Brejnevlə Kosıginin arasını “vuran” xalq artisti- birinciləri məftun edən səhnə birincisi

    21

    Kiçik bir yazıda onun bütün titullarını, mükafatlarını, fəxri adlarını yazmaq mümkün deyil. Bu uzun siyahıdan cəmisi bir neçəsini təqdim etmək də kifayətdir: SSRİ-nin və Azərbaycanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Lyudmila Zıkina…

    İlk əmək fəalliyyətinə müharibənin ağır illərində xarrat dəzgahı arxasında başlayan Zıkinanın uşaqlıq və yeniyetməlik dövrü ağır keçib. Uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə yaşasa da, həyat onu ağır və çətin işlərə yönəldib. Fəhlə, xarrat, hərbi qospitalda sanitar işləmək məcburiyyətində qalan Zıkina dolanışıq üçün gecə-gündüz çalışıb. Və bu çətin həyatdan onu səsi xilas edib. O səs ki, dünyanın 92 ölkəsində Lyudmila Zıkinanı ən yüksək zirvələrə qaldırıb.

    1947-ci ildə gənc ifaçıların ümumittifaq müsabiqəsi keçiriləndə Zıkina da bu tədbirə qoşulmağa qərar verib. 1500 nəfərin iştirak etdiyi müsabiqədə 4 qalibdən biri də Zıkina olub və onu Pyatnitski adına dövlət xoruna solist dəvət ediblər. Gənc ifaçının sənət karyerası da elə buradan başlayıb.

    1949-cu ildə Lyudmila Zıkina ilk dəfə olaraq Kremldə dövlət tədbirində iştirak edib. Konsertdən sonra xorun solistləri ilə görüşən Stalin onun ifasını bəyəndiyini bildirib. Bu görüşdə Stalin ətrafa nəzər salıb, sonra üzünü Zıkinaya tutub:

    – Siz çox da uzağa getməyin, fotoqraf gəlsin, birlikdə şəkil çəkdirək.

    Beləliklə, Lyudmila Zıkina zaman-zaman ölkənin mədəniyyət və incəsənət sahəsində ən sevilən ifaçı kimi birinciyə çevirilib. Bütün dövlət tədbirlərində siyahıda onun adı birinci olub. Xarici ölkələrə qastrollar planlaşdırılanda da Lyudmila Zıkinanın adı ilk sırada yazılıb.

    Zıkina təkcə ifaları ilə deyil, həm də öz xarakteri, xoş münasibət yaratmaq bacarığı, gözəl bir xanım olması ilə də ürəkləri fəth edib.

    Siyasi liderlərin məftun olduğu Zıkinanın bütün dövrlərdə rəhbərlərlə sıx və xoş münasibətləri olub.

    Nikita Xruşovun ad günündə Zıkina məşhur “Volqa çayı axır” mahnısını ifa edərkən sətirlərin birini “Sizin 17 yaşınız tamam olur”la əvəz edib. Çılğınlığı ilə seçilən Xruşov bu “düzəliş”i mülayim və kövrək təbəssümlə qarşılayıb.

    Leonid İliç Brejnevin Lyudmila Zıkinaya xüsusi rəğbəti olub. Rəhbər hətta ifaçı xanımı Kreml məmurlarına qısqanıb. Dövlət tədbirlərinin birində reqlamentə görə Zıkinanın ifasından sonra söz SSRİ Nazirlər Sovetinin sədri Kosıginə verilib. Baş nazir çıxışını Zıkinanın ifasına münasibət bildirməklə başlayıb və qeyd edib ki, həm Lyudmila Zıkinanı, həm də onun mahnılarını ürəkdən sevir. Bu ifadədən sonra Brejnevin simasında yaranan dəyişiklik çoxlarının diqqətindən yayınmayıb. Rəsmi tədbirdən sonra ziyafətdə Kosıginin Zıkinanın şərəfinə qədəh qaldırması isə Brejnevi əməlli-başlı qıcıqlandırıb. O, hətta yaxın dairəsində Kosıginin bu açıq “məhəbbət”ini kommunist əxlaqına zidd olan bir hərəkət kimi qiymətləndirib. Amma həqiqətdə isə Zıkina ilə Kosıgini xoş dostluq münasibətlərindən başqa heç bir eşq, sevgi telləri bağlamayıb. Birincisi, ona görə ki, Kosıgin ailəsinə son dərəcə bağlı olan, həyat yoldaşını son dərəcə sevən bir insan olub. İkincisi isə Lyudmila Zıkinanın həyatında Brejnevsiz, Kosıginsiz də sevgi macəraları yetərincə olub.

