Bu dərəcədə murdarlığın, əxlaqsızlığın adı yoxdur – ELDAR SABİROĞLU YAZIR

108

Mənim bu hakimiyyətə, onun rəhbərinə olan münasibətimi hər kəs bilir. Açıq desəm, müsbət deyil və olmayacaq da. Çünki prezident son illər ədalətsizcəsinə mənə unudulması mümkün olmayan pislikləri etdi. Qana susamış bəzi dövlət məmurları da vəziyyətdən istifadə edərək, ailəmə zülm yaşatdılar.

Ancaq yenə də Heydər Əliyevə bağlılığımı, hətta İlham Əliyevin özü ilə köhnə münasibətlərimi tapdayıb üstündən keçmək düşüncəsi ilə yaşamıram. Buna görə ağır ictimai qınağa tuş gəlsəm də, mövqeyimdən daşınmaq fikrində deyiləm. Evimin içindəki yola gəlməyən müxalifətə də təslim olmaq istəmirəm. Artıq bu yaşdan sonra üzərimə yeriməyin və məni tərksilah etməyin bir mənası yoxdur. Belə adamlara yeganə bir sözüm var:  mübarizədə söyüş, təhqir yox, idrak qalib gəlir. Mən bu sözü təsadüfi işlətmədim.

Cəmiyyətdə baş verən xoşagəlməz, iyrənc münasibətlər bütün adət-ənənələrimizi, milli əxlaqi-mənəvi dəyərlərimizi üstələyərək siyasi qovğaların fövqünə qalxmışdır. Artıq ailələrin təhqir olunması adi hala çevrilib. Görəsən, bu söyüşcül, tərbiyəsiz siyasətbazların dilə gətirdiyi ifadələri evdə arvad-uşaqları oxuyub onlara bir söz deyirlər, ya yox!? Mən bu haqda çox düşünürəm və qənaətim belədir ki, onlar oz ailələrini də artıq bu şəraitə uyğunlaşdırıblar. Təəssüflər! Min təəssüflər!

Söyüş acizlik əlamətidir. Həm də qorxaqların işidir. Dünyanın siyasi mübarizələr tarixində söyüşlə hakimiyyəti əldə etmək faktı hələ qeydə alınmayıb. Mən heç bir ailənin təhqir hədəfinə çevrilməsini  istəmirəm. Bu üfunət verən dalğanın hansı səmtdən gəlməsindən asılı olmayaraq bu hərəkəti lənətləyirəm.

Bu mənada Prezident İlham Əliyevə qarşı mübarizədə təfəkkürün, siyasi maarifləndirmənin gücünə arxalanmaq əvəzinə, onun ailə üzvlərini, həyat yoldaşını, övladlarını tərbiyəsizcəsinə təhqir etməyi ən əxlaqsız hərəkətlər adlandırardım. Ayıbdır. Bu cür acıq çıxmazlar. Bu gün sosial şəbəkədə dövlət başçısının ailəsi barədə oxuduğum bir söyüşün təsirindən ayrıla bilmirəm. Daha bu dərəcədə murdarlığın, əxlaqsızlığın adı yoxdur.

Prezident dövlətin simvoludur. Əgər onun idarəetməsi qaneedici deyilsə, xalqı buna inandıraraq sivil siyasi mübarizə yolu ilə hakimiyyətini devirmək daha məqbul vasitədir. Bunu bacarmaq lazımdır, nəinki o cür tərbiyəsiz söyüşlərlə və ya prezidentin xanımını, qızlarını saxta montajlarla  görüntüyə gətirib özünə haqq qazandırmağı məqbul sayan “namus, qeyrət” sahiblərinin uzaq məsafədən püskürdükləri təhqirlərə getmək!!!

Eldar SABİROĞLU