“Bu gün biz əsl vətən müharibəsi aparırıq”

210

Habil Şirinov: “Əminliklə deyirəm ki, ermənilər heç vaxt güclü olmayıblar, onlar blef yaradırdılar…”

Yəqin ki, biz 100 il əvvəl etdiyimiz səhvləri də düzəldəcəyik”

72 saatlıq atəşkəsdən sonra Azərbaycanı məğlubiyyət masasına oturtmağa çalışan Rusiya dayanmadan “ərköyün balası” Ermənistanı silah-sursatla təmin edir. Başından bəri aydın idi ki, bu atəşkəs aktı nəyə hesablanmışdı. Bizi Moskvaya sürükləyən Putinin Suriya və Liviyada dinc sakinlərin başına bombanı yağış kimi yağdırdığını hansımız görmədik ki? Elə hərbi ekspert Habil Şirinovla söhbətimiz də bu barədə oldu.

– Habil bəy, mediada Fransanın Şarl de Qoll limanından İranın hava məkanından keçməklə, İslandiya, Belçikanın Lyej şəhərindən birbaşa İrəvanın Zvartnots hava limanına, eləcə də Rusiyadan Ermənistana külli miqdarda silah-sursat daşınması barədə məlumatlar var. Ermənistanın bu həddə silahlanmasının qarşısında Azərbaycan hansı tədbirləri görməlidir?

– Əvvəla Avropa və dünya tərəfindən Azərbaycana edilən təzyiqlər sonda öz həqiqi cavabını alacaq. Bu ermənilərə heç bir kömək etməyəcək. Azərbaycanın rayonlarına, Gəncə, Mingəçevir olmaqla böyük şəhərlərinə uzaqmənzilli raketlərin atılması ona hesablanıb ki, ölkə daxilində xalqımızda təşviş yaratsınlar. Onlar belə hesabladılar ki, bu raketləri atandan sonra Bakıya qaçqın axını əmələ gələcək. İstər-istəməz aydındır ki, içimizdə erməni agentləri də, Avropanın da, Rusiyanın da agentləri var. Bu agentura şəbəkəsi öz qüvvələrini işə salıb xalq arasında ajiotaj yaratmağa çalışırlar. Yəni xalqı mövcud hakimiyyətə qarşı ayağa qaldırmaq fikrindədirlər. Amma mən sizə deyim ki, bu gün xalqımız tam ayıqdır və ayaqdadır. İnsanlar 26 ildir ki, bu müharibəni gözləyirlər. Bu gün mənim 2 bacımoğlu, bacım uşaqları, 22 yaşında oğlum döyüşdədir. Biz ancaq qələbə əzmini fikirləşirik. Xalq öz Ali Baş Komandanının arxasındadır. Çünki bu gün hamımız əsgərik. Əgər biz nizami şəkildə Ali Baş Komandanın əmrini yerinə yetirəcəyiksə, bütün Avropa, Amerika xalqımıza qarşı gecə-gündüz təbliğat-təşviqat işi aparsa da heç nəyə nail ola bilməyəcəklər. Belə bir misal var: “Cəhənnəm gedən özünə yoldaş axtarar”. Bu gün erməninin özünü ərköyün uşaq kimi müdafiə edən dünya dövlətlərində – Qərbdə, Rusiyanın özündə xalq əziyyət çəkir. Avropa, hansı ki, demokratiyanın yolunu itirib, ermənin nazı ilə oynamaqda davam etsə, 3-cü dünya müharibəsi başlayacaq və əgər başlayırsa qoy başlasın. Azərbaycan xalqı ayaq üstədir. Əgər atəşkəsə getsək… Dövlət başçısı dedi ki, atəşkəs istədilər getdik atəşkəsə. Amma bunlar nə etdilər? Əksinə onlar ölkənin ikinci böyük şəhərini – Gəncəni vurdular.

