“Bu hakimiyyət heç vaxt uşaqpulu verməyəcək”

552

Qubad İbadoğlu: “Hər doğulan erməni uşağına 575 dollar müavinət veriləcək, neft-qaz və milyonlar səltənəti olan Azərbaycanda isə uşaqpulu ləğv edilib”

“Haqqlarımız uğrunda mübariz olmadığımıza görə, uşaqlarımız keyfiyyətsiz təhsil alır, icbari tibbi sığortaya malik deyillər, normal qidalanmır və sosial-iqtisadi tərəqqinin nailiyyətlərindən faydalanmırlar”

Azərbaycan ərazisi olan, lakin hazırda Rusiya “sülhməramlıları”nın nəzarət etdiyi Dağlıq Qarabağda gələn ildən uşaqpulu artırılır. Bu barədə “Sputnik Ermənistan”da yer alan informasiyada deyilir ki, 1 yanvar tarixindən etibarən, hər doğulan erməni uşağına 300 min dram (575 dollar və ya 977,5 manat) müavinət veriləcək. Əgər onların valideynlərindən biri əlildirsə, onda yeni doğulan uşağa 500 min dram (1000 dollar və ya 1700 manat) ödəniləcək. Xəbərdə o da bildirilir ki, indiyədək birinci uşaq üçün müavinət 100 min dram, ikincisi üçün isə 200 min dram idi: “2021-ci ildən etibarən Qarabağda birdəfəlik doğuş müavinətləri iki dəfə artacaq. İndi hər bir uşağın doğuşu üçün müavinət 300 min dram olaraq təyin edildi. İki yaşına qədər uşağa qulluq üçün aylıq müavinət də artacaq, 15 min dramdan 27 minə (50 dollardan biraz çox) çatacaq”.

Əhalisinin sayı Azərbaycandan çox olan ölkələrdə belə, uşaqpulu tətbiq olunur

Nəzərinizə çatdıraq ki, Cənubi Qafqazın hərbi, siyasi və iqtisadi baxımdan ən güclü ölkəsi olan Azərbaycanda isə uşaqpulu mövcud deyil. Düzdür, sözün həqiqi mənasında millət vəkili adına layiq olan, o cümlədən bunun üçün səy göstərən deputatlar vaxtaşırı sözügedən mövzuya toxunsalar da, hələlik bunun heç bir faydası olmayıb. Məsələn, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bugünlərdə, parlamentin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı uşaqlara sosial müavinət verilməsi ilə bağlı məsələni gündəmə gətirib. Belə ki, o, növbəti ilin büdcəsində uşaqpulu ilə bağlı müddəanın olmadığını bildirib: “Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm, bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür, belə olmasa bunu başa düşə bilməyəcəyik”. Məsələnin maraqlı tərəfi ondadır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iclasda iştirak etdiyini vurğulayan spiker Sahibə Qafarova “Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız” deməklə kifayətlənib. Bu isə o deməkdir ki, 2021-ci ildə də uşaqpulu verilməyəcək. Halbuki, uşaqpulu demoqrafik tarazlığı saxlamaq üçün müəyyən qədər stimul rolunu oynaya bilər. Məhz bu səbəbdən də əhalisinin sayı Azərbaycandan çox olan ölkələrdə belə, uşaqpulu tətbiq olunur. Bununla bağlı bir müddət əvvəl “Save the Children” şirkətinin təqdim etdiyi siyahıya əsasən, postsovet ölkələrindən Rusiya, Qazaxıstan və Özbəkistanda uşaqlara sosial müavinət verilir. Birləşmiş Ərəb Əmirliklərində isə valideynlərin kredit borcları varsa, onun 20 min dollaradək hissəsi yeni doğulmuş uşağa görə silinir. Bundan əlavə, valideynlərə 50 min dollar məbləğində müavinət ayrılır. Eləcə də körpənin adına bankda hesab açılır və 18 yaşına çatdığı zaman ona 100 min dollar pul verilir. Küveytdə uşaq gözləyən valideynlərə, hələ o dünyaya gəlməzdən əvvəl 240 min dollar kredit götürmək imkanı yaradılır. Həmin vəsaitin 20 min dollaradək olan hissəsi uşağın dünyaya gəlişi şərəfinə silinir. Onun üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğin üzərinə uşaq 18 yaşına çatanadək faiz əlavə olunur. 18 yaşında isə bu məbləğ ona verilir. Avropa ölkələri olan Almaniya, Fransa, Norveç, Böyük Britaniyada da uşaqlar üçün 16-17 yaşına qədər müxtəlif məbləğli müavinətlər verilir. Hələ bu, harasıdır. Hindistanda əhali sıxlığı problemi olsa da, bu uşaqların 14 yaşınadək 100 dollar məbləğində müavinətlə təmin olunmasını əngəlləmir.

