Borçalı – təriqətlərin savaş poliqonu

    3

    Məzhəbçilik soydaşlarımızı qarşıdurmaya sürükləyir

    Rəsmi statiskaya əsasən, Gürcüstan əhalisinin 7.8 faizini (təxminən, 300 000 nəfər) təmsil edən Azərbaycan türklərinin (qeyri-rəsmi məlumatlara görə isə 500 000 nəfər) kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgəsində soydaşlarımızın təhsil, torpaq, işsizlik və s. problemləri siyahısında daha təhlükəli bir tendensiya diqqət çəkməkdədir. Sovetlər Birliyinin dağılmasından sonra əksər post-sovet ölkələrində taleyini yaşayan müstəqil Gürcüstan dövləti müxtəlif maraqların poliqonuna çevrildiyi kimi, “Borçalı” da eynilə bir çox qüvvələrin maraq dairəsinə düşüb. Belə ki, imperialist güclər və Qərb dəyərlərinin Şərqə yayılmasından narahat olan qüvvələr “Borçalı” üzərində separatçı meyllərdən tutmuş, xristianlığa mənsub müxtəlif dini-missioner fəaliyyətlərə, radikal islamçı meyllərin soydaşlarımız arasında geniş vüsət tapmasınadək bütün vasitələri sınamaqdadırlar.

    Təbii ki, hər zaman dövlətçiliyə sədaqətləri şübhə doğurmayan borçalıların separatçı əməllərdən uzaq durması, Gürcüstanın azadlığını və suverenliyini təhdid edən qüvvələrin yanında yer almaması bir çox siyasi dairələrin niyyətini puç edib. Buna baxmayaraq, məlum güclər sözügedən bölgə üzərində təsir rıçaqları əldə etməkdən bir an da olsun vaz keçməyiblər. Görünür, bu səbəbdəndir ki, borçalıları siyasi alətə çevirə bilməyəcəklərini anlayan qüvvələr, fərqli yol seçməklə soydaşlarımızı oyuna gətirmək sevdasındadırlar. Hansı ki, bu yolun olduqca zərərli olduğu və hər keçən gün daha təhlükəli xarakter aldığı aydın şəkildə təzahür etməkdədir.

    Nəzarətsizliyin məntiqi sonu

    SSRİ dönəmində Borçalı din faktorunun ağırlıqda olduğu bölgə kimi tanınmayıb. Sovet İttifaqının qurulmasından süqutunadək İslam dininin əsasən iki böyük məzhəbinin – sünnü və şiəliyin mənsubu olan borçalılar arasında heç vaxt məzhəb söz-söhbəti də olmayıb. Bu dövrdə dini mərkəz, dini yön kimi isə, Azərbaycan, Qafqaz Müsəlmanları Ruhani İdarəsi (QMİ) qəbul olunub.

    Təbii ki, borçalıların QMİ-yə dini bağlılığını əslində milli bağlılıq kimi dəyərləndirsək, daha doğru olar. Yəni borçalıların dinə münasibətini, həm də Azərbaycana, öz milli dəyər və adət-ən-ənəsinə, öz soy-kökünə, dilinə bağlılıq olaraq səciyyələndirmək mümkündür. Lakin Gürcüstan müstəqillik qazandıqdan sonra bölgənin dini mənzərəsi dəyişməyə başladı. 90-cı illərin ortalarından ibarət “nurçu”, vəhhabi, İran və İraq mərkəzli şiə cərəyanları, xristianlığın bir sıra dini-missoner qolları (xüsusilə İyeqova Şahidləri) Borçalıda kök salmağa başladılar.

    Qafqaz Müsəlmanları Ruhani İdarəsinin baş verənləri dəyərləndirib, uzaqgörənlik nümayiş etdirə bilməməsi, eynilə Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı siyasətini tənzimləyən rəsmi və qeyri-rəsmi qurumlarının adekvat tədbirlər görməməsi Gürcüstanda yaşayan Azərbaycan türklərinin, hətta, müsəlmanların dini durumu ilə bağlı yuxarıda qeyd olunan mənzərənin yaranmasına gətirib çıxarıb.

    Əlbəttə, həmin passiv və yarıtmaz siyasətin nəticəsidir ki, Gürcüstan Müsəlmanlar İdarəsinin yaradılması ilə, bu ölkədə istər soydaşlarımız, istərsə də digər müsəlman etniklər arasında dini parçalanma hökm sürür. Məhz bu yaranmış xaos və boşluğun nəticəsidir ki, maraqlı qüvvələr çox rahat şəkildə bölgədə dayaqlarını daha da gücləndirir, təşkilatlanır, söz sahibi qüvvəyə çevrilirlər.