    Lyudmila Zıkina 4 dəfə ailə həyatı qurub. Nikahların heç birindən onun övladı olmayıb. Və bütün nikahların pozulmasının təşəbbüskarı Zıkina özü olub. 4 nikah Zıkinanın şəxsi həyatının rəsmi göstəricisidir. Qeyri-rəsmi münasibətlərdə isə xanım sənətçinin adı az hallanmayıb. Bununla bağlı jurnalistlərin sualına cavab verən Zıkina bildirib ki, şəxsi həyatı yoxdur, ömür yolumda yaradıcılığı seçib.

    Ömrünün son 15 ilini Zıkina tək yaşayıb. O yaradıcılığı ilə yanışı ölkənin istimai həyatında da fəallıq göstərib.

    SSRİ-nin uzun illər mədəniyyət naziri olan Yekaterina Furtseva Zıkinanın ən yaxın rəfiqələrindən biri sayılıb. İki tanınmış xanımın ən çox xoşladıqları istirahət məkanı rus hamamı olub. Elə Furtseva intihar etdiyi gün də rəfiqələr günorta saatlarında birgə rus hamamında istirahət ediblər. Axşam Furtseva Kiçik Teatrın yubileyinə yollanıb, Zıkina isə səhərisi gün qastrola yola düşdüyündən evə, hazırlıq görməyə gedib. Axşam saat 11-dən sonra Furtseva Zıkinaya zəng vurub, ona uğurlu səfər arzulayıb. Səhərisi gün Zıkina yolda olarkən maşındakı radiodan Furtsevanın vəfatı ilə bağlı xəbəri eşidib və səfərini təxirə salaraq dərhal Moskvaya qayıdıb.

    Lyudmila Zıkina hədsiz dərəcədə zinət əşyalarının həvəskarı olub. O, bütün qazandığı pulların əsas hissəsini qızıl, brilyant və bahalı daş-qaşlar almağa sərf edib. Brejnevin qızı Qalina ilə Zıkinanı yaxınlaşdıran da qaş-daşa olan eyni həvəsləri olub. Və onlar yeni zinət əşyalarının əldə edilməsində bir-birinə yardımçı olublar.

    Lyudmila Zıkina uzun illər şəkərli diabetdən əziyyət çəkib. Bu xəstəliyin fəsadları nəticəsində ürək və böyrək çatışmazlıqları onun səhhətində ciddi problemlər yaradıb. 10 iyun 2009-cu ildə 80 illik yubileyini qeyd edən Zıkina növbəti qastrola hazırlaşarkən həkimlər xanım sənətçiyə bu səfərdən imtina etməyi tövsiyə ediblər. Zıkina həkimlərlə razılaşmayıb. Nəhayət, qərara gəlinib ki, qastrollar zamanı Zıkinanı həkimlər müşayiət etsin. Ancaq yubileyindən iki həftə keçmiş Lyudmila Zıkina infarkt keçirib. Onu xəstəxanaya yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.

    Lyudmila Zıkina 1 iyul 2009-cu ildə 80 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.

    Qeyd edək ki, Lyudmila Zıkinaya məxsus olan əşya və əmlaklar hərraca çıxarılaraq satılıb. Əldə olunan vəsait Lyudmila Zıkina irsinin yaşamasına, təbliğinə, öyrənilməsinə və adının əbədiləşdirilməsinə sərf olunub. \\Yeni Müsavat