“Bu gün milliyə gəlməyənlər sabah da başqa bəhanələr gətirəcəklər”

114

Aslan Kərimov: “Qarabağ” həm “Neftçi”dən, həm də “Mölde”dən bir baş üstündür

Futbol mütəxəssisi Aslan Kərimovun qol.az saytına müsahibəsini oxucularımıza təqdim edirik. 

– Millətlər Liqasında mövsüm başlayır. Komandamızın bu turnirdəki şanslarını necə dəyərləndirirsiniz?

– Millətlər Liqasındakı rəqiblər təbii ki, Avropa və dünya çempionatının seçmə mərhələsindəki  komandalar səviyyəsində olmur. Amma ötənilki kimi də asan rəqiblər deyil. Orada bizdən güclü yeganə komanda Kosova yığmasını hesab etmək olardı. Bu il isə ən zəif saydığımız  Lüskemburqun heyətinə baxsaq, görəcəyik ki, bir çox oyunçusu 2-ci Bundesliqada oynayır.

Ən azından  belə 4-5 nəfər oyunçuları var. Bu baxımdan belə qənaətə gəlmək olar ki, bizim üçün gözlədiyimiz qədər asan oyunlar olmayacaq. Amma çətin olsa belə, komandamızın bu qrupda yaxşı nəticə göstərmək şansları var. Çünki baş məşqçi dəyişikliyi də olub. Eyni zamanda futbolçu baxımından da dəyişikliklər var. Belə deyək, komandaya təzə qan gəlib. Canni de Byazinin baş məşqçiliyi altında yığma bəlkə də matçlara daha motivasiyalı çıxa bilər. Ən azından ilk turlarda belə olmağı gözlənilir.

– Bəs, sizcə, De Byazi əvvəlki baş məşqçilərdən fərqlənməyi bacaracaq? Yəni, yığmaya uğur qazandıra bilər?

– Məşqçiləri bir-biri ilə müqayisə etməzdim. Çünki hərənin özünün öz məşqçilik tipi var. Bunlardan hansının yaxşı, hansının pis olmasını da demək düzgün olmazdı. Milliyə gələn hər bir məqşçi öz iş yerində kifayət qədər uğur qazanmış mütəxəssis olub. De Byazi də Albaniya millisində yaxşı nailiyyətlər əldə edib. Albaniya yığması ilə tarix yazmış biridir. Bu baxımdan yanaşsaq, onun da böyük təcrübəsi var. Amma burada əsas məsələ oyunçuların hansı səviyyədə olmasıdır. Hesab edirəm ki, milli komandanın Canni de Byazinin baş məşqçiliyi altında çıxacağı hansısa oyuna indidən qiymət vermək düzgün olmaz. Bəlkə də, onun üstün tərəflərindən biri elə bu təxmin məsələsidir. Çünki milli komandanı hələ bir matça çıxarmayıb. Amma xarakter olaraq italyan olduğuna görə, ən azından  mübarizlik, müdafiədə oyun nizam-intizamının qorunması onun prioritetlərindən biri ola bilər. Bizim kimi milli komandalar üçün də bəzi hallarda oyun nizam-intizamı çox vacib olur.

– Amma De Byazinin yığma üçün futbolçu seçimləri  mübahisə doğurur. Söhbət Əmir Ağayevin dəvət olunmasından, Riçard Almeyda, Vüsal İsgəndərli, Ağabala Ramazanov kimi oyunçuların kənarda qalmasından gedir.

