Azərbaycanda “şudra” həyat tərzi…

    6

    Bizdə də hər bir zümrənin planlaşdırıldığı qədər gündəlik və aylıq gəliri, həyat norması mövcuddur

    Ölkəmizdə büdcəni doldurmaq adı ilə, əslində, orta dərəcəli məmurlar ordusunu saxlamaq siyasəti yürüdülür

    Bu gün Nigeriyada adambaşına düşən gündəlik gəlir 20, Cənubi Afrika Respublikasında 35, Cibutidə 14, tamamilə vətəndaş savaşı nədəni olaraq xarabalığa çevrilmiş Misir, Tunis və Əlcəzairdə 12 dollar təşkil edir. Azərbaycanda isə bu rəqəm 3 dollara yaxındır
    Azərbaycanda dövlət və milli büdcə anlayışları hökumət rəsmiləri tərəfindən fərqli qavranıldığından ölkədə avtoritar, yəni diktator rejimi hökm sürür. Hər il Milli Məclisdə qəbul edilən büdcə hakimiyyətin daha çox güclənməsi siyasətinə xidmət edir. Millətin necə yaşaması, hansı formalarda öz həyat tərzini formalaşdırcağı dəyərləri mümkün qədər sıfra endirilir. Ona görə də sadə insanlar üçün həyat şəraiti daim dözülməz həddə olur.
    Bu proses son aylarda, özəlliklə də “süzən və sürüşən” devalivasiyada qabarıq şəkildə görünməyə başlamışdır. Qəbul edilən qərarların hamısı sadə insanları hər addımda cərimə etmək fəlsəfəsinə pərçimlənib. Məsələn, qonşu Gürcüstanda piyada səhvən və ya bilərəkdən yolu qanunsuz olaraq keçirdiyi təqdirdə 15 lari (7 manat) həcmində cərimələnirsə, bizdə bu rəqəm 20 manat təşkil edir.
    Avropa və biz
    Qərb ölkələrini daim tənqid hədəfinə tutan Azərbaycan hakimiyyəti oradakı qanunları mümkün qədər cəmiyyətdən gizli saxlamağa çalışır. Orta səviyyədə inkişaf mərhələsini yaşayan Polşa, Çexiya, Macarıstan, Rumıniya, Slovakiya, Sloveniya, Makedoniya, Bosniya və Hersoqovina, Kosovo, Estoniya, Latviya, Litva kimi ölkələrdə də bu gün iqtisadi baxımdan xoşagəlməz proseslər yaşanılır. Ancaq, bununla yanaşı, hökumət mümkün qədər qiymətlərin endirimi siyasəti ilə hərəkət edir. Azərbaycanda isə bunun əksinə, süni şəkildə bahalaşma prosesi müşahidə olunur.
    Dünyanın heç bir mədəni ölkəsində bunca “vəhşi kapitalizm” modeli tətbiq olunmur. Bizdə tətbiq olunan belə bir düstura hətta “Azərbaycan modeli” deyə rişxənd edilir. Əgər maliyyə və iqtidsadi sektor inflyasiyanın burulğanında çabalayırsa, deməli, həyat şəraitinin dözülməz həddə çatması faktoru mövcuddur. Belə bir durumda cəmiyyətin ağır və üzücü sosial böhranlarla üz-üzə qalması labüd hesab olunur. Azərbaycan hakimiyyəti bacarıqsız və qabiliyyətisiz olduğunu elə son aylarda apardığı sosial siyasətdə bir daha özünü təsdiq etdi. İndi ölkə əhalisinin gündəlik gəlir mənbəyi Afrikanın ölkələri ilə belə müqayisəyə gəlmir. Neft ölkəsi sayılan Nigeriyada bu gün adambaşına gündəlik gəlir mənbəyi 20, Cənubi Afrika Respublikasında 35, Cibutidə 14, tamamilə vətəndaş savaşı nədəni olaraq xarabalığa çevrilmiş Misir, Tunis və Əlcəzairdə 12 dollar təşkil edir. Azərbaycanda isə bu rəqəm 3 dollara yaxındır. Kosmik sürətlə artan rəqəmlər, bahalaşma demək olar ki, hər gün deyil, hər saat özünü büruzə verməkdədir.
