Britaniyadan şahzadə Salmana şok! – Boris Consona çağırış etdilər

39

Hurriyyet.org xəbər verir ki, koronavirus epidemiyası səbəbindən fəaliyyəti dayandırılmış İngiltərə premyer-liqası 17 iyun tarixindən etibarən yenidən çıxışlara başlayacaq.

Liqanın gündəmindəki mühüm məsələlərdən biri “Nyukasl Yunayted”in Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana satılıb-satılmayacağıdır. Onun başçılıq elədiyi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu ilə “Nyukasl Yunayted”in sahibləri 300 milyon funt sterlinq qarşılığında bu satış üçün əvvəlcədən razılaşmışdılar. Lakin Səudiyyə Ərəbistanı hökuməti ilə pirat media arasında əlaqə olduğu iddia edilən sənədlər ortaya çıxandan sonra qarışıqlıq baş verib. Sənədləri araşdırmağa başlayan liqa rəhbərliyi “Nyukasl Yunayted” klubunun satışını təxirə salmışdı. Ölkə siyasətçiləri də klubun ərəblərə satılmasına etirazını bildiriblər.

Britaniya parlamentinin 16 deputatı ölkənin baş naziri Boris Consona müraciət edərək “Nyukasl” klubunun Səudiyyə Dövlət İnvestisiya fonduna satışı sövdələşməsini ləğv eləməyə çağırıblar. “Teleqraf” nəşrinə məlumat verən mənbə deputatların Böyük Britaniyada adını təmizə çıxarmaq üçün idmandan istifadə edilməsinin qarşısını almağa çağırdıqlarını bildirib.

Bu yaxınlarda bəlli olub ki, Ümumdünya Ticarət Təşkilatı Avropadakı futbol oyunlarının translyasiyalarını oğurlayaraq yayan beoutQ ilə Səudiyyə Ərəbistanının dövlət strukturları arasında əlaqə olduğunu aşkara çıxarıb.

Səudiyyənin vəliəhd şahzadəsi həm də 2018-ci ildə jurnalist Camal Kaşıkçısının qəddarcasına qətlə yetirilməsini sifariş eləməkdə şübhəli hesab edilir.

Hurriyyet.org