“Borc Təminatı Fondu barədə internet üzərindən şəffaf hesabatlılıq qurulsun” – İQTİSADÇI

45

““Şəffaflıq” sözü qədər dəyərli sözə dəyər verəndə çox problemlərimiz həll olunacaq”

“Mərkəzi Bank illik maliyyə hesabatında diqqətimi çəkən əsas rəqəm 2019-cu ildə ölkənin baş Bankının kapitalındakı 1,974 milyard manat  azalma oldu. Səbəb 2018-ci ildə kapitala aid edilən bölüşdürülməmiş mənfəəti hesabına qeyd olunan məbləğdə vəsaitin dövlət büdcəsinin borclar üzrə Təminat Fonduna köçürülməsidir”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev qeyd edib.

 “Onlayn hesabatlar olmalıdır”

Ağayev nəzərə çatdırıb ki, son 4 ildə Mərkəzi Bankın mənfəəti hesabına ən azından 5 milyard manat vəsait bu Fond vasitəsilə dövlət borclarının qaytarılmasına yönəldilib: “Qaytarsınlar. Ən azından “Mərkəzi Bank haqqında” qanununu dəyişib (12-ci maddə), bu məsələyə hüquqi əsas yaradıblar. Amma heç olmasa bu məsələ şəffaf məcrada baş versin. Borc Təminatı Fondu barədə internet üzərindən şəffaf hesabatlılıq qurulsun. Hansı mənbədən nə qədər vəsait daxil oldu, hansı şirkətə nə qədər məbləğ üçün dövlət zəmanəti verilib, hansı şirkət borcları qaytara bilmədi əvəzindən Fond qaytardı, il ərzində Fonddan nə qədər xərcləndi, ilin sonuna sərəncamında qalan resursların yekun məbləği nə qədərdir? Bunlar tam açıq olmalıdır, onlayn hesabatlar olmalıdır. “Büdcə sistemi haqqında” qanuna görə, Təminat Fondu dövlət büdcəsinin ayrılmaz hissədir. Büdcə icrası ilə paralel onun da icrasına dair müntəzəm məlumatlar açıqlanmalıdır”.

““Şəffaflıq” sözü qədər dəyərli sözə dəyər verəndə çox problemlərimiz həll olunacaq, hər cür böhrana da daha artıq dözümlü olacağıq, kasıblar varlarının pulunu, zənginlər öz silkərindən olanların bahalı avtolarını və villalarını saymayacaqlar”,-deyə iqtisadçı əlavə edib.

Şamo EMİN, Hurriyyet.org