“BMT işğalçı və işğala məruz qalan arasında fərq qoymur”

141

Məhəmməd Əsədullazadə: “Halbuki Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamənin icrasını Ermənistan tərəfindən yerinə yetirilməsini tələb etməli idi”

“Rusiya Azərbaycanın bir neçə rayonu götürməsini gözləyir, bundan sonra Putin Bakıya zəng edib, Ermənistanın güzəştə gedəcəyini bildirməklə, atəşkəsin bərpasını xahiş edə bilər”

“Azərbaycan İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb nota verməli, rəsmi Tehrandan ciddi izahat tələb olunmalıdır”

Bugünlərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib. Qeyd edək ki, bağlı qapılar arxasında keçən iclasda şuranın 15 daimi və qeyri-daimi üzvü iştirak edib. Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Bundan başqa, Təhlükəsizlik Şurası üzvləri, BMT baş katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. O cümlədən, Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

“BMT baş katibi rəhbəri olduğu təşkilatın qətnamələrinə hörmət etmir, belə olan təqdirdə, bu təşkilatdan müsbət nəticələr gözləməyə dəyməz”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, məsələ ilə bağlı mövqeyini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün işğalçı qüvvələrin ərazilərdən çəkilməsinə çağırdığını xatırladıb.

Azərbaycanın daim beynəlxalq hüquq kimi məhz bu qətnamələrə istinad etdiyini vurğulayan politoloqun sözlərinə görə, Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası çağırılsa da, bu toplantıdan Ermənistanın gözləntiləri bir nəticə vermədi: “Azərbaycanın şuradan onsuz da gözləntiləri yox idi. Gözlənildiyi kimi, Təhlükəsizlik Şurası tərəfləri atəşkəs və danışıqlara başlanmasına çağırdı. Azərbaycan bu nəticədən razıdır. Halbuki Təhlükəsizlik Şurası mövqeyini ortaya qoyub, qəbul etdiyi dörd qətnamənin icrasını Ermənistan tərəfindən yerinə yetirilməsini tələb etməli idi. İki gün bundan əvvəl BMT baş katibi A.Quttereş prezident İlham Əliyev və Nikol Paşinyana zəng edərək, qeyd şərtsiz danışıqların bərpasını istəyib. Təəssüf ki, bu mötəbər qurumun rəhbəri də işğalçı və işğala məruz qalan arasında fərq qoymur. Rəhbəri olduğu təşkilatın qətnamələrinə hörmət etmir. Belə olan təqdirdə, bu təşkilatdan müsbət nəticələr gözləməyə dəyməz”.

“Donald Tramp hazırkı vəziyyətə qarışmır, çünki baş verənlər Vaşinqtonun geosiyasi maraqlarına cavab verir”

Minsk Qrupunun həmsədri kimi ABŞ prezidenti Donald Trampın hazırkı vəziyyətə qarışmadığını qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, baş verənlər Vaşinqtonun geosiyasi maraqlarına cavab verir: “Həmçinin, Tramp öz müşaviri C.Boltonu iki il əvvəl regiona göndərmişdi. “Bolton planı” adlandırılan həll variantını Paşinyana təqdim etmişdi. Azərbaycan əraziləri qaytarılır, sülh əldə edilir, Türkiyə və Azərbaycana düşmənçiliyə son qoyulur. Region inkişafa doğru gedir. Paşinyan ABŞ-ın variantlarını qəbul etmədi. Əksinə, sülh və təhlükəsizliyi təhdid edən siyasət apardı. Ona görə də Paşinyanın Vaşinqtona zəng edib kömək istəməyə üzü yoxdu. ABŞ Ermənistandan əlini üzüb. Dəstək verdiyi Nikol Paşinyan da iki stulda oturmağa başladı. Bu da ABŞ-ı qane etmədi. Beynəlxalq birliyin reaksiyasina gəldikdə, Azərbaycan hərbi əməliyyatları öz ərazisində keçirir. Bundan sonra da heç bir ölkə qarışmayacaq. Rusiya Azərbaycanın bir neçə rayonu götürməsini gözləyir. Bundan sonra Putin Bakıya zəng edib, prezident İlham Əliyevdən Ermənistanın güzəştə gedəcəyini bildirməklə, atəşkəsin bərpasını xahiş edə bilər. Düşünürəm ki, Qarabağ məsələsi Ankara-Moskva müstəvidə olmaqla, yeni siyasi proseslərə səbəb olacaq. Hərbi əməliyyatlar davam edir, Ermənistan ciddi itkilər verir. On günə Ermənistan tam zəifləyəcək, Azərbaycana xahişlər edəcək. Ermənistan Rusiyanın forpostudur. Və Ermənistandan çıxması yaxın perspektivdə mümkün görünmür”. Politoloq bu qənaətdədir ki, baş verənlər Rusiyanın da maraqlarına cavab verir: “Kremlin planı xalqın Nikol Paşinyanı devirməsidir. Bu, labüddür. Bununla da Rusiya dəstəkli siyasi qüvvələr hakimiyyətə gələcək. Nikol Paşinyanın anti-Rusiya siyasəti Azərbaycanın maraqlarına cavab verdi. Rusiya Paşinyanı cəzalandırır. Bundan əlavə, Rusiya Azərbaycanla da münasibətləri pozmamaq siyasəti aparır”.