–  Belə deyək, ilk turlarda bir məşqçiyə çox şey demək düzgün olmazdı. Sözsüz ki, bu seçimlər yalnız De Byazinin fikri olmayıb. Yəni, bu qərarları tək verməyib. Çünki gəldiyindən indiyədək çox qısa zaman kəsiyi var. Onun ixtiyarında olan vaxt çox az olub. Həmin oyunçuların milliyə çağırılmaması böyük bir şey deyil. Təbii ki, Azərbaycanda olan futbol mütəxəssisinin gözündən bir futbolçu digərindən daha üstün sayıla bilər. Amma bu, yalnız ilk turlara aiddir. Birinci turlarda belə seçimlər etməsini normal qarşılamaq mümkündür. Çünki söhbət hansının daha zəif və ya güclü olmağından getmir. Yalnız və yalnız bir neçə turdan və daxili çempionatı da izləyəndən sonra verdiyi qərarlar müzakirə doğura bilər. Çünki onda artıq açıq-aşkar hansı futbolçunun oynayıb-oynamadığı məlum olur. Məncə, bu siyahı ümumi şəkildə  qərar verilmiş bir siyahıdır.

Yəni, həm köməkçi məşqçilərlə, həm federasiya nümayəndələri ilə birgə düşünülüb ki, əvvəlcə, bu oyunçuları çağıraq, baxaq. Kim özünü daha yaxşı tərəfdən göstərəcəksə, onları da dəvət edəcəklər. Amma belə hallar baş verə bilər.  Yeni baş məqşçi gəldiyi halda kimlərsə kənarda qalır, normal haldır. Amma yenə deyirəm, bu qısa zaman kəsiyindədir, bir oyunluq ola bilər. Artıq növbəti dəfə çağırılmaq üçün çempionat oyunlarında silsilə şəkildə özünü yaxşı tərəfdən göstərmək məcburiyyətindəsən. Mənə elə gəlir ki, bundan sonra da həmin futbolçular kənarda qalsa, onda De Byaziyə sual verməyə dəyər.

– Dmitri Nazarov koronavirus pandemiyasının yaratdığı riskləri əsas gətirərək Azərbaycana gəlməkdən, milli komandaya qatılmaqdan imtina edib. Eddi israfilov da yığmaya qoşulmayacaq. Buna necə yanaşırsınız?

– Nazarov da, Eddi də milli komandanın ümumi oyunun gücləndirən futbolçulardır. Onlar xaricdən gələn oyunçulardır. Orada nə baş verdiyini bilmirik. Pandemiya vaxtı üzləşdiyimiz vəziyyətlər təcrübədə olmayan situasiyalardır. İlk dəfədir ki, futbol aləmi belə bir durumla qarşılaşır. Onların nə dərəcədə doğru danışdığını bilmirəm. Əgər indi bir bəhanə gətirirlərsə, təbii ki, bu gün belə edən sabah da başqa bir şeyə görə bəhanə deyəcək. Əgər doğru deyirlərsə, virus onların həyatına, karyerasına problem yaradırsa, buraya gələndən sonra çətin vəziyyətlə üzləşəcəklərsə, onları başa düşmək olar.

– Mövzudan bir qədər kənara çıxaq.  Avrokuboklarda mübarizəni davam etdirən komandalarımızdan “Neftçi”  Avropa Liqasında “Qalatasaray”la, “Qarabağ” isə Çempionlar Liqasında  “Mölde” ilə üz-üzə gələcək. Klublarımızın avrokuboklardakı çıxışını və şanslarını necə dəyərləndirirsiniz?

–  İki təmsilçimizi müqayisə edəsi olsaq, subyektiv fikir kimi mənə görə, “Qarabağ” həm “Neftçi”dən, həm də “Mölde”dən bir baş üstündür. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə gəlib çatıblarsa, burada asan keçiləsi rəqib olmayacaq. Amma sırf “Qarabağ”dan danışası olsaq, “Mölde”nin oyununa bir az diqqət yetirdikdən sonra belə qərara gəlirəm ki, Norveç təmsilçisi Ağdam klubuna görə keçiləsi bir rəqibdir. Onların müdafiə xətti bir az ağırdır.

Düzdür, hündürboydular, amma ağır oyunçulardan ibarətdirlər. Nəzərə alsaq ki, “Qarabağ”ın yarımmüdafiə və hücum xətti həddindən artıq sürətlidir, bu da onu deməyə əsas verir ki, komandamız həqiqətən də bu mərhələnin favoritidir. Məncə, Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün ən yaxşı şanslarından birini əldə ediblər. O ki qaldı “Neftçi”nin şanslarına, rəqibi “Qalatasaray”dır və bu komandanı təqdim etməyə ehtiyac yoxdur. “Qalatasaray” hansı formada olursa, olsun, güclüdür. Əlbəttə ki, “Fənərbaxça” və “Beşiktaş”la müqayisədə zəif görünə bilər. Çünki komanda heç də yaxşı dövrünü keçirmir. Amma “Neftçi” ilə müqayisə edəsi olsaq, qeyd etməliyik ki, paytaxt klubu üçün çox çətin olacaq. Çünki qiymət fərqi də, oyunçuların ustalıq səviyyəsi də açıq-aşkar ortadadır. Buna baxmayaraq, hesab edirəm ki, Bakıdakı oyun “Qalatasaray”ın elə də böyük üstünlüyü ilə keçməyəcək. “Qalatasaray” matça favorit olaraq çıxacaq, amma ikinci nömrə ilə oynamaq “Neftçi” üçün çox əlverişli olar. “Neftçi” ilk turda dominant oyun nümayiş etdirirdi, rəqibini üstələyirdi. Belə oynadığın halda müdafiə xəttində boşluqlar, böyük zonalar yaranır. Bir az sürəti olan komanda bu zonalardan istifadə edə bilir. “Neftçi” üçün həmin boşluqları tam olaraq qapatmaq ağır idi.

Çünki  orada tək müdafiəçilər səhv etmirdi. Düzdür, hamı mərkəz müdafiəçilərinin səhv etdiyini düşünür. Amma mənə elə gəlir ki, hücumçular və yarımmüdafiəçilərin də top itkisindən sonra elə də aqressiv müdafiə oluna bilmirdilər. Müdafiənin arxasına uzun toplar gəlirdi. Dolayısı ilə, onu qeyd etmək olar ki, “Neftçi” “Qalatasaray”a qarşı ikinci nömrə ilə çıxış edərsə, şansları daha yaxşı olacaq. Çünki istər-istəməz qarşıda oynayan futbolçular daha çox boş zona və sürət tələb edən oyunçulardırlar.  Stiven Monrozu, Namik Ələskərovu qeyd etmək olar. Amma yenə də “Qalatasaray” matçın favoritidir.

– “Qarabağ”ın rəqibi “Mölde” görüşü neytral zonada keçirmək barədə xahiş məktubu göndərib və israrlıdır. UEFA Norveç təmsilçisinin belə bir xahişini qəbul edərsə, bunu  Ağdam klubuna qarşı haqsızlıq hesab etmək olar?

– Məncə, UEFA bu məsələyə müsbət yanaşmır. Qurumun tövsiyələri var, bizə də maarifləndirmə üçün gəlmişdi. Bu tövsiylərdə qeyd olunub ki, düşdüyümüz situasiyaya uyğun olaraq komandalar bir-birinə hörmətlə yanaşsınlar, güzəştə getməyə və problemlərini həll etməyə çalışsınlar. UEFA da belə qeyd edib ki, əgər tərəflər bir-biri ilə razılaşmasa, onda ilk atılan püşk öz qüvvəsində qalır. Yəni, oyun harada keçirilməli idisə, orda da baş tutur. “Mölde” hazırkı durumda  müraciət edir ki, neytral zonada keçirilsin. Amma “Qarabağ” da bununla razılaşmır. Mənə elə gəlir ki, evdə oynamaq  “Qarabağ” üçün böyük bir üstünlük olacaq və bunu əldən vermək olmaz.

İstəsək də, istəməsək də burada başqa amillər var. Komandanın yol getməsi, yorğun olması məsələləri var. Belə matçlarda xırda detallar da əhəmiyyət kəsb edir. Komanda səfərə gedəndən sonra da, qayıdanda da test verməlidir. Bu cür şeylər komandaya mənfi təsir edir. Baxırıq ki, xırda detallardır. Amma bəzən oynun nəticəsi bu xırda detallarla həll olunur.