BQXK və Qızıl Ayparanın son 3 əsrlik tarixi və Azərbaycandakı rolu…

66

Əliağa Şıxlinski və Fətəli Xan Xoyski Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən olublar

Azərbaycan Ordusu Vətən müharibəsində böyük uğurlara imza atarkən düşmən tərəf də hərb meydanında itirdiklərinin qisasını dinc əhalimizə hücum etməklə almaq istəyir. Azərbaycan tərəfinin isə erməni hərbçiləri, əsgərləri istisna olmaqla, düşmən ölkənin atəş açmayacağı ilə bağlı qərarı qətidir. Gəncə hadisələri, sivil vətəndaşların ölümü, yaralanması ilə bağlı səsimizi çatdırdığımız qurumlardan biri də Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Komitə həm də bu münaqişədə atəşkəsə nail olmaq üçün can atan tərəflərdən biri idi. Lakin Ermənistanın davam edən hərbi təxribatları nəticəsində bu atəşkəs məsələsi də gündəmdən düşdü.

Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı dünyanın müxtəlif bölgələrində münaqişə ocaqlarında insanların sağlamlığını qorumaq, onları humanitar fəlakətdən xilas etmək, yaralı hərbçilərin savaş meydanından çıxarılması, müalicəsi, müharibə qurbanlarına yardım və sair istiqamətdə fəaliyyəti ilə tanınır. 1992-1993-cü illərdə Qarabağdan məcburi köçkün olan və uzun illər çadır şəhərciklərində yaşayan vətəndaşlarımıza da Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara adı o vaxtdan tanışdır. Bəs görəsən, eyni missiyanı həyata keçirən, lakin adları fərqli olan bu təşkilatların tarixi nə vaxta dayanır?

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı dünya üzrə təxminən 97 milyon nəfər konullunü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədilə yaradılıb. Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsveçrənin Cenevrə şəhərində Henri Dunan və Gustave Moynier tərəfindən yaradılıb. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə 1917, 1944, 1963-cüü illərdə Nobel Sulh Mukafatına layiq görülüb. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlər Federasiyası isə 1919-cu ildə yaradılıb və hazırda hərəkat daxilində 190 Milli Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti arasında fəaliyyətləri koordinasiya edir. Bu federasiya beynəlxalq səviyyədə milli cəmiyyətlərə dəstək verir. Beynəlxalq Federasiyalar Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Cəmiyyətlər spesifik situasiya və imkanlardan asılı olaraq beynəlxalq humanitar hüquqa və beynəlxalq hərəkatının mandatına aid olmayan əlavə işlərə cəlb oluna bilərlər. Milli cəmiyyətlər çox ölkələrdə sıx olaraq öz ölkələrinin milli səhiyyə xidməti sisteminə bağlı olurlar və təcili tibbi yardım göstərirlər.

Azərbaycan və Beynəlxalq Qırmızı Xaç Komitəsi Şahbaz Quliyev və Dilqəm  Əsgərovun azad edilməsini müzakirə edib | Report.az

Beynəlxalq Qırmızı Xaç Komitəsinin necə yaranmasına gəlincə, XIX əsrin ortalarına qədər orduda zərəçəkmişlərə tibbi yardım göstərmək və döyüş meydanlarında yaralanmış əsgərləri yerləşdirmək və müalicə etmək üçün yaxşı təşkil olunmuş heç bir səhiyyə institutu mövcud deyildi. İslahatçı dindar xristian olan, isveçrəli iş adamı Henri Dunan  1859-cu ilin iyun ayında o zaman Fransa işğalı altında olan Əlcəzairdə biznes qurmaqla bağlı Fransa imperatoru İİİ Napoleonla danışıqlar aparmaq üçün İtaliyaya səfər edir. O, 24 iyunun axşamı Avstria-Sardiniya müharibəsi ilə əlaqədar baş vermiş Solferino döyüşündən sonra kiçik şəhər olan Solferinoya çatır. Bir gün ərzində ümumilikdə hər iki tərəfdən təxminən 40000 əsgər ölü və yaralı halda döyüş meydanında qalmışdı. Henri Dünan yaralardan şiddətli əziyyət çəkən əsgərləri və onlara heç bir tibbi yardımın olunmaması ilə müşahidə olunan döyüşün arxada buraxdığı mənzərəni görərək dəhşətə gəlir. O, səyahət məqsədindən tamamilə əl çəkərək özünü həsr edir bir neçə gün yaralıların müalicə olunmasına və qayğısına qalınmasına. Yerli kəndlilərlə birlikdə heç bir ayrı-seçkilik qoymadan yaralılara kömək göstərilməsi işini təşkil edir.

Cenevrəyə evinə qayıtdıqdan sonra “Solferino xatirələri” adlı kitab yazmağı qərara alır və 1862-ci ildə nəşr etdirir. Henri Dünan kitabın surətlərini Avropanın aparıcı siyasi liderlərinə, yüksək rütbəli hərbi fiqurlarına və dəyişiklik etməkdə ona kömək edə biləcək insanlara göndərir. Solferinoda yaşadıqlarını təsvir etməklə qalmıyıb, xristian təlimindən ilhamlanaraq və Solferinoda görüklərindən təsirlənərək müharibələr zamanı yaralılara kömək etmək üçün açıq şəkildə milli könüllü yardım təşkilatlarının yaradılmasını təbliğ və müdafiə edirdi. Əlavə olaraq, o, tibb işçilərinin və yaralı əsgərlərin müalicə olunduğu xəstəxanaların qorunmasına zəmanət verə biləcək beynəlxalq müqavilənin formalaşdırılmasına çağırırdı.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti — Vikipediya

1863-cü ildə Cenevrə İctimai Cəmiyyətinin prezidenti və cenevrəli hüquqşünas Gustave Moynier  Dünanın kitabının nüsxəsini əldə etdikdən sonra onu rəhbərlik etdiyi cəmiyyətin iclasında müzakirəyə təqdim edir. Cəmiyyətdəki ilkin müzakirələrdən sonra qərara gəlinir ki, Dunantın təkliflərinin mümkünlüyünü müəyyən etmək üçün və son nəticədə təkliflərin mümkün tətbiqi ilə bağlı beynəlxalq konfransın təşkili üçün araşdırma komisiyası yaradılır. Sonralar “Beşlər komitəsi” adlanacaq komitənin üzvləri Dünan və Moynier ilə yanaşı, səhra cərrahı kimi geniş təcrübəyə malik həkim Louis Appia, həkim Theodor Maunoir, İsveçrənin məşhur ordu generalı Guillaume-Henri Dufour idilər. Səkkiz gündən sonra bu beş nəfər qərara gəlir ki, komitəni “Yaralılara yardım üzrə beynəlxalq komitə” adlandırsınlar.

Komitə 1863-cü ilin 26-29 oktyabrında Cenevrədə döyüş meydanlarında tibbi xidmətin yaxşılaşdırılması üçün tədbirlər görülməsi məqsədilə beynəlxalq konfrans təşkil edir. Konfransda o zaman Avropanın ən böyük dövlət və hersoqluqlarının nümayəndələri iştirak edirdi. Qərara alınır ki, yaralı əsgərlərə yardım üzrə milli cəmiyyətlər yaradılsın, yaralı əsgərlərə tərəfsiz yanaşma və onların qorunması, döyüş meydanlarında yaralılara yardım etmək üçün könüllü qüvvələrdən istifadə olunsun, döyüş meydanında tibb heyəti qorumaq üçün üzərində qırmızı xaç olan qolçaq kimi ümumi fərqləndirici işarə tətbiq olunsun.

Bir il sonra İsveçrə hökuməti bütün Avropa hökumətlərini, Amerika Birləşmiş Ştatlarını, Braziliya və Meksikanı rəsmi diplomatik konfransa dəvət edir. 22 avqust 1864-cü il tarixində müharibə meydanlarında yaralanmış əsgərlərin vəziyyətinin yaxşılaşdırılması üzrə İlk Cenevrə Konvensiyası qəbul olunur və 12 dövlət və krallığın nümayəndəsi tərəfindən imzalanır. Bu gün də hərbi münaqişələr zamanı Cenevrə Konvensiyasına istinad olunur. Konvensiya 10 maddədən ibarət olub silahlı münaqişələr zamanı səhra tibb heyətinin, spesifik humanitar institutların və yaralı əsgərlərin ayrı-seçkilik olunmadan müdafiəsini müəyyən edən qaydalara zəmanət verirdi. 1876-cı ildə komitə indiki adı olan Beynəlxalq Qırmızı Xaç Komitəsi (İCRC) adını qazanır.

Ölkəmizdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilib. Qızıl Aypara Cəmiyyəti respublikamızda fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının üzvüdür və hərəkatın üç tərkib hissəsindən biridir.

Oxu.az - Fətəli xan Xoyski - Erməni gülləsi ilə arxadan vurulan  Azərbaycanın ilk Baş naziri

Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin müdafiə naziri əvəzi general-leytenant Əliağa Şıxlinski olur. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Xarici İşlər Naziri Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri idi. 1920-ci ilin aprelində AXC sovet ordusu tərəfindən işğal edildikdən sonra bolşeviklərin lideri Vladimir İliç Leninin müvafiq tapşırığı əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus olan bütün əmlak ondan alınaraq dövlətə təhvil verilir. 1991-ci ilə qədər Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ümumittifaq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirir.

1991-ci ildə Sovetlər Birliyi dağıdıldıqdan sonra yenidən müstəqiliyə qovuşan Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətinə də beynəlxalq standartlara uyğun şəkildə müstəqillik vermişdir. Digər bir tərəfdən də bu dövrlərdə  müstəqil Azərbaycan Respublikası torpaq iddiası ilə çıxış edən Ermənistan tərəfindən 20 faiz torpaqlarının işğalına məruz qaldı. Hələ 1992-ci ildə Xocalı soyqırımından dərhal sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi özünün mandatına uyğun olaraq Azərbaycana gəlib və burada nümayəndəliyini yaratdı. Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirdi. 1992-1995-ci illər ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsi ilə 600-dək vətəndaşımız erməni əsirliyindən azad edilib vətənlərinə qaytarıldı. 1 milyon vətəndaşımızın qaçqın və məcburi köçkün düşməsindən sonra İran və Türkiyə Qızıl Aypara Cəmiyyətlərinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və ümumiyyətlə, Azərbaycana dəstəyi böyük olub.

Digər ölkələrin də Milli Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri də Azərbaycanın bu dar günündə öz yaxın dəstəyini verdi. İran və Türkiyə Milli Qızıl Aypara Cəmiyyətləri sayı 100 minlərlə ölçülən qaçqın və məcburi köçkünlərimizə sığınacaq olaraq çadır şəhərcikləri yaratdı və vətəndaşlarımızın gündəlik təlabatlarını ödədilər. Humanitar böhranın miqyasını görən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yardım üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına rəsmi müraciət etdi. Müraciətə 1994-cü ildə müsbət cavab gəldi və beynəlxalq Federasiya Azərbaycanda nümayəndəliyini yaradaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarəolunması və təmin olunması işini öz üzərinə götürdü. O uzun və keşməkeşli illər ərzində burada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də rolu əvəzolunmaz olub.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”