    Avropada sosial yönlü dövlət və millət siyasəti aparıldığı üçün, baş verən sosial-iqtisadi böhranlar o qədər də ağrılı keçmir. Çünki, bazar münasibətləri və əhalinin sosial rifahı tənzimləyici qanunlarla idarə olunur. Ölkəmizdə büdcəni doldurmaq adı ilə əslində orta dərəcəli məmurlar ordusunu saxlamaq siyasəti yürüdülür. Buna görə də bahalaşma adı altında həmin taktikadan əlverişli başqa çıxış yolları tətbiq edilmir.
    Son 12 ildə ölkəmizə ekspertlərin də qeyd etdiyi kimi, təbii resursların sayəsində 500 milyard dollara qədər gəlir əldə olunub. İndi isə dövlət büdcəsinin tamamilə boşaldığı bildirilir. O zaman sual olunur ki, bunca gəlir haraya sovruldu? Milli gəlirlərin qorunması, onun alt yapısının qorunub saxlanılması konseptinə malik olmayan hökumət nədən istefa vermir? Özəl sektorun və cəmiyyətin inkişafı naminə hansı addımları atdığının belə fərqində olmayan bu hökumət kimə və nəyə lazımdır? Dövlətin və millətin deqradasiyaya uğradılması siyasətinin sonu isə kimsəyə bəlli deyil. Çünki, hakimiyyət heç bir zaman bunun fərqində olmamışdır.
    110 manatlıq minimum həddin mənası
    1993-cü ildən vətəndaş qarşıdurması, hətta regional savaş düzənini, eləcə də Qarabağ uğrundakı savaşın məcrasının dəyişməsində maraqlı tərəf kimi çıxış etdiyini heç bir zaman gizlətməyən keçmiş partokratlar zümrəsi hakimiyyəti məngirləyərək indiyə kimi Azərbaycan adlı bir məmləkətə zülm və işgəncələr verməklə, vampircəsinə siyasətlərini davam etdirirlər. Ötən 23 ildə bircə dəfə də olsun ölkə vətəndaşının sosial rifahı naminə gərəkən addımları atmayıblar.
    Bu gün Azərbaycan aliminin, müəllimin, həkimin və digər intellektual sahələrdə çalışanların aylıq maaşları sıravi gömrük, polis, məhkəmə və digər sahələrin məmurunun aylıq maaşından düz üç dəfə aşağıdır. Bu faktın özü bir daha sübut edir ki, ölkə hərbi-polis qanunları ilə idarə olunur. Ötən hər il inzibati amirlik metodu ilə idarəetmənin strukturlarının daha da gücləndirilməsinin qayğısına qalınması üçün hökumət minbir məkr və hiylə tətbiq etməklə məşğuldur. Bol neft gəlirlərinə istinad etməklə ölkəni dünyanın ən qəddar rejimi olan Səudiyyə Ərəbistanının gününə salmaq üçün sanki hazırlıqlar görülür. Çünki, inzibati resursların tamamilə bu prosesə yönəldilməsi onların hüdudsuz səlahiyyətlərinin inkişaf etdirilməsinə yönəldilib. Bu gün ölkə əhalisinin minimum yaşayış güzəranını 110 manat civarında elan etməklə bunu bir daha demək istəyirlər ki: “GÜNDƏLİK BİR PARÇA ÇÖRƏKLƏ HƏYAT NORMASI” sizlər üçün yetərlidir. Bu faktı ancaq qatı diktator və faşizm rejimlərində görmək mümkündür. Bir ölkədə ki, soğanın və kartofun, hətta göyərtinin bir kiloqramının qiyməti çörəkdən iki dəfə bahadırsa, deməli orada hər hansı bir inkişaf doktrinası yox kimidir.
