“Bu gün dondurulan münaqişə sabah övladlarımızın başında çartlayacaq” – NATİQ CƏFƏRLİ

84

“Hazırda cəbhədə qəhramanlıqla vuruşanların, şəhid olanların əksəriyyəti 2000-ci il doğumlulardır, onlar 1994-cü ildə bağlanmış “yarımçıq sülhün” qurbanlarıdır”

“Dünyada ağlı başında olan heç bir şüurlu varlıq müharibə xətrinə, ölüm-itim xətrinə müharibə istəməz. Müharibənin həm insani, həm də iqtisadi qiyməti çox ağırdır. İnsanların həlak olması, gənc ömürlərin yarımçıq qalması, dağılan evlər, məhv olan talelər. Bütün bunlar çox ağır qiymətdir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, iqtisadi olaraq da müharibə bahalıdır: “Bu gün müharibəyə xərclədiyimiz vəsait olmasaydı, biz iqtisadi olaraq daha çox inkişaf edərdik, daha böyük sosial məsələləri həll edə bilərdik, hətta müharibə demokratik dəyişiklikləri də bloklayan, ləngidən bir məsələdir. Biz – Azərbaycan dövləti və xalqı olaraq təbii ki, sülh istəyirik, sülhün isə öz qiyməti var. İşğal altında olan torpaqlarımız düşmən tapdağından qurtulur, işğala son qoyulur və həmən sülh yaranır. Yəni, bizim hədəfimiz torpaqların işğaldan azad edilməsidir, Bu əgər danışıqlar, sülh yolu ilə olacaqsa nə əla, çox gözəl və çox pakizə, məqsədimiz silahların danışması, bombaların partlaması deyil. Hədəf odur ki, torpaqlar azad edilsin, erməni əsilli azərbaycanlılar (azərbaycanlı etnik mənsubiyyət deyil – vətəndaşlıq tanımıdıq, Azərbaycan dövlətinin vətəndaşı olan hər kəs azərbaycanlıdır) ölkəmizdə hüzur işində, rifah içində yaşamalıdırlar. Amma bunun tək şərti işğalın bitməsi, Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların bizim vətəndaşlığı qəbul edib, pasportumuzu daşımasıdır. Onlar sülhdən sonra mütləq demokratikləşməyə məcbur olan Azərbaycanda yerli özünüidarə institutlarında iştirak edərək öz yaşadıqları ərazıdə bələdiyyə, mer seçə, deputat ola, Azərbaycanın qanunları çərçivəsində özlərini idarə edə bilərlər. Necə ki, bunu Bakıda, Gəncədə, Lənkəranda, Şəkidə və s. Azərbaycan şəhərlərində bütün vətəndaşlar eyni qaydada edəcəklər”.

Bu gün məmləkətdə sülhə çağıranların olduğunu vurğulayan Natiq Cəfərli onları anladığını qeyd edib: “Amma düşünürəm ki, onlar vəziyyəti anlamırlar, onların çağırışı sülh deyil, yarımçıq sülhdür, münaqişənin dondurulmasıdır, gələcək nəsillərə ötürülməsidir. Bu gün cəbhədə qəhramanlıqla vuruşanların, şəhid olanların əksəriyyəti 2000-ci il doğumlulardır, onlar 1994-cü ildə bağlanmış “yarımçıq sülhün” qurbanlarıdır. Bu gün yarımçıq sülhün bədəli sabah 2010-cu illərdə doğulanlar olacaq! Mən 3 oğul, 3 potensial əsgər atasıyam, sonbeşiyimin 8 yaşı var. Bu gün yarımçıq sülh olub münaqişə yenə dondurulsa, 10 ildən sonra bunun bədələni kiçik oğlum ödəyəcək. Bu gün yarımçıq sülhə çağıranlar bunu anlamalı, bunu dərk etməlidirlər. Bu gün dondurulan münaqişə sabah bizim övladların başında çartlayacaq. Belə sülh olmur, belə sülhə çağırış qəbul edilən deyil. Yarımçıq sülhün bədəli daha ağır olur, bu daha dəhşətli müharibə deməkdir. Yəni, bu gün sülh deyənlər əslində sabah daha böyük müharibə istəyirlər. Bunu anlamalıdırlar”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org