“İran işğalçı Ermənistana yardım etməklə, birbaşa İslam ölkəsi olmadığını, dindən öz siyasi maraqları üçün istifadə etdiyini göstərir”

İran üzərindən Ermənistana silah aparılması məsələsinə də toxunan Məhəmməd Əsədullazadə bildirdi ki, cənub qonşumuz Azərbaycana qarşı hərbi plasdarm rolunda çıxış edir: “İran Rusiyadan Xəzər dənizi vasitəsilə gəmilərlə Ermənistana göndərilən hərbi texnika və silahların tranzit rolunu oynayır. Bu, İranın Azərbaycana qarşı qonşuluq siyasətinə, həmçinin rəsmi dini olan İslam dəyərlərinə ziddir. İran işğalçı Ermənistana yardım etməklə, birbaşa İslam ölkəsi olmadığını, dindən öz siyasi maraqları üçün istifadə etdiyini göstərir. Göründüyü kimi, Tehran birbaşa Ermənistanın yanındadır. İranın yük maşınları açıq şəkildə Ermənistana silahlar daşıyır. Amma rəsmi Tehran bunun yalan olduğunu qeyd edir. İyuldan başlayaraq, İran həm hava, həm də quru vasitəsilə Ermənistanın silahlandırılmasını həyata keçirir. Qeyd edim ki, İran Qarabağın işğaldan azad olunmasını regional təhlükəsizliyinə təhdid hesab edir. Çünki İran rejimi güclü Azərbaycanı Cənubi Azərbaycan üçün təhlükə hesab edir. Ona görə də durmadan Ermənistanın silahlandırılmasında rol alır. Hətta İran öz istehsalı olan hərbi sursatları, əsasən minamyot mərmiləri daxil olmaqla, digər hərbi sursatları Ermənistana pulsuz verir”.

“İranın hazırkı mövqeyi artıq Azərbaycanın ABŞ-ın siyasətində yer almasını labüd edə bilər”

İrandan Ermənistana hərbi yüklərin daşınmasına dair video və foto görüntülərin ortada olduğunu vurğulayan politoloqun sözlərinə görə, Azərbaycan İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb nota verməlidir: “Rəsmi Tehrandan ciddi izahat tələb olunmalıdır. Əks təqdirdə, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmalı, İrandan Rusiyaya ixrac olunan malların daşınmasının qarşısını almalıdır. Azərbaycan prezidenti İran prezidenti Həsən Ruhaniyə etirazını bildirməsi yaxşı olardı. Azərbaycan daim İranın müəyyən təhlükəsizlik maraqlarını diqqətə alıb, bu gün eyni həssaslığı Tehrandan gözləyirik. Məlumdur ki, rəsmi Bakı ABŞ-ın İran siyasətində yer almadı. Halbuki, Vaşinqton bununla bağlı Azərbaycana təzyiqlər edirdi. İranın hazırkı mövqeyi artıq Azərbaycanın ABŞ-ın siyasətində yer almasını labüd edə bilər. Bunan sonra Cənubi Azərbaycanla bağlı siyasətimizi ortaya qoymalıyıq. İran Azərbaycana qarşı düşmənlə əməldə eyni cərgədədir. Bu səbəbdən də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı Ermənistana daşınan yüklərin qarşısını almağa, Tehrana qarşı etiraz etməyə çağırıram”.

Vazeh BƏHRAMOĞLU