BMT Qarabağ problemini öz üzərinə götürməyəcək – FƏRİD ŞƏFİYEV

48

“İndi Birləşmiş Millətlər Təşkilatının hər hansı qətnamə qəbul etməsi , addım atması bizim maraqlarımıza xidmət etmir”.

 

Bu fikirləri Modern.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir, icra olunmayıb:

 

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini üzərinə götürən ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə aparılan danışıqlar da faktiki olaraq nəticəsiz qalıb. Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə nail olub.

 

BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, burada həm müdafiə hüququ, həm də qətnamənin spesifik maddələri var.

 

884 saylı qətnamə Zəngilanın işğalı ilə bağlı idi və qətnaməyə əsasən bütün işğalçı qüvvələr oradan çıxarılmalıdır. Bizim həm qətnaməni əsas götürdükdə, həm də 51-ci maddəyə görə hüququmuz var, həmin ərazilər bizimdir. Bu hüququmuzu heç kim inkar edə bilməz. Amma eyni zamanda yeni qətnamənin qəbul olunmasına da ehtiyac yoxdur.

 

Mənim məlumatıma görə, ola bilsin ki, BMT Təhlükəsizlik Şurası bəyanat versin. Biz istəyərdik ki, Azərbaycanın hüquqları bəyanatda və qətnamələrdə mütləq qeyd olunsun. Bütün bunlara rəğmən münaqişənin həlli prosesi ATƏT-in Minsk qrupuna verilib və BMT-nin bu məsələni üzərinə götürəcəyinə, hər hansı diplomatik müdaxilə edəcəyinə inanmıram”.

 

BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 mühüm qətnaməsi icra edilməmiş qalıb. 1993-cü il 30 aprel tarixli 822 saylı qətnaməyə əsasən, bölgədəki hərbi əməliyyatlara son verilməsi, erməni qoşunlarının Kəlbəcərdən və həmin tarixə qədər işğal edilən Azərbaycan  torpaqlarından geri çəkilməsi tələb edilir. Həmin il iyulun 29-da qəbul edilən 853 saylı qətnamə isə Ağdamın işğalı ilə bağlıdır. Qətnamədə bölgədəki hərbi əməliyyatlara son verilməsi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi əks olunub. Qətnamə, həmçinin 822 saylı qətnaməyə əməl edilməsini də nəzərdə tutub. 14 oktyabr 1993-cü ildə qəbul edilən 874 saylı qətnamə isə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq, erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazilərdən geri çəkilməsini tələb edir. Bu qətnamədə də əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi öz əksini tapmışdı. Nəhayət sonuncu 884 saylı qətnamə 12 noyabr 1993-cü ildə qəbul olunub. Bu sənəddə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistandan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilir. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilir. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələbi qeyd olunub.