“Bu koronavirus elədir ki, baxmır bu, həkimdi, futbolçudu, yaxud…”

114
Kapitan komandasını heç kimdən zəif saymır, millidən dəvət gözləmir

“Fikirləşirəm ki, lider üzərində qələbəmiz sensasiya deyil. Çünki çempionnat qabağı da demişdim ki, bizim komanda heç kimdən zəif deyil. Yəni, hər rəqibə qarşı oynaya bilərik. Düzdür, “Qarabağ”la “Neftçi”ni həmişə o biri komandalardan biz az fərqləndirmişəm. Ancaq istənilən halda, yaxşı komandamız var”. Bu fikirləri Sport24.az-a açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev bildirib.

Onun sözlərinə görə, Premyer Liqanın son turunda evdə lider “Sumqayıt” üzərində 2:1 hesablı qələbələri təsadüfi yox, məntiqəuyğun gedişatın nəticəsidi. Hətta “Sumqayıt”da Premyer Liqamızın bombardiri Əli Qurbaninin yoxluğu olsa belə: “Bu neçə turdu uda bilmirdik, ancaq uduzmurduq da. Allaha şükürlər olsun ki, bu dəfə qalib gələ bildik. Doğrudu, Əli Qurbani yaxşı hücumçudu, demək olar hər maçda qol vururdu. Xatırlayıram, ilk dövrədə biziçlə matçda qələbə topunu vurmuşdu. Həmin görüşdə zədə səbəbindən kənarda idim. Ancaq fikrimcə, “Sumqayıt”da xeyli futbolçu var ki, Əlini layiqincə əvəzləsin. Bəli, bizə qarşı sırf hücumçusuz oynayırdəlar, ola bilər ki, bunun təsiri olsun. İstənilən halda, bu, qələbəmizə kölgə salmamalıdı. Qurbani oldu-olmadı, layiqli qələbə qazandıq”.

Rahidin fikrincə, “Səbail”in turnir cədvəlində daha yuxarı qalxması realdı və millinin oyunlarıyla əlaqədar uzun fasilə onları tempdən salmayacaq: “Çalışırıq ki, hər matçda meydana qələbə üçün çıxaq. İnanıram ki, bu qələbənin davamını gətirə biləcəyik və yavaş-yavaş turnir cədvəlində yuxarı pilləyə qalxacağıq. İnanmıram ki, fasilə bizə problem yaratsın. Əksinə, bizdə vaxt olacaq ki, çatışmayan şeylər üzərində işləyək, növbəti oyunlara daha yaxşı hazırlaşaq”.

Məlumdu ki, millimizin baş məşqçisi Canni de Byazi yaxında “Səbail”in məşqinə gələrək, yığmada çıxış etmiş təcrübəli futbolçularla maraqlanıb. Ancaq italiyalı mütəxəssis “dənizçilər”dən heç kimə dəvət göndərməyib: “Onunla biz yox, baş məşqçimiz Aftandil Hacıyev görüşüb. Söhbətin detallarını bilmirəm. Ancaq de Byazi gəlib məşqimizdə baxandan sonra da millyə dəvət almağımı gözləmirdim. Çünki neçə vaxtdır çağırılmıram, ona görə bu dəfə də gözləmirdim. Düzdür, millidə gəncləşdirmə də aparmaq lazımdı. Ancaq düşünürəm ki, hal-hazırda kim yaxşı formadadırsa, kim milliyə kömək edə biləcəksə, o da dəvət almalıdı”.

Əmirquliyev bu sırada komandasının bombardiri olan təcrübəli hücumçu Rauf Əliyevi misal çəkib: “Fikrimcə, Rauf indiki vəziyyətdə milliyə kömək edə bilər. Son matçlarda qol vurur, hər görüşdə 90 dəqiqə çıxış edir, hazırda formadadı. Ancaq yenə də qərar baş məşqçinindi və buna hörmətlə yanaşmaq lazımdı. Milliyə çağırılmağımla, lazım olub-olmamağımla bağlı sual baş məşqçiyə ünvanlanmalıdı. Oturub onu düşünmürəm ki, miliyə düşüm. Əsas fikrim odur ki, “Səbail”ə kömək etmək üçün əlimdən gələni edim. Qalan şeylər artıq ikinci plandı və onlarlıqdı”.

Məlum olduğu kimi, 1 ildir bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. Artıq bu, Premyer Liqamızda da yol açıb ki, elə “Səbail”də 2 nəfərin – müdafiəçi Kamal Qurbanovla həkim Mahir Əmiraslanovun testlərinin nəticələri pozitiv çıxıb. Kapitan da bu planda narahatlığını ifadə edib: “Əlbəttə, virusun yayılması yaxşı hal deyil. Korona hər yeri bürüyüb. Özünüz də görürsünüz ki, Azərbaycanda hər gün artıq minlərlə adam buna yoluxur. Bizim komandada da 2 nəfərdə bunun çıxması üzücüdü. Ancaq həyatdı, bu, oldu-olmadı, oyuna hazırlaşmalıyıq, meydana çxımalıyıq da. Tək öz futbolçularımıza yox, camaatımıza görə narahatlıq keçirirk ki, bu bəla tez qurtarsın. Virus olsa belə, işimizə mane olmamalıdı, nə qədər narahat olsaq da, işimizi davam eləməliyik. Bu virus elədir ki, bilmək olmur, baxmır ki, bu, həkimdi, futbolçudu, yaxud başqa kimsə. Kim tituldu tituldu. İstənilən şəkildə, maksimum dərəcədə qorunmaq lazımdı”.