“Bundan sonra ermənilər gedib Dağlıq Qarabağda məskunlaşıb, uşaq doğacaqlar ki, əhali artsın”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, Dağlıq Qarabağda uşaqpulunun artırılmasına münasibət bildirən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu hesab edir ki, məhz bu, ermənilərin sayının artımına ciddi təkan verəcək: “Dağlıq Qarabağda 2021-ci il yanvarın 1-dən hər doğulan uşağa 300 min dram (575 dollar və ya 977,5 manat) müavinət veriləcək. Neft-qaz və milyonlar səltənəti olan Azərbaycanda isə uşaqpulu 2006-cı ildən ləğv edilib. Bundan əlavə, ötən ilin noyabr ayının 1-dən Dağlıq Qarabağda yaşayanlar bütün növ kommunal xidmətlərdən azaddır. Azərbaycanda isə qazın 1 kubmetri 20 qəpikdir.

Bizim rəsmilər tez-tez bəyan edirlər ki, bizdə həyat səviyyəsi ermənilərdən yuxarı olacaq və beləliklə də əlacı olmayan ermənilər bizim kimi yaxşı yaşamaq üçün Azərbaycanın idarəçiliyini qəbul edəcəklər. Kimi aldadırsınız, cənablar! İllərdir ki, bu xalqa 50 manat uşaq pulunu belə, qıymırsınız. Siz heç vaxt bilməzsiniz ki, kasıblar nə yeyir, nə içir, necə dolanır. Bundan sonra ermənilər gedib Dağlıq Qarabağda məskunlaşıb, uşaq doğacaqlar ki, əhali artsın. Bizimkilər də dolanışıq ucbatından ölkədən didərgin düşüb, ailədən-uşaqdan uzaq Sibirin çöllərində 30-40 dərəcə şaxtada pul qazanıb, evə göndərəcəklər və hər gün də deyəcəklər ki, rusların xətrinə dəyməyin, yoxsa bizi burdan da qovarlar”.

“Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının verilməməsinin günahı valideynlərdədir”

“Heç kəsə sirr deyil ki, Qarabağda Azərbaycan ordusunun qələbə çalmasında başlıca rol oynayan faktorlardan biri də əsasən kasıb ailədən olan dünənin uşaqları, bugünün isə igid əsgərləri oldu” deyən ADR Hərəkatının sədri qeyd edib ki, buna baxmayaraq, gələn ilin dövlət büdcəsində yenə də uşaqpulunun ödənilməsi üçün vəsait nəzərdə tutulmayıb: “Yeganə olaraq, gələn ildən şəhidlərin uşaqları üçün müavinət xərclərində 19 faiz, müddətli hərbi xidmətdə olanların uşaqları üçün müavinət xərclərində 18 faiz artım proqnozlaşdırıldı. Məlumat üçün qeyd edim ki, şəhid ailələrində böyüyən 16 yaşınadək uşaqlara 21 manat, müddətli xidmətdə olan hərbi qulluqçuların ailəsində böyüyən 16 yaşınadək uşaqlara isə 15 manat aylıq ödəniş edilirdi. Nəzərdə tutulan artım bu məbləğləri dəyişməyəcək, şəhidlərin və müddətli hərbi qulluqda olanların sayının artımı ilə bağlı yaranmış xərcləri maliyyələşdirmək üçündür. Yeri gəlmişlən, gələn ilin büdcəsində dövlət qulluqçularının, təhsil və səhiyyə işçilərinin də maaşlarının artımı üçün heç 1 manat da vəsait nəzərdə tutulmayıb. Lakin növbəti ildə pensiyalar artırıla bilər. Yenidən uşaq pulu məsələsinə qaydıram. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının verilməməsinin günahı uşaqlarda deyil, onların valideynlərindədir. Bu gün biz valideynlər haqqlarımız uğrunda mübariz olmadığımıza görə uşaqlarımız hələ də yarımçıq və keyfiyyətsiz təhsil alır, onlar icbari tibbi sığortaya malik deyillər, normal qidalana və sosial-iqtisadi tərəqqinin nailiyyətlərindən faydalanmırlar”. Uşaqların böyük əksəriyyətinin yeni nəsil telefon və kompyuter avadanlılqarını əldə edə bilmədiklərini deyən Qubad İbadoğlunun sözlərinə görə, bunun səbəbi də valideynlərdədir: “Çünki biz uşaqlarımızın layiq olduqlarını hakimiyyətdən ala bilmirik. Haqq etdiyimizlə müqayisədə əldə etdiyimiz çox azdır. Bunun başlıca səbəbi odur ki, biz uşaqlar üçün lazım olanları hakimiyyətdən tələb etmirik. Uşaqpulu da həmin siyahıdadır. Bu hakimiyyət bizim uşaqlara biz onu almayana qədər heç vaxt uşaqpulu verməyəcək. Belə olanda da uşaqlar inkişafdan geri qalacaqlar. Odur ki, günahı hakimiyyətdə deyil, özümüz də görürəm. Təəssüf ki, layiq olmadıqlarımıza razılaşaraq, hazırkı susqunluğumuzla ölkənin gələcəyini də kor edirik”.

Valeh TÜRKSOY