“Bu dediklərim Çingiz Abdullayev və onun kimi düşünənlərə cavabdır”

129

Firudin Cəlilov: “Bizə deyirlər ki, hər şeyi unudun, on min ildən bəri gələn əxlaqınızdan, tərbiyənizdən, mənəviyyatınızdan uzaqlaşın, rusbaşlı olun”

“Rus bölməsində təhsil alanların intellektinin yüksək, Azərbaycan bölməsində təhsil alanların isə gerizəkalı olması haqda arqumentləri gətirənlərin çoxunun ziyalılar olması məsələnin ən acınacaqlı tərəfidir”

Hazırda gündəmdə müzakirə olunan mövzulardan biri də Azərbaycanda dövlət məktəblərindəki rus bölməsinin ixtisar edilməsi və yazıçı Çingiz Abdullayevin bununla bağlı özünün “facebook” səhifəsində paylaşdığı məlum statusdur. Belə ki, rusdilli məktəblərin bağlanması üçün çağırış edən yerli millətçiləri tənqid edən yazıçının fikrincə, bu, bilərəkdən insanları bir-birinə qarşı qoymaq üçün edilir. Məhz bu səbəbdən də bugünkü sayımızda, təhsil sistemində mütərəqqi islahatlara imza atmış tanınmış türkoloq alim, filologioya elmləri doktoru, sabiq təhsil naziri Firudin Cəlilovla qeyd olunan mövzu ilə bağlı söhbətləşdik.

– Firudin bəy, son günlərdə rusdilli məktəblərin ixtisarı, yaxud ləğv edilməsi barədə söhbətlər gedir. Sizcə, dövlət məktəblərinin balansında rus bölməsinin saxlanılması lazımdırmı?

– Bilirsiniz, rusdilli məktəblər yalnız bir sinifdən ibarət deyil ki, onu bağlayasan. Bu məktəblərdə birinci sinifdən on birinci sinfə qədər oxuyan uşaqlar var. Onları bağlamaq praktiki baxımdan mümkün deyil. Kütləvi şəkildə bağlamağa ehtiyac da yoxdur. Narazılıq yaranar. Çünki övladlarını rus dilində oxutmaq istəyən rusbaşlar çoxdur. Sadəcə, rus bölməsində təhsil alanların intellektinin yüksək olması, Azərbaycan bölməsində təhsil alanların gerizəkalı olması haqda arqumentləri gətirənlərin çoxunun da ziyalılar olması məsələnin ən acınacaqlı tərəfidir. İçlərində hətta siyasi xadimlər də var. Adam dəhşətə gəlir ki, bunlarda milli hiss yoxdur? Bunlar bir şeyi başa düşmürlər ki, dövlət milli olmayanda bu günə düşür. Erməniləri min beş yüz ildir ayaqda saxlayan nədir? Milli ideologiyadır, kilsələridir, milli mədəniyyətləridir. Amma bizə deyirlər ki, siz hər şeyi unudun. On min ildən bəri gələn əxlaqınızdan, tərbiyənizdən, mənəviyyatınızdan uzaqlaşın, rusbaşlı olun. Rəhmətlik Mirzə Ələkbər Sabir hələ yüz il bundan əvvəl “rusbaşlı” qafiyəsi ilə şer də yazmışdı bunlara. Yəni bu, indinin problemi deyil. Yüz ildir davam edir. Bir şey deyim sizə. 1990-cı ilin sonunda mənə Təhsil Nazirliyində məruzə etdilər ki, təkcə Bakı şəhərində on rus məktəbi bağlanıb. Halbuki, mən belə bir göstəriş verməmişdim ki, rus məktəbləri bağlansın. Sadəcə, insanlarda milli dövlətə inam, milli ovqat yaranmışdı. Uşaqlarını rusca oxudan valideynlərin çoxu gedib uşaqlarını rus bölmələrindən götürüb Azərbaycan bölməsinə keçirmişdilər. Yəni bunu insanlar özü edirdi, çünki artıq milli mədəniyyət gündəmdə idi. Milli ovqat var idi, milli dövlət qururduq.

– Bildiyimiz kimi, bu yaxınlarda Ukraynada rusdilli məktəblər birdəfəlik bağlandı. Bu rusdilli məktəb amilinin özünü rus təbəəsi hiss edən təbəqə formalaşdırmaqda rolu olduğunu qəbul etsək, bu istiqamət dövlət üçün təhlükəli deyilmi?

– Rus məktəblərinin kütləvi bağlanması düzgün deyil.

– Bəs, bu məsələni özəl məktəblər formasında həll etmək olarmı?

– Bakıda xeyli rus, ukraynalı var. Onların uşaqlarının oxuması üçün rus məktəbləri qalmalıdır. Söhbət ondan gedir ki, azərbaycanlı ailənin övladı gedib rusca oxumasın.

– Ən azı elə tədbirlər görmək olarmı ki, azərbaycanlı öz övladını rus məktəbinə qoymasın, rusların övladları həmin məktəblərə getsinlər. Dövlət bu sahədə nələr etməlidir?

– Söhbət elə ondan gedir. Bunu hökumət göstərişi ilə etmək olmaz. Dövlətdə bu siyasətlə məşğul olan adamlar milli olmalıdır. Bir vaxt Sorosçuların və FETÖ-çülərin bu sistemdə vəzifə tutanları istəyərlər ki, Azərbaycanda milli ovqat yaranmasın. Bir məsələni də deyim ki, xalqda çox yanlış bir təsəvvür də var ki, guya bizdə rus məktəbləri, rusca institutlar çox olsa, Rusiya bizə yaxın dost olacaq. Əhali arasında belə bir axmaq alqı, təlqin var. Mən də soruşuram Ermənistanda bir dənə də rus məktəbi yoxdur, niyə rus onun arxasında dayanır? Elə bu sualı düşünsələr cavabını özləri tapacaqlar.

– Sizcə bu düşüncə nədən irəli gəlir? İnsanlarımızda hələ müstəmləkə şüuru olduğundan?

– Dediklərimin ana xətti budur ki, milli olanda – xalqın öz milli dövlətinə inamı olanda ona demək lazım deyil ki, apar övladını rusca, ya türkcə oxut. Xalq özü o məsələni həll edir. Yəni bir cəmiyyətdə milli ovqat imkan vermir ki, adam öz övladını başqa bir dildə olan məktəbə qoysun.

– Firudn bəy, bəs yazıçı Çingiz Abdullayevin “facebook”da yazdığı status barədə nə düşünürsünüz?

– Elə bu dediklərim ona və onun kimi düşünənlərə cavabdır. Sonda bildirirəm ki, mən rus dilinin öyrənilməsinin tərəfdarıyam, amma rus dilində məktəbləri çoxaltmaq olmaz.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA