Brejnevin Şerbitski və Rəşidov planı – Daşkənddə cızılan layihə baş katibin ölümünə görə baş tutmayıb

32

 

Leonid İliç Brejnevin hakimiyətdə olduğu dövr durğunluq illəri kimi qiymətləndirilsə də, bu illər ərzində Kremldə siyasi çəkişmələr, çaxnaşmalar, məmur qrupları arasındakı mübarizələr səngiməyib. Xüsusilə 1970-ci illərin ortalarından sonra Brejnevin səhhətində ciddi problemlər yarananda hakimiyyət uğrunda mübarizə özünü daha qabarıq büruzə verib. Sözsüz ki, Brejnev əyləşdiyi kürsü uğrunda gedən mübarizələrdən xəbərdar olub və bununla bağlı öz qabaqlayıcı tədbirlərini də görüb, gələcək üçün varis planı da hazırlayıb. Sonuncu dəfə isə o, 1982-ci ilin mart ayında Daşkənd səfəri zamanı öz planlarını Özbəkistanın birinci katibi Şərəf Rəşidova açıqlayıb.

Qeyd edək ki, həmin səfər zamanı Brejnevin aviasiya zavodunda görüşü də planlaşdırılıb. Zavodda baş katibin görüşünə 15 min nəfərdən artıq insan toplaşıb. Mühfizəçilər onu çətinliklə zavodun yığma sexinə qədər müşayiət edə biliblər. İşçilər Brejnevi görmək üçün hətta təyyarənin konstruksiyaları bərkidilmiş qalın və enli taxta tirlərin üstünə çıxıblar. Təbii ki, buradan baş katibi seyr etmək daha rahat və aydın olub. Amma bu “aydın”lığın sonu heç də yaxşı bitməyib. Yüzlərlə adamın ağırlığına tab gətirməyən taxta tir qırılaraq aşağıdakılarının, nümayəndə heyətinin, o cümlədən Brejnevin və Rəşidovun üstünə düşüb. Hadisə zamanı Brejnev bədən xəsarəti alıb, qabırğası sınıb. İlkin tibbi yardım göstərdikdən sonra Moskvaya uçuş hazırlanana qədər onu Daşkənddə xəstəxanaya yerləşdirmək istəsələr də, o, bununla razılaşmayaraq Rəşidovun iqamətgahında qalacağını söyləyib.

Həkimlər tibbi avadanlıqlarla birlikdə iqamətgahda Brejnevin sağlamlıq durumuna nəzarət ediblər, Brejnevin şəxsi mühafizəsinin rəisi Aleksandr Ryabenko isə “sahib”inin yanından bir addım da olsun aralanmayıb. Özbəkistanın birinci katibinin kabenetindəki divanda rahatlıq tapan Brejnev gələcək planlarını da məhz bu kabenetdə Rəşidova açıqlayıb. Araşdırmaçı jurnalist Fyodor Razzakov sonralar yazdığı “Rəşidovu xilas etmək! Andropov SSRİ-yə qarşı, DTK futbol oynayır…” kitabında həmin görüşün təfərrüatlarını açıqlayıb.

Həmin söhbət zamanı Brejnev Rəşidova Andropovun hakimiyyətə sahib olmaq niyyətini açıqlayıb:

– Şərəf, biz köhnə cəbhəçilərik. Andropov kimi böyrək xəstəliyini bəhanə edib müharibədən yayınmamışıq. İndi o, bütün vasitələrdən istifadə edərək baş katib olmaq üçün planlar qurur. Andropovun planları həyata keçsə, o, gələcəkdə baş katib olsa, bizim sümüklərimizi də ləkələyəcək. Biz buna imkan verməməliyik. Mən noyabr plenumunu gözləyirəm. Ciddi dəyişikliklər etməyin zamanı çatıb. Noyabr plenumunda partiyanın sədri vəzifəsinin təsis edilməsi məsələsini qaldıracam və bu vəzifədə mən özüm olacam. Mərkəzi Komitənin baş katibi vəzifəsinə Vladimir Şerbitskini gətirəcəm. Bunlarla yanaşı, partiyanın birinci katibi vəzifəsi də olacaq, bu vəzifəyə isə səni təklif edəcəm. ( Brejnev bu vəzifəyə digər bir şəxsin namizədliyini də söyləyib) Beləliklə, Andropov partiyada Mrkəzi Komitənin ideologiya katibi kimi dördüncü şəxs olacaq. Biz bu planı həyata keçirməsək, Andropov hamımızı üstələyəcək. Mənim başqa çıxış yolum yoxdur. İndiki vəziyyətdə mən Andropovu vəzifədən kənarlaşdıra bilmərəm. Suslovun vəfatından sonra onun DTK sədrliyindən Mərkəzi Komitəyə keçid etməsi məqsədli idi. Bu Andropovun gələcək planlarının növbəti mərhələsi idi. Amma biz buna imkan verməyəcik.
Həmin görüşdə Rəşidov Brejnevdən Özbəkistanda kadr təmizliyi aparmaq üçün ona şərait yaradılmasını xahiş edib:

– Leonid İliç, bildiyiniz kimi, Andropov öz adamlarını Özbəkistanda da mühüm postlara təyin etməkdə davam edir. Siz mənə şərait yaratsaydınız, mən onları respublikadan uzaqlaşdırardım.

– Şərəf, bu işə çox tələsmə. Tələsərək yanlışlığa yol verə bilərik. Sən 1978-ci ildə Özbəkistan DTK-sının sədri Eduard Nordmanın vəzifədən çıxarılmasını məndən xahiş etdin. O, Andropovun ən yaxın adamlarından biri idi. Biz onu uzaqlaşdırdıq bu vəzifədən. Sonra sən həmin vəzifəyə Nordmanın müavini Levon Melkumovu (milliyətcə erməni) təklif etdin. Mən sənin təklifini nəzərə alaraq onu Özbəkistan DTK-sının rəhbəri etdim. İndi sənin də, mənim də yaxşılıq etdiyimiz, etimad göstərdiyimiz həmin Melkumov Andropova işləyir. Buna görə də kadr məsələlərində tələskənliyə yol vermək olmaz.
İki saata yaxın davam edən söhbəti həkimlərin müdaxiləsi yarımçıq qoyub. Söhbət qabırğası sınmış Brejnevin nikbin notları ilə yekunlaşıb:

– Biz öz planlarımızı noyabr plenumunda reallaşdıracağıq. Sənin Siyasi Büroya üzvlük məsələn də həmin plenumda öz həllini tapacaq. Onda sən daha böyük səlahiyyətlərə sahib olacaqsan və kadr islahatlarını da istədiyin kimi aparacaqsan…
Leonid İliç Brejnev öz planlarını gerçəkləşdirə bilməyib. Noyabr plenumuna 5 gün qalmış, 10 noyabr 1982-ci ildə o, vəfat edib. Ömür 5 gün də vəfa etsəydi, bəlkə də süquta doğru gedən SSRİ-də siyasi hadisələr başqa istiqamətə yön alacaqdı. Zaman Andropovun xeyrinə işləyib. Qapalı, ziddiyyətli, bir çoxları üçün təhlükəli sayılan sabiq DTK şefi Brejnevin vəfatı günü hakimiyyət təşəbbüsünü ələ alıb, hakimiyyət uğrunda gedən mübarizədə qalib çıxıb.

Brejnevin vəfatından sonra Andropovun hakimiyyətə sahib olması Rəşidovun özünün də bildiyi kimi onun üçün siyasi karyerasının sonu demək idi. Andropovun birbaşa nəzarəti altında olan “Pambıq işi”nin araşdırması Rəşidovun xeyrinə getməyib. Rəşidov yaxşı dərk edib ki, Brejnevsiz qalan Kreml onu müdafiə etməyəcək və onu da yaxşı dərk edib ki, o, ən ağır cəzaların bir addımlığındadır. Onu Andropovun cəzalarından müəmmalı ölümü xilas edib.

Şərəf Rəşidov 1983-cü ildə vəfat edib. Onun vəfatı ilə bağlı bir çox versiyalar söylənilib. Qəfil ürəktutma, intihar, zəhərlənmə və daha nələr…

Amma Andropov da qısamüddətli hakimiyyətində dağılması labüd olan SSRİ-ni dirçəldə bilməyib və çox keçməmiş Andropovun irəli çəkdiyi, Mərkəzi Komitəyə gətirdiyi, hamilik etdiyi Mixail Qorbaçov Konstantin Çernenkonun nekroloquna imza atdıqdan sonra hakimiyyətə gələrək SSRİ-nin mövcudluğuna son qoyub…/Musavat.com/