“Bu gedişat davam edərsə, yaxın günlərdə Arutunyanı Vaşinqona və Parisə də dəvət edəcəklər” – ELXAN ŞAHİNOĞLU

258

“Dağlıq Qarabağ separatçılarının lideri keçmiş illərdə beynəlxalq hüquqa zidd olaraq hansısa ölkəyə gedib kimlərləsə görüşəndə Azərbaycan XİN həmin ölkənin səfirini çağırar və ona etiraz notası təqdim edərdi”

“Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyanın Moskvaya səfəri “gizli” kimi qələmə verilir. Bu necə gizli səfərdir ki, Moskva hava limanında onun şəkli çəkilib və yayılıb, digər tərəfdən səfərdə onu müşayiət edənlərin kimliyi bəllidir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun bildirdiyinə görə, əksinə, Araik Arutunyan bu səfərdən özü məmnun qalıb ki, Rusiyadakı müxtəlif strukturlar onu qəbul edib və fikirlərini dinləyiblər: “Araik Arutunyanın Ermənistanın baş naziri Nikol Paşinyandan şikayət etmək üçün Moskvaya getdiyi xəbəri də ağlabat deyil. Bunu erməni saytlarından biri yayıb. Ancaq bu dezinformasiya da ola bilər. Çünki Araik Arutunyan Moskvadan İrəvana qayıdıb və Nikol Paşinyanın rəhbəri olduğu “Mənim addımım” partiyasının nümayəndələri ilə görüşüb. Araik Arutunyanın kimdən şikayət edib etmədiyi məni az maraqlandırır. Məni əsas düşündürən məsələ Araik Arutunyanın hansı məqsədlə Moskvaya getməsi, kimlərlə görüşməsi və onlarla hansı məsələləri müzakirə etməsidir. Dağlıq Qarabağ separatçılarının lideri keçmiş illərdə beynəlxalq hüquqa zidd olaraq hansısa ölkəyə gedib kimlərləsə görüşəndə Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkənin səfirini çağırar və ona etiraz notası təqdim edərdi. İndi isə separatçıların liderinin Moskvaya səfərinə etiraz edilmir. Bu gedişat davam edərsə, yaxın günlərdə Araik Arutunyanı Vaşinqona və Parisə də dəvət edəcəklər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org