Bu insanlarda gecə yuxusu zamanı qəfləti ÖLÜM RİSKİ OLDUQCA YÜKSƏKDİR

129

Bir çox insanın həyatını kabusa çevirən xoruldama əslində sağlamlıq problemidir. Xoruldamanın qarşısını necə almaqla bağlı cavabı tapmazdan əvvəl xoruldamağa səbəb olan problemləri müəyyən etmək lazımdır.

Hurriyyet.org qafqazinfo.az-a istinadla bu məqamda otorinolarinqologiya tibb sahəsi üzrə Gülhane Hərbi Tibb Akademiyasında uzmanlık dərəcəsi qazanmış azərbaycanlı həkim Elnur Əkbərovun müsahibəsini təqdim edir:

– Xoruldamanın əsas səbəbləri nələrdir? Bir çox insanın bəsit bir problem kimi bildiyi xoruldama hansı ciddi xəstəliklərə səbəb ola bilər?

– Xoruldama üst tənəffüs yolları orqanlarının yumşaq toxumalarında vibrator hərəkət nəticəsində meydana gələn akustik təzahürdür. Xoruldama bir neçə xəstəliyin əlaməti ola bilər. Bu xəstəliklər həm tənəffüs yollarının, həm ürək-damar sisteminin, həm nevroloji, həm də pulmonoloji xəstəliklərin əlaməti kimi dəyərləndirilir. Xoruldama müddətində orqanizm hipoksiyadan əziyyət çəkir ki, bu da öz növbəsində orqanizmdə baş verən bütün mübadilə proseslərinə izsiz ötüşmür. Nəticə etibari ilə pasiyentlərdə arteriyal təzyiq problemləri, mübadilə pozulması nəticəsində meydana gələn şəkərli diabet, nevroz kimi problemlərə yol aça bilir.

– Bu problemin aradan qalxması üçün hansı müalicə üsulları effektivdir?

– Xoruldamaya səbəb olan xəstəliyə görə müalicə yöntəmləri müxtəlifdir. Lakin bu xəstəliklərin arasında burun və boğaz xəstəlikləri olduqca mühüm yer tutur. Qulaq, burun, boğaz xəstəliklərindən burun arakəsməsinin əyriliyi, burun boşluğunda yeni törəmələr, damaq badamcıqlarının böyük olması, yumşaq damağın dar və qısa olması kimi səbəbləri xüsusilə göstərmək lazımdır. Tənəffüs yollarının darlığına səbəb olmuş burun və boğaz xəstəliklərinin böyük əksəriyyəti cərrahi yolla aradan qaldırılır. Lakin nevroloji, pulmonoloji xəstəliklər var ki, bunlar dərmanla müalicə olunur. Nisbətən daha az rastlanan mərkəzi mənşəli yuxu apnesinin müalicəsi xüsusi aparatlar vasitəsi ilə həyata keçirilir. Xoruldamanın müasir səbəblərindən biri artıq çəkidir. Bunun müalicəsi ilə endokrinoloqlar və bəzi hallarda isə bariyatrik cərrahlar məşğul olur.

– Yuxu apnesini vurğuladınız. Xoruldama həm də Obstruktiv (tıxayıcı) Yuxu Apnesi Sindromunun əlaməti kimi bilinir. Yuxu apnesi nədir və nədən qaynaqlanır?

– Xoruldama yuxu apnesinin əsas əlamətlərindən biridir. Xəstəliyin diaqnostikası polisomnoqrafiya dediyimiz müayinə yöntəmi ilə həyata keçirilir. Əldə olunan nəticələrə görə müalicə taktikası dəyişə bilir. Kişilərdə daha çox rastlanan bu xəstəlik olduqca təhlükəlidir. Yuxu apnesi gecə yuxusu müddətində qəfləti ölüm səbəblərindən ən yayğınıdır.

– Xəstə bu sindromdan əziyyət çəkdiyini hansı hallarda bilə bilər?

– Xoruldaması olan pasiyenti adətən ailə üzvləri həkimə gətirir. Pasiyent özü isə xoruldamasının mövcudluğunu səhərlər  yuxudan oyananda boğazda, ağızda quruluq hissi kimi şikayətlə müəyyən edə bilər. Yuxu apnesindən əziyyət çəkən pasiyentdə müayinə zamanı dilçəyin uzandığı, qansızmaların olduğu geniş müşahidə olunan hallardandır.

– Yuxu apnesinin ölümlə nəticələnə bilən xəstəlik olduğunu qeyd etdiniz. Xəstə hansı hallarda ölüm riski ilə üz-üzədir?

– Artıq çəkili, ürək xəstəlikləri mövcud, tütün aludəçisi olan yuxu apneli pasiyentlərdə gecə yuxusu müddətində qəfləti ölüm riski olduqca yüksəkdir. Yuxu apneli pasiyentlərin həyat komfortu olduqca aşağıdır və bu səbəbdən müalicələri mütləqdir.

– Bəzən azyaşlıların da xoruldaması müşahidə edilir…

– Azyaşlılarda xoruldamanın ən çox rastlanan səbəbləri kimi burun-udlaq badamcığı və ya adenoidin böyüməsi, xroniki adenoidit, burun arakəsməsinin əyriliyi, rinitləri göstərmək olar.