BƏLKƏ…

    6

    Qazanmaq istədiyini xərcləyən üzükölgəli, qazandığını xərcləyən alnıaçıq olar.

    Mətinin savadından, biliyindən, ağlından razı qalmayan yox idi. Beş-altı uşaq Atasıydı. Uşaqları böyütmək, boya-başa çatdırmaq, oxutmaq, iş-güc, ev-eşik sahibi eləmək lazımdı. Uşaqlar böyüdükcə Mətinin bir Ata olaraq boynundakı yük ağırlaşırdı. Ehtiyac yarandıqca tanış-bilişdən çoxlu borc götürürdü. Borclular da varlı-karlı adamlar deyildi. Onlar da maddi çətinliklərlə üz-üzə qalan adamlar idi. Onlar tez-tez qapını kəsib borcu qaytarmağı tələb edirdilər. Məti ali təhsil alıb müəllim peşəsinə yiyələnmişdi. Atası-Anası da müəllim olmuşdu. Özü də evdə işləməkçün yetənəkli tək adam idi. O, işləməkçün çox çalışmışdı. Ancaq indi daha iş axtarmırdı, çünki əmək haqqı ilə borclarını ödəyə bilməyəcəyini