-Belə çıxır ki, atəşkəs ermənilərə qüvvə toplamaq üçün lazım idi…

-Ermənilər silah toplasa belə, silahı işlətmək üçün qüvvə lazımdır. Ermənistan heç vaxt güclü olmayıb. Mən bütün Qarabağ müharibəsini keçmiş bir zabit kimi deyirəm. 1989-cu ildə mən Qarabağda həkim kimi fəaliyyət göstərməklə yanaşı, müdafiə dəstələrinin üzvü olmuşam. Əminliklə deyirəm ki, ermənilər heç vaxt güclü olmayıblar, onlar blef yaradırdılar. Biz müharibəni yox, döyüşü uduzmuşuq. Yadınızdadırsa, 90-cı illərdə müxtəlif siyasi partiyalar yarandı, televiziya istədiyi kimi ordunun əleyhinə danışırdı. Amma bu gün biz əsl vətən müharibəsi aparırıq. Mən o müharibənin iştirakçısı olmuşam. Mirşahin deyirdi ki, 90-cı illərdə döyüşən əsgər məğlub əsgər olub. Biz məğlub əsgər olmamışıq. “Məğlub əsgər olmur, məğlub siyasət olar”. Bu gün isə biz hamımız tutduğumuz mövqedən, Ali Baş Komandanı sevib-sevməməyimizdən asılı olmayaraq, onun arxasındayıq. Fikir verirsinizmi, bütün qüvvələr Ali Baş Komandanı dəstəkləyir. Ermənilər isə öz rəhbərlərini pisləyirlər. Bu sübut edir ki, Qarabağ bizim torpağımızdır. Biz Qarabağı işğal etmirik, biz onu işğaldan azad edirik. Qələbə bizimlədir. Ordumuz çox gözəl nailiyyətlər əldə ediblər. Erməninin Qarabağda elə bir gücü qalmayıb. 5-6 ASALA, kürd-erməni, “Vaqner” terrorçusu qalıb. Bura onların vətəni deyil, onlar pula görə gəliblər. Bizim zəif əsgərimizin ruhu belə, onların güclü əsgərindən qat-qat güclüdür. Müharibədə ilk öncə döyüş ruhu lazımdır. Rusiya da uzağı 1000-2000 nəfər göndərə bilər. O da ki, elə bil torağaydılar. Bizim əsgərlər onları torağay kimi dənləyəcəklər.

-Ölkəmizin Müdafiə Nazirliyi belə bir bəyanat verib ki, Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir. Sizcə, bu humanitar atəşkəs daimi atəşkəs rejiminə keçəcəkmi?

-Əvvəla bir döyüşçü, hər gün hadisələri izləyən biri olaraq deyim ki, Müdafiə Nazirliyinin bəyanatı o deməkdir ki, dəyirman öz işindədir, çax-çax baş ağrıdır. Bu gün bizim oğlanlarımız ön xəttə döyüşür. Hərbi sirri açmaq düzgün deyil. Amma mən sizi əmin edirəm ki, türkü heç kim susdurmayıb. Türk deyəndə, mən torpağımızda yaşayan xalqları nəzərdə tuturam. Bizimlə döyüşən millətlər hamısı bizim qardaşımızdır. Amma ümumi şəkildə deyirəm ki, türkü diz üstə qoymaq mümkün deyil. Görün, ətrafımızda nə qədər türk var. Deməli, babalarımız torpaq sevən olub. Biz Qarabağı nə verməmişik, nə uduzmamışıq. Biz döyüşü uduzmuşuq. O vaxt Levon Ter-Petrosyan deyirdi ki, “çox da qürrələnməyin, biz müharibəni udmamışıq, döyüşü udmuşuq”. O düz demişdi ki, türklər yenidən öz torpağına sahib olacaqlar. Yəqin ki, biz 100 il əvvəl etdiyimiz səhvləri də düzəldəcəyik. Çünki ermənilər bizə qarşı düzgün davranmadılar. Buradan erməni analarına və Qarabağda yaşayan ermənilərə də müraciət edirəm: kim özünü Azərbaycan vətəndaşı biləcək, ölkəmizi sevəcəksə, onlarla işimiz yoxdur. İrəvandakı erməni analarını oğullarını bu savaşa göndərməsinlər. Çünki onlar öləndə gorbagor olacaqlar. Onların hansı amal uğrunda vuruşmağı məlum deyil. Amma bizim döyüşçülər şəhid olur və onların adları əbədi alacaq. Ona görə nikbin olaq. İnşallah, qələbə bizimlədir. Bunu sizə bütün döyüşləri keçən bir vətən oğlu, bir türk oğlu deyir.

Ülviyyə ŞÜKÜROVA