BMT-nin Rusyanın sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi ordusunu geri çəkməsi barədə qərar qəbul etməsi vəziyyətin son dərəcə …– Eldar SABİROĞLU

687

Bu həftə ərzində iki hadisənin şahidi oldum. Birinə sevindim, digərinə məyus qaldım. Öncə buradan başlayım. ATƏT-in Minsk Qrupunun xəbərsiz-ətərsiz Bakıya səfərindən. Çağırılmamış qonaqları qəbul edən Azərbaycanın hörmətli prezidentli İlham Əliyev onlara bir toy tutdu ki, gəldiklərinə çox peşiman oldular. Bir balaca utanan üzləri olsa idi, qəbuldan dərhal sonra Azərbaycanı tərk edərdilər. Dövlət başçımız onların gözünün içinə dedi ki, mən sizi Azərbaycana dəvət etməmişəm.

Bu sözün daha maraqlı açması o deməkdir ki, 44 günlük mübaribənin getdiyi vaxtda görünmədiyiniz halda indi hansı hüquqla gəlmisiniz!? İlham Əliyev onlara öz yerini göstərdi və diplomatiya tariximizə yazılacaq açıqlaması ilə MQ-nun üzvülərində, eləcə də bizim özümüzdə müsbət mənada böyük heyrət doğurdu. Prezident Ermənistanla əməkdaşlığa başlamağın artıq zamanıdır deyə Ermənistana açıq-aşkar dəstək verən mövqeyinə görə MQ-nun daşını daş üstə qoymadı. Bəli, məhz ƏMƏKDAŞLIQ!!!

Çox maraqlı bir gedişdir. Düşmənin başını əzəndən sonra belə bir ideya ilə İlham Əliyevin çıxış etməsinə əlavə izah vermədən fikir və düşüncəmə hakim kəsilən bu sürpirizdən çıxardığım nəticə belədir: İlham Əliyev artıq ölkə və beynəlxalq ictimai baxışda daha mükəmməl, daha zəngin və daha qətiyyətli və güclü dövlət rəhbəri olaraq öz layiqli yerini götürdü. Bu, həqiqətdir və bu yüksəlişi sinirə bilməyən mədəsi darlara deməyim odur ki, qərəzli yanaşmalardan kənara çəkilib dəstək verməyiniz bir yana, heç olmazsa maneçilik də etməyin…O, bu gün dünyanın qüdrətli, uzaqgörən dövlət siyasətçiləri sırasında önəmli yerə sahibdir.

Məyusluğum isə Rusiyanın təhlükəli və xain planlarından biri ilə bağlıdır ki, nəhayət ki, onu reallaşdıra bildi. Bu strateji məqsədin həyata keçirilməsi onun çoxdankı arzusu idi. Yeni xəritəni tərtib etməklə Rusiya sözün əsl mənasında nümayişkarana şəkildə köhnə siyasətinin üzərində dayanması ilə sülhməramlı olmadığını diqqət mərkəzinə gətirdi. Göründüyü kimi, onun üçün siyasətin təsvir və metodologiyasında ədalət, səmimiyyət, haqq və özgürlüyə hörmət əlaməti demək olar ki, yoxdur. Rusiya bu məkrli və çirkli niyyəti ilə bölgədə yeni və ağır problemlərin baş qaldıracağına stimul verdi. Bu xəritə nə deməkdir və niyə məhz Qarabağ müharibəsi bitər-bitməz belə bir təhlükəli təşəbbüslə çıxış etməyi özünə rəva gördü!?

Yoxsa Putin imperiya siyasətinə buradan – Azərbaycan torpaqlarını öz ərazisi kimi təqdim edən uğursuz xəritəsi ilə başlamaq istəyir!? Bununla nəyəsə nail olacağını düşünürsə, böyük səhvə yol verir. Dünya artıq dəyişib. Onunla ayaqlaşmayan hər hansı ziyankar siyasətin qəbul edilməsi mümkünsüzdür Zənnimcə, beynəlxalq birlik öz qəti mövqeyini bildirəcək. BMT-nin Rusyanın sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi ordusunu geri çəkməsi barədə qərar qəbul etməsi vəziyyətin son dərəcə gərgin olduğunu göstərir. Rusiya bu qaba və saymazyana hərəkət ilə həm də üçtərəfli bəyanatdan kənara çıxdığını numayiş etdirdi. Beləliklə, Rusiya nə qədər qeyri-səmimi və inamsız bir dövlət olduğunu özü ortaya qoydu…

Eldar Sabiroğlu

Keçmiş millət vəkili, ehtiyatda olan polkovnik