    Hakimiyyət bu addımı atmaqla ölkə vətəndaşına açıq şəkildə bildirir ki, sıravi vətəndaşlar və hökumət strukturunda çalışmayan insanlar Hindistanda olduğu kimi heç bir hüququ olmayan, “dördüncü dərəcəli” məxluq sayılırlar. Cəmiyyəti süni şəkildə kastalara bölmək siyasəti buna deyilir. Hindistanda ən ali zümrə brəhmənlər, onun ardınca gələnlər kşatri, vayşi və şudra zümrələri mövcuddur. Bərhmənlər “ən ali və toxunulmazlar”, kşarti “hərbçilər”, vayşi “ticarətçilər” və şudra isə “qulluqçular” adlanırlar. Azərbaycanda son 23 ildə idarə olunan hakimiyyət sistemi məhz bu konsepsiya ilə özünü göstərməkdədir. Sadə insan bu ölkədə şudra həyat tərzindən kənarda özünə normal həyat qura bilməz. Bunun üçün də bank sektoru başda olmaqla, ölkənin idarə olunmasında alternativsizlik sindromu yaşanılır. Hətta sadə insanların arasında belə, çeşidli kasta siyasəti yürüdülür. Bunun tək adı isə mümkün qədər sadə vətəndaşın məşəqqətli sosial sorunlarla baş-başa qalması düzənidir. Hindistanda olduğu kimi bizim cəmiyyətdə də avana, aqarval, aqxoripanxi, arain, arora, axar, axir, bavuri, baqdi, bayraqi, bansxor, bant, barxay, bellara, bxanqi, bxoy, bxipsi, bxuinxar, baddera, vani, veşya, qadariya, qaddi, qamalla, qoala, qoasin, qudala, qucar, darat, darzi, canam, cat, coqi, cuqi, culaxa, cxinvar, dikşitar, dom, dxed, dximar, dxobi, idiqa, izxavan, kaybartxa, kamar, kaxar, kayastxa, koli, komati, koşti, kumbxar, kumor, kumxar, kunbi, kurmi, kxati, kxoca, lodxa, loxar, maratxi, marvari, mirasi, mukkuvan, nambudri, od, ocxa, oxri, patidar, racbansi, racput, xaccam, xicra, çandal, çaran, çekavan, çetti, çunqattan, şanan, şaundika kimi zümrə-kasta anlayışları hökm sürür. Hər bir zümrənin planlaşdırıldığı qədər gündəlik və aylıq gəliri, həyat norması mövcuddur. Bunun dışında mövcud kastaların fərqli həyat düzəni ola bilməz. Ən aşağı dərəcəli həyat şudra təbəqəsinə məxsus sayılır. Bu strategiya 23 ildir Azərbaycanda YAP adı altında tətbiq olunmaqda davam edir. Ona görə də, bu siyasəti qəbul etmək istəməyənlər qürbət ölkələrə üz tutmalı olurlar. Çünki, 110 manatlıq bir düzəndə adicə çörəyə möhtac edilən cəmiyyət siyasəti hakimiyyətin ana hədəfi sayılır.
    Hakimiyyətin bəlirsizlik sindromu
    Ötən ilin payızında baş verən ikinci devalvasiyadan üç ay ötsə də, hakimiyyət hələ də effektiv tədbirləri həyata keçirməmişdir. İnsanların həyat şəraiti daha da dözülməz və ağır həddə çatıb. Tikinti sektoru tamamilə iflasa uğrayıb. Yerli istehsal vasitələri də bir-birinin ardınca acı böhranın dalğasında məhvə sürüklənir. Hökumət xalqı çaşdırmaq taktikası ilə hərəkət edərək guya aqrar sektorun qayğısına qalmaqla ölkədə gələcəkdə bolluq olacağı “mahnı”sını bir ağızdan xorla oxumaqda davam edir. Bütün vədlərə kimsə inanmasa da, hökumət israrlı şəkildə cəmiyyəti ağır fəlakətlərə sürükləmək siyasətindən əl çəkmir. Çünki, islahatçı düşüncə tərzindən məhrum olan rejim öz varlığını qorumaq üçün çaba göstərir. Oliqarxiq hakimiyyət və iqtisadiyyat düzəni ilə idarə olunan rejim anlayışı Azərbaycanı orta əsrlərin feodal düşüncələrinə yönəltməkdə hələ də davam edir. Əhalini daim qorxu içində saxlamaq üçün hər gün “inzibati xətalar” adı altında daha ağır cərimələr siyasəti rəsmiləşdirilməkdədir. Guya cərimələrin sayəsində dövlət büdcəsi zənginləşəcəkdir.
    Kimsəsizlər zümrəsinin qarşısını almaq üçün hətta “Uşaq Ev”lərinin ləğvinə belə başlanılmışdır. Valideynlərindən məhrum olmuş körpə uşaqların taleyi belə hakimiyyətin vecinə deyil. Onların belə bir aqibətlə üzləşməsinin də tək suçlusu elə bu hakimiyyətin özü deyilmi? TV məkanlara çıxaraq “Biz kimsəsiz körpələri və uşaqları övladlığa götürmək istəyən ailələrə vermək kimi böyük humanizm prinsipini tətbiq edirik” ibarəsi əslində tamamilə yalanlardan ibarətdir.
    Avropanın orta dərəcəli dövləti olan Finlandiyada vətəndaşlar banklardan illlik 0.70 faiz dərəcəli kredit götürməklə istənilən sosial və iqtisadi sahələrdə ehtiyaclarını ödəmək hüququna malikdirlər. Gözəlim Azərbaycanda isə, illik bank faizləri azından 30-40 faiz arasında cövlan edir. Bu inhisarçılığın və talançılığın, dəhşət saçan sələmçiliyin aradan qaldırılması yönündə hökumət bir dəfə də olsun gərəkən addımları atmayıb. Hakimiyyət nə kimi addımlar atırsa, bütün bunları “hərbi sirr” kimi təlqin etməkdədir. Oliqarxik pillələr üzrə qurulan idarəetmənin tək bir səbəbi mövcud rejimin ömrünü yaşatmaq və qorumaq prinsiplərinə pərçimlənib.
    Ölkədə gənclərin əksəriyyətinin gələcək taleyinin hansı məcrada olacağına kimsənin ümidi yoxdur. Bəlirsizlik sindromunun girovuna çevrilmiş cəmiyyət düsturunun sonu belə bəlli deyil. Çünki məmləkətin taleyi dövlət və millət büdcəsinə bölünüb. Dövlət dedikdə hakimiyyət, millət dedikdə isə sadə insanların taleyi göz önünə gətirilir. Ona görə də ölkənin milli gəlirləri dövlətin yaşadılması adı altında mövcud hakimiyyətin qorunmasına yönəldilib. Beləliklə bu ölkədə nəinki başı uca yaşamaq, ölmək, özünü alçaldıb qazanılan ömürlə, namuslu dilənçi kimi dilənib qazanılan ömür belə, dəhşət saçan məşəqqətlərdən birinə çevrilən insan taleyi bəşəri faciələri çoxdan ötüb. Yer üzünün tanrılarına çevrilmiş oliqarxların idarə etdiyi düzəni cəmiyyətin onları tanımamasına, ağ yalanların yanında yer almasına qarşı çıxanların ən ağır cəzalara məruz qaldığı bir sindrom yaşanılır. Bu acının nə zaman bitəcəyinə isə kimsənin ümidi belə qalmayıb. Diktator rejimlərinin bu qədər öz xalqına əzablı bir həyatı bəxş etməsi çox nadir hadisələrdən biridir. Ölkəmizdə bu gün mövcud olan durum addım-addım Kambocadakı Pol Pot rejiminin əməllərini xatırladır. Hələlik tək çatışmayan “Qırmızı Kxmerlər”dir.
    Şimali Koreyada “çuçe” ideologiyası ölkə üçün ana hədəflərdən birinə çevrilib. Bu dövlət və millət büdcəsinin strategiyası ilə idarə olunan rejim deməkdir…