“Böhranın növbəti dalğaları Azərbaycana daha sərt gələ bilər” – NATİQ CƏFƏRLİ

414

“Bizdə qəliz qərarlar alınıb və bu da əhalinin böyük bir qismini sosial paketdən kənarda qoyub”

“Karantin rejimi bitdikdən, postvirus dönəmindən sonra belə, bəzi sahələr uzun zaman işsiz qalacaq”

Bildiyiniz kimi, martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Bu səbəbdən də bir çox müəssisələrin, ictimai iaşə obyektlərinin, kiçik və orta biznes sahələrinin fəaliyyəti dayandırılıb. Təbii ki, bu da ölkədə işsizlərin sayının artmasına, əhalinin qazancının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Məhz buna görə də hökumət koronavirusla mübarizə tədbirlər planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində təxminən 200 min nəfər işsizə 190 manat məbləğində vəsaitin verilməsini qərara alıb. Qeyd edək ki, bunun üçün hökumət 70 milyon manat vəsait xərcləyəcək.

Onu da nəzərinizə çatdıraq ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, əmək pensiyaçılarına, aylıq müavinət alanlara, aylıq təqaüd alanlara, özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, işsizlikdən sığorta ödənişi alanlara, peşə hazırlığına görə təqaüd alanlara, 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, əri və ya arvadı sahibkar olanlar (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, əri və ya arvadı ünvanlı dövlət sosial yardımı alan və ya kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə birdəfəlik yardım verilməyəcək. Gördüyünüz kimi, hökumətin işsizlər üçün nəzərdə tutduğu 190 manat bir aylıq tələbatın ödənilməsi üçün az olmaqla yanaşı, vətəndaşların bu yardımı ala bilmələri üçün irəli sürülən şərtlər də olduqca çətin və qeyri-realdır.

“Kölgə iqtisadiyyatının həcminin böyük olmasının, statistika ilə bağlı bərbad vəziyyətin yaranmasının ən böyük günahkarı elə hökumətin özüdür”

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, koronavirus səbəbindən işsizlərə ayrılan 190 manat yaşayış minimumunu ifadə edən məbləğdir: “Yəni bu, bir insanın gündəlik minimum ehtiyacları ödəmək üçün hökumət tərəfindən hesablanmış minimumudur. Ona görə də işsizlərə ayrılan məbləğ 190 manat götürülüb. Hökumətin koronavirusla əlaqədar təsdiqlədiyi sosial paketə gəlincə, bunun əsas mahiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycanda statistikanın bərbad vəziyyətdə olması, siyasiləşməsi effektiv qərarların alınmasını çətinləşdirdiyi üçün hökumət ancaq qeydiyyatda olan biznesə, işçilərə və qeydiyyatdan keçmiş işsizlərlə bağlı müəyyən qərarların verilməsi istiqamətində addım atdı. Halbuki bu, doğru deyildi. Çünki bu günə qədər kölgə iqtisadiyyatının həcminin böyük olmasının, ümumiyyətlə statistika ilə bağlı bərbad vəziyyətin yaranmasının ən böyük günahkarı elə hökumətin özüdür. Yəni hökumətin öz günahına, effektiv çalışmadığına görə belə bir şərait yaranıb”.

“Mürəkkəb iqtisadi modeli olan ölkələr, yəni qeydiyyat və statistikanın doğru aparıldığı dövlətlər belə,  qəliz qərarlar almaqdan çəkindilər”

