Britaniyalı nazir: “Rusiya daha bir zəhərləmə əməliyyatı keçirə bilər”

288

Rusiya Böyük Britaniyada minlərlə insanı zəhərləyib öldürməyə qadirdir. Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Novator.az-ın məlumatına görə, nazirin açıqlaması Böyük Britaniyanın “The Telegraph” qəzetində yayılıb.

Nazir bildirib ki, Rusiya 2018-ci ildə Böyük Britaniyanın Solsberi şəhərində etdiyi kimi daha bir zəhərləmə əməliyyatı keçirməyə qadirdir, həm də elə bir əməliyyat ki, onun nəticəsində Britaniyanın minlərlə sakini ölə bilər.

Ben Uolles vurğulayıb ki, Rusiya bir müddət əvvəl Britaniyanın həm sularında, həm də səmasında fəallığını artırıb və bu narahatlıq doğuran davranış indiyədək davam edir.

Nazirin sözlərinə görə, Britaniya rus xalqı ilə münasibətlərinin normal olmasını istəyir, amma buna nail olmaq asan deyil, çünki Rusiya hökuməti İngiltərənin küçələrində sinir iflici törədən maddədən istifadə edib: “Bu, hazırkı zamanda bütün normalara zidd bir məşğuliyyətdir. Siniri iflic edən belə maddələr minlərlə insanı öldürə bilər”.

Müdafiə naziri qeyd edib ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı bu yaxınlarda “Noviçok” sayağı bir maddə ilə zəhərlənib, ona görə NATO-nun Rusiyaya suallar yağdırması tam qanunidir.

“The Telegraph” yazır ki, Ben Uolles bu açıqlamasını Estoniyadakı Tapa düşərgəsində Britaniya qoşunlarına baş çəkdiyi vaxt verib. 2017-ci ildə NATO-nun keçirdiyi “Kabrit” əməliyyatı çərçivəsində Tapa düşərgəsində 900 britaniyalı hərbci yerləşdirilib. Həmin əməliyyatda məqsəd rəqibdən daha yaxşı qoruna bilmək üçün Baltik bölgəsində müdafiənin ön xəttini dərinləşdirmək olub.

Son həftələrdə Britaniyanın hərbi donanması Rusiyanın doqquz gəmisinin İngiltərə yaxınlığında hərəkətləndiyini müşahidə edib. Britaniya Müdafiə Nazirliyi bu xəbəri təsdiqləyib.

“The Telegraph”a açıqlamasında Ben Uolles deyib ki, 2009-cu ildən bəri İngiltərənin hava məkanı da keçmiş dövrlərlə müqayisədə daha çox pozulmaqdadır. Müdafiə naziri bildirib ki, Rusiyanın davranışı əvvəlki normalara uyğun gəlmir: “Hesab edirəm ki, biz daima onları qarşılıqlı münasibətləri yaxşılaşdırmağa, beynəlxalq hüquqa əməl etməyə çağıracağıq və mehriban qonşuluq münasibətlərinə dönmək üçün əlimizdən gələni edəcəyik”.

2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində iki nəfər küçədə huşsuz vəziyyətdə tapılıb. Aydın olub ki, onlar Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyadır.

Sergey Skripal 2004-cü ildə Rusiyada həbs olunub, dövlətə xəyanət və Böyük Britaniyanın xeyrinə casusluq ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə əfv olunan Sergey Skripal Böyük Britaniyaya təhvil verilib və orada sığınacaq alıb.

Sergey Skripalın və qızının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” maddəsindən zəhərləndiyi açıqlanıb. Britaniya tərəfinin iddiasına görə, zəhərləmə əməliyyatını Rusiya kəşfiyyatı həyata keçirib. Bundan sonra Britaniya və bir sıra digər Qərb dövlətlərinin Rusiya ilə münasibəti gərginləşib. Bəzi Rusiya diplomatlarının Qərb ölkələrindən çıxarılması və digər sanksiyalara əl atılıb.

Sergey Skripalla qızı sağalsalar da, Solsberi şəhərinin sakini Con Stercessin həyatını xilas etmək mümkün olmayıb.

Solsberi sakinləri Con Stercess və Çarli Rouli 2018-ci il iyunun 30-da xəstəxanaya yerləşdiriliblər. Onların “Noviçok”dan zəhərləndiyi üzə çıxıb. Aydın olub ki, Çarli Rouli parkda yerdən içində maye olan ətir qabı tapıbmış. O, həmin qabı rəfiqəsi Con Stercessə hədiyyə edib. Con qabdakı mayeni ətir bilib bədəninə yaxıb. Əvvəlcə onun, sonra isə Çarlinin halı pisləşib. Müayinə zamanı hər iki şəxsin “Noviçok” maddəsindən zəhərləndiyi təsdiqlənib.

Britaniya tərəfi iddia edir ki, Rusiya kəşfiyyatının adamları Sergey Skripalı və onun qızını həmin qabdakı “Noviçok”la zəhərləyiblər, sonra isə qabı parkda tullayıb gediblər. Çarli Roulinin qabı tapdığı yerlə Skripalların zəhərləndiyi yer arasında 15 kilometr məsafə olub.

Həkimlər Çarli Roulinin həyatını xilas ediblər. Con Stercess isə iyulun 8-də xəstəxanada keçinib.

2020-ci il avqustun 20-də siyasətçi Aleksey Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

Almaniya hökuməti Aleksey Navalnının “Noviçok”dan zəhərləndiyini açıqlayıb. Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib.

Aleksey Navalnının həyatını xilas etmək mümkün olub. “Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı hazırda Avropada yaşayır.

Navalnının zəhərlənməsinə görə ittiham edilən yenə Rusiya hakimiyyətidir.

Rusiya bu ittihamların hamısını rədd edir.

“Noviçok” zəhərlənməsindən sağalanların hər birinin səhhətində indiyədək ciddi problemlər qalır.

“Noviçok” qrupuna daxil olan (noviçok Azərbaycan dilinə tərcümədə yeni mənası verir) maddələrin hazırlanmasına 1971-ci ildə Sovet İttifaqında, Moskvadakı Dövlət Üzvi Kimya və Texnologiya Elmi Tədqiqat İnstitutunda başlanıb, 1993-cü ildə, Sovet İttifaqı dağılandan iki il sonra proses tamamlanıb.

“Noviçok” sinir iflici yaradan oxşar kimyəvi maddələr içində ən ölümcülü sayılır. Həm bərk, həm maye halında növləri olan “Noviçok” maddəsi ürəyin fəaliyyətini yavaşladaraq nəfəs yollarını qapadır.

Aqrokimyəvi maddələrdən hazırlanan “Noviçok”un istehsalında istifadə olunan maddələrin yasaq altında olmadığı bildirilir.

Mərkəzi Qərargahı Niderlandın Haaqa şəhərində yerləşən Kimyəvi Silahlara Qadağa Təşkilatı 1990-cı ildə “Noviçok” qrupuna daxil olan maddələri nəzarətdə saxlanan maddələr kimi rəsmiləşdirib.

2020-ci il iyulun 7-dən “Noviçok” kimyəvi silah kimi tanınıb, onun istehsalı, istifadəsi və yayılması yasaqlanıb.