“Bu, 2016-cı ilin Aprel döyüşləri deyil…”

84

Ramil Məmmədli: “Keçirilən əməliyyatlar Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasına hesablanıb”

“Artıq Azərbaycan höküməti ölkənin tam şəkildə müharibəyə köklənməyini bildirib. Bu baxımdan, hərbi vəziyyət elan olunub. Daha sonra isə, qismən səfərbərlik elan olundu. Bununla da Azərbaycan xalqı bilməlidir ki, bu, 2016-cı ilin Aprel döyüşləri və digər hərbi əməliyyatlar deyil. Bu, irimiqyaslı əks hücum əməliyyatıdır”.

Bunu “Hürriyyət”ə açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib. O, keçirilən hərbi əməliyatların da Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasına hesablandığını bildirib:

“Əks hücum əməliyyatının başlanmasını özündə ehtiva edən əsas məqam Azərbaycanın siyasi rəhbərliyinin iradəsidir. Yəni bu gün Azərbaycanın siyasi rəhbərliyi bu iradəni nümayiş etdirməsəydi, bugünki uğurlu hərbi əməliyyatların başlamasını gözləmək olmazdı. Sual oluna bilər ki, niyə məhz indi?… Bunun vacib məqamlarından biri siyasi, digər vacib məqam isə hərbi-texniki məsələdir. Hazırki məqamı təhlil etdikdə çox vacib məqamlara da toxunmalıyıq. Hazırda Silahlı Qüvvələrin həyata keçirdiyi əməliyyat zolağı Qarabağda dislolkasiya olunan terrorçu hərbi birləşmələrini mühasirəyə almaq, onları həm Qarabağın cənub istiqamətindən, həm də şimal və şərq istiqamətindən zərərsizləşdirməkdir. Proseslər bu istiqamətdə gedir. Arazqırağı və Qarabağın cənub istiqaməti ərazilərində həyata keçirilən hərbi əməliyyatların məqsədi də budur.

Həmçinin, Murovdağ silsiləsində həyata keçirilən əməliyyatın məqsədi də düşməni şimal istiqamətdən mövqelərini zəiflətməkdir. Artıq Azərbaycan höküməti ölkənin tam şəkildə müharibəyə köklənməyini bildirib. Bu baxımdan, hərbi vəziyyət elan olunub. Daha sonra isə, qismən səfərbərlik elan olundu. Bununla da Azərbaycan xalqı bilməlidir ki, bu, 2016-cı ilin Aprel döyüşləri və digər hərbi əməliyyatlar deyil. Bu, irimiqyaslı əks hücum əməliyyatıdır. Bu da Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasına hesablanıb”.

“Bu hücum əməliyyatı 2016-cı ildəkindən daha səmərəli oldu”

“Azərbaycanın öz torpaqlarını azad etməsi regionda qüvvələr nisbətini xeyli dəyişə bilər”.

Bunu isə Rusiyanın “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin departament rəhbəri, politoloq Qleb Parfenov bildirib.

“Vəziyyət çox sürətlə dəyişir. Azərbaycan Ordusunun hələ nə qədər yaşayış məntəqələri azad edə biləcəyini indi soyləmək tezdir. Lakin aydındır ki, bu hücum əməliyyatı 2016-cı ildəkindən daha səmərəli oldu. Dünya birliyindən gələn şərhlərə gəlincə, bunlar məntiqlidir. Ölkələrin çoxu bu münaqişəni dondurmağın tərəfdarıdır, çünki başqa variantlar tərəflərdən birinə dəstək mənasına gəlir. Bu da nüfuzlu erməni və azərbaycanlı diasporları olan ölkələr üçün mənfi nəticələr doğura bilər”, – ekspert fikrini bildirib.

YƏHYA