İqtisadi parametrləri daha qəliz və effektiv olan ölkələrdə daha sadə qərarların alındığını vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, Azərbaycanda isə qəliz qərarlar alınıb və bu da öz növbəsində, əhalinin böyük bir qismini sosial paketdən kənarda qoyub: “Mürəkkəb iqtisadi modeli olan ölkələr, yəni qeydiyyat və statistikanın doğru aparıldığı dövlətlər belə,  qəliz qərarlar almaqdan çəkindilər. Belə ki, onlar birbaşa bütün vətəndaşlara toxunacaq qərarların alınmasına üstünlük verdilər. Yəni sadə dillə desək, heç bir məhdudiyyət qoymadan vətəndaşlara pul payladılar. Məsələn, ABŞ-da 18 yaşına qədər vətəndaşlara 500 dollar, 18 yaşından yuxarı vətəndaşlara isə 1200 dollar pul payladılar. Avropanın müxtəlif ölkələrində hər bir vətəndaşa 500 avrodan başlayaraq, 1500 avroya qədər pul paylanıldı. Yaponiyada, Sinqapurda da eyni addım atılır, indi Avstraliya bununla bağlı qərar verəcək. Hətta iqtisadi parametrləri daha qəliz və effektiv olan ölkələrdə belə, daha sadə qərarlar alınır. Bizdə isə qəliz qərarlar alınıb və bu da öz növbəsində, əhalinin böyük bir qismini sosial paketdən kənarda qoyub. Söhbət ondan gedir ki, muzdla çalışan, yəni əmək müqaviləsi olanların cəmi 300 mininə dəstək olunacaq. Halbuki onların sayı qeyri-dövlət sektorunda 715 mindir. Deməli, 415 min nəfər burda dəstəkdən kənarda qalır. Hökumətin məntiqi budur ki, onların içində marketlərdə, apteklərdə çalışanlar var, hansılarkı bu gün fəaliyyət göstərirlər və dövriyyələri var. Bəli, burda müəyyən həqiqət payı var. Lakin o insanların sayı heç 100 mini keçmir. Yerdə qalan 315 minə yaxın insan rəsmən fəaliyyəti qadağan edilməyən sahələrdə çalışanlardır. Amma onların fəaliyyəti rəsmən qadağan olunmasa belə, karantin rejiminə görə dövriyyələri və qazancları yoxdur. Məsələn, avtomobil təmiri, kimyəvi təmizləmə, mebel təmiri və istehsalı ilə məşğul olanların dövriyyələri xeyli düşüb. Odur ki, qazancları olmadığına görə, iş adamları işçiləri saxlaya, maaşlarını ödəyə bilmirlər”.

“İndiki dövrdə real olaraq işsizlərin sayı 200 mindən bir neçə dəfə çoxdur”

Hökumətin karantin dövründə işsizliklə bağlı hədəfi maksimum 200 min müəyyənləşdirdiyini deyən Natiq Cəfərli qeyd edib ki, bu səbəbdən də həmin saydan artıq işsizlərə heç bir dəstək olunmayacaq: “Ona görə də hamı işsizliklə bağlı müavinatın veriləcəyi saytdan tez qeydiyyatdan keçmək istəyir. Bu isə həmin saytın çökməsinə, bir neçə gün normal çalışmamasına səbəb oldu. Lakin “200 minə çatdıqdan sonra nə olacaq?” bu sualın cavabı yoxdur. Yəni indiki dövrdə real olaraq işsizlərin sayı 200 mindən bir neçə dəfə çoxdur. Həmin insanların taleyi necə olacaq? Onlar müraciət etdikdə bu yardımdan kənarda qalacaqlarmı? Baxın, bu tipli ciddi sual olsa da, hələlik heç bir cavabı yoxdur. O cümlədən, bu gün bizneslə, kreditlərlə də bağlı ciddi suallar var. Çünki hələ də kredit güzəştləri nəzərdə tutulmayıb. Əhalinin böyük bir qismi, son hesablamalara görə, 3 milyona yaxın insanın istehlak krediti var. İş olmadığından, qazanc əldə edə bilmədiklərindən onların böyük bir hissəsi faizləri ödəyə bilmirlər. Odur ki, bir çox sahələrdə ciddi boşluqlar var. Hökumət çalışmalıdır ki, həmin boşluqlarla bağlı qərarlar versin. Yoxsa, böhranın növbəti dalğaları Azərbaycana daha sərt gələ bilər, həm sosial, həm də iqtisadi problemlərin ciddi şəkildə artımının şahidi ola bilərik”.

“Azərbaycanda normal əmək müqavilələri olsaydı, o zaman bu gün yaşanan problemlərlə üzləşməzdik”

Dünya dövlətlərinin böyük əksəriyyətinin işsizliklə bağlı qeydiyyat məsələsini çoxdan həll etdiyini, bu prosesin elektronlaşdırıldığını söyləyən REAL-ın icra katibi bildirdi ki, Azərbaycanda normal əmək müqavilələri olsaydı, o zaman bu gün yaşanan problemlərlə üzləşməzdik: “Məsələn, ABŞ-da həftə ərzində kim işdən çıxırsa avtomatik elektron qaydada qeydiyyatdan keçir və bu yolla işsizlərin sayı dəqiq bilinir. Ona görə də bu gün ABŞ-da hər həftə təqribən, 800 min, 1 milyona yaxın işsiz yaranır. Karantin rejimində isə artıq 6 milyona yaxın işsiz yaranıb. Yəni sistem elə qurulub ki, bir iş adamı, şirkət hansısa bir işçinin müqaviləsinə xitam verən kimi müqavilənin pozulması dərhal sistemdə qeyd olunur və avtomatik olaraq həmin şəxslər işsiz kimi qeydiyyata düşürlər. Dünyanın bir çox ölkələrində eyni sistemdir. Bizdə isə bu günə qədər belə bir sistem qurulmayıb. Ona görə də qeydiyyatla bağlı o qədər çətin prosedurlar müəyyənləşdiriblər ki, bu da insanların ciddi narazılığına səbəb olur. Halbuki bu proses daha sadələşdirilmiş qaydada aparılmalıydı ki, insanlar üçün daha əlçatan olsun. Çünki 190 manat o qədər də böyük məbləğ deyil. Hətta onu alan belə, maksimum bir ay özünün çox minimum ehtiyaclarını ödəyə biləcək. Bundan sonra isə yenidən ehtiyacları yaranacaq. Ona görə ki, karantin rejiminin nə vaxt bitəcəyi məlum deyil. Həmçinin, karantindən sonra iş qaydasının, yəni biznesin nə vaxt əvvəlki qaydaya düşəcəyi də bəlli deyil. İnsanların davranış qaydaları da ciddi şəkildə dəyişəcək. Hətta karantin rejimi bitdikdən, postvirus dönəmindən sonra belə, bəzi sahələr uzun zaman işsiz qalacaq. Məsələn, bu il Azərbaycan da daxil olmaqla, bütün dünya dövlətləri üçün turizm itirilmiş il kimi yadda qalacaq. Bu səbəbdən də turizm sahəsində çalışanlar, hətta karantin bitdikdən sonra da heç nə qazana bilməyəcək. İctimai iaşə də eyni mənzərə müşahidə olunacaq. Yəni restoran və kafelərin əvvəlki qaydada aşıb-daşdığını görməyəcəyik, insanlar daha ehtiyatlı davranmağa başlayacaq. Çünki koronavirus insanlara həm də psixoloji təsir edib. Bir sözlə, bir çox sahələrlə bağlı kifayət qədər ciddi problemlər və cavabını gözləyən suallar var. Lakin təəssüf ki, hələlik bununla bağlı heç bir əməli addımların şahidi olmuruq”.

“Vətəndaşların karantin rejiminə daha ciddi şəkildə əməl etməsini təmin etməyin başlıca yolu hökumətin daha çox insana yetərli şəkildə dəstək göstərməsindən keçir”

Natiq Cəfərli bu qənaətdədir ki, vətəndaşların karantin rejiminə daha ciddi şəkildə əməl etməsini təmin etməyin başlıca yolu hökumətin daha çox insana yetərli şəkildə dəstək göstərməsindən keçir: “Əslində bunun üçün insanları işsiz kimi qeydiyyatdan keçməyə məcbur etməyə ehtiyac yox idi. Belə ki, Azərbaycanda büdcədən maaş alan 915 min insan var. Onlar maaşlarını almaqda davam edirlər. 1,3 milyon təqaüdçü var, onlar da təqaüdünü almaqda davam edəcək. Hələlik bununla bağlı heç bir problem yoxdur. Təqribən 400 minə yaxın insan isə müxtəlif sosial yardımlar alırlar. Beləliklə, təxminən, 3 milyona yaxın insanın büdcədən aylıq az-çox müəyyən gəliri var. Yerdə qalanlara, yəni bu kateqoriyalara aid edilməyən hamıya karantin dönəmində və ondan sonrakı bir neçə ayda ən azı 200 manat məbləğində vəsait verilsəydi, mənə gəlir ki, insanlar karantin rejiminə daha ciddi riayət edərdilər. Bu, həm də sosial gərginliyin azaldılması üçün müsbət addım olardı”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org