“BU İL FÜZULİDƏ BEYNƏLXALQ AEROPORT TİKİLƏCƏK” – “Orada ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır”

279

“Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

“Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər – Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”, – Prezident əlavə edib.

“Azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır” – deyə, Prezidenti İlham Əliyev qeyd edib.

“Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada – işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonrakı bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar”, – dövlət başçısı vurğulayıb.