    İranın, eləcə də İraqdakı şiələrin lideri Sistaninin dini heyətlərinin mütəmadi olaraq Gürcüstana səfərlər edib, görüşlər keçirməsi, bir növ tərəfdarlarına “arxanızdayıq” mesajını verərək, daha böyük kütlələrin onlara meyllənməsini təmin etmələri deyilənlərə bariz sübutdur. Üstəlik soydaşlarımızın şiə dini mərkəzlərinə (Qum, Nəcəf, Kərbəla, Məşhəd və s.) pulsuz ziyarətlərin təşkil olunması, həmin ziyarət əsnasında insanların “verbovka” olunduğuna dair xəbərlər də bir növ bu bölgədə nəzarətsizliyin, başıpozuqluğun hökm sürdüyünə dəlil hesab oluna bilər.

    Burada diqqət edilməsi gərəkən daha bir nüans var; Gürcüstanın müstəqilliyinin ilk dönəmlərində muxtar bölgə olan Acarıstan əhalisinin 75 faizi müsəlman olduğu halda, indi həmin bölgə əhalisinin 65 faizini xristianlar təşkil edir. Gürcüstanın dini dairələri isə bunu “acarlar bir zamanlar xristian olduqlarını dərk edib, öz həqiqi dinlərinə qayıdırlar” şəklində yorumlayırlar. Əlbəttə, “açarlardan bizə nə?” – deyə sual edənlər də tapılacaq. Ancaq məsələ burasındadır ki, Borçalıda da insanların xristianlığa cəlb edilməsi yönündə fəaliyyətlər mövcuddur və hətta, bu barədə Azərbaycan televiziyalarında süjetlər belə efirlərə yol tapmışdı. İnsanların xristian dinini qəbul etməsinə səbəb isə, maddi-sosial durumun çətinliyi idi.

    Nəticə

    Yuxarıda da qeyd etdiyimiz kimi, QMİ-nin çevik və uzaqgörən siyasət yürüdə bilməməsi bu qurumun nüfuzunu Qafqazda, o cümlədən, Azərbaycanyönümlü dini siyasətin sonuncu istinadgahı olan Borçalıda da sıfıra endirib. Bu gün soydaşlarımızın bir qismi İran ağırlıqlı şiəliyin təsiri altında olmaqla yanaşı, İranı siyasi anlamda da özlərinə mərkəz olaraq qəbul etməkdədirlər.

    Bəzi şiə icmaları dini və siyasi lider olaraq Xomeynini təbliğ edir, siyasi mərkəz olaraq İranı gördüklərini danmır, Azərbaycan əleyhinə çıxışlardan belə çəkinmirlər. Bu dini cərəyanın daha çox soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunda və paytaxt Tiflisdə ciddi nüfuzu olduğu söylənməkdədir.

    Eyni zamanda Fətullah Gülənə bağlı “nurçular” isə FƏTÖ terror təşkilatının mahiyyəti ifşa olunduqdan sonra müəyyən qədər arxa planda fəaliyyət göstərsələr də, varlıqlarını sürdürməkdədirlər. Məlumatlara görə, daha çox Gürcüstandakı Türkiyə mənşəli bəzi fondların xətti ilə siyasətini yürütdüyü deyilən bu cərəyan da, Borçalı daxil olmaqla, Gürcüstanın soydaşlarımız yaşayan digər bölgələrində təsir gücünə malikdir.

    Radikal dini cərəyan olan vəhhabilik isə soydaşlarımızın yaşadığı Qardabani və Tiflis, eləcə də digər etnik müsəlmanların yaşaıqları bölgələrdə yayılmaqdadır.

    Göründüyü kimi, gündən-günə soydaşlarımız hesabına sıraları artmaqda olan bu dini cərəyanların hər biri müxtəlif ölkələrə və ya güclərə bağlıdır. Üstəlik, Azərbaycana bağlılıqlarının olmaması bir yana, zaman-zaman Azərbaycan əleyhinə belə çıxışlar etməkdən çəkinmirlər.

    Yuxarıda qısa şəkildə toxunulan faktorlar və Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə gediş-gəlişinin sərbəst olması soydaşlarımızın Azərbaycanla milli bağlarını zədələməkdədir. Belə ki, sosial-iqtisadi durumun ağırlığı, bölgədə işsizlik probleminin həllini tapmaması, gənclərin sosial-mədəni həyatının yoxluğu və s. bu kimi səbəblər gənclərimizin Avropa ölkələrinə axınını sürətləndirib. Həmçinin, həmin amil insanları öz tərəfinə çəkmək üçün ciddi maliyyə resursları olan bu dini cərəyanların işinə yarayır. Ən primitiv, “görürsüz, Azərbaycan bizim üçün heç nə etmir, amma İran, Türkiyə və ya İraq, Səudiyyə bizə dəstək olur” kimi təbliğatlar insanların şüurunu və baxışlarını rahat şəkildə dəyişə bilir.

    Xaqan