“Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər”

135

 

“Cənab Prezident, sizin tapşırığınıza uyğun olaraq meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur və dörd hektar ərazini əhatə edir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Yasamalda meşə tipli yeni parkda yaradılacaq şərait barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

BŞİH başçısı bildirib ki, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunub:

“Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

İcazənizlə, ilk növbədə, bu ərazidə yaşayan sakinlərin xahişlərinə əsasən onların adından Sizə dərin minnətdarlığımızı bildirək.

Möhtərəm cənab Prezident, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və Sizə təqdim olunacaqdır.

Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır.