir”.

“Ermənistanda yayılan qeyri-rəsmi məlumatlarda deyilir ki, onların itkiləri bizimkilərdən bir neçə dəfə çoxdur, bu da onu deməyə əsas verir ki, düşmən ordusunun döyüş qabiliyyəti təbliğ edildiyi kimi deyil”

TÜRK DÖVLƏTLƏRİNİN ORTAQ KƏŞFİYYAT QURUMU... - Hürriyyət

Mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli isə qeyd etdi ki, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq qanunlara, Qarabağ münaqişəsinin həllində sülh danışıqlarına məhəl qoymadan Azərbaycan ərazilərinə hücuma keçib və bu hərbi təxribatın əsas məqsədi Azərbaycan xalqını qorxutmaq, o cümlədən öz cəmiyyətlərində erməni ordusunun gücünü nümayiş etdirməkdir: “Yəni bu, ilk növbədə daxilə hesablanmış niyyətdir. Belə ki, Ermənistanda mövcud olan sosial-iqtisadi və daxili siyasi gərginliyin diqqətini başqa səmtə yönəltməkdir. Əsas məqsəd məhz budur. Odur ki, düşmən qoşunlarının təmas xəttində, yəni Qarabağ istiqamətində deyil, dövlət sərhədi istiqamətində hücuma keçməsi Ermənistanın gücünü nümayiş etdirmək cəhdidir. Lakin görünən odur ki, Ermənistanın bu niyyəti baş tutmadı. Düşmən ordusu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan mövqeləri ələ keçirə bilmədi”. Hazırda hərbi əməliyyatın davam etdiyini, müəyyən toqquşmaların olduğunu deyən hərbi-siyasi icmalçının sözlərinə görə, Ermənistanda yayılan qeyri-rəsmi məlumatlarda deyilir ki, onların itkiləri bizimkilərdən bir neçə dəfə çoxdur: “Bu da onu deməyə əsas verir ki, Ermənistan ordusunun döyüş qabiliyyəti təbliğ edildiyi kimi deyil. Hesab edirəm ki, Tovuz istiqamətində baş verən toqquşma Ermənistan üçün növbəti aprel məğlubiyyəti olacaq. Bu isə Ermənistan dövlətində növbəti hərbi-siyasi çaxnaşmaya səbəb olacaq”.

“Bu cür ziyanlı şəxslər sosial şəbəkələrdə öz missiyalarını yerinə yetirir, erməni trollarının əlində fiqura çevriliblər və Azərbaycan hərbçisinə olmazın hədyanları yağdırırlar”

Sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun həddən artıq itki verməsi ilə bağlı yayılan dezinformasiyaya gəlincə, Ramil Məmmədli bildirdi ki, sosial şəbəkələrə nəzarət etmək imkanı bir qədər məhduddur, müəyyən çətinliklər var: “Mən də bunun şahidi oldum. Təəssüf ki, Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev həqiqətə uyğun olmayan, əsassız fikirlər səsləndirərək, sosial şəbəkələrdə yayımlayıb. O cümlədən, digər bu kimi halların da şahidi olduq. Bu, onu deməyə əsas verir ki, xarici düşmənlərlə mübarizə aparmaq, döyüşmək çox asandır, lakin bu tip şəxslər düşməndən qat-qat təhlükəlidir. Bu gün minlərlə Azərbaycan əsgəri ön cəbhədə torpaqlarımızın müdafiəsiylə məşğuldur. Azərbaycan Ordusuna bir nömrəli döyüş hazırlığı verilib. Onlarla bərabər, həmin döyüş hazırlığı əhval-ruhiyyəsində milyonlarla vətəndaşımız döyüşə atılmaq istəyir. Amma bu cür ziyanlı şəxslər sosial şəbəkələrdə öz missiyalarını yerinə yetirir, erməni trollarının əlində fiqura çevriliblər və Azərbaycan hərbçisinə olmazın hədyanları yağdırırlar. Heç də təsadüfi deyil ki, son 10 gündür sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərə, Azərbaycanın dövlətçilik maraqlarını qoruyan hərbi ekspertlərə, ermənilərlə informasiya müharibəsində savaşan şəxslərə qarşı həqiqətə uyğun olmayan ittiham dolu fikirlər səsləndirilir. Azərbaycan dövləti bu məsələ ilə bağlı hər hansı bir tədbir görməsi üçün internet resurslarının fəaliyyətini dayandırmalıdır. Bu isə ölkəmizin beynəlxalq aləmdən təcrid olunması deməkdir. Hesab edirəm ki, bunun yeganə yolu Azərbaycan vətəndaşlarının ayıq-sayıq olmasıdır, bu cür ziyanverici tiplərə imkan daxilində sosial şəbəkələrdə cavab verməsidir”.

Hərbi-siyasi icmalçı bu qənaətdədir ki, əgər ikinci Qarabağ savaşı başlayarsa, Rusiyanın buna seyirci mövqe nümayiş etdirməsi heç cür inandırıcı deyil: “Səbəb odur ki, Rusiya birmənalı olaraq öz maraqlarının qorunduğu, müttəfiqi olduğu ölkəni heç bir halda müdafiəsiz qoymayacaq və münaqişənin Azərbaycanın tam üstünlüyü ilə sona çatmasına, yəni Ermənistanın məğlub olmasına şərait yaratmayacaq. Çox təəssüf ki, Azərbaycan bu cür faktlarla qarşı-qarşıyadır. Amma bütün hallarda bu proseslər ölkəmizin xeyrinə dəyişməlidir və yəqin ki, dəyişəcək. Çünki artıq başqa yol qalmayıb, savaşmaq, müharibə etmək, torpaqlarımızı işğaldan azad etməyin vaxtı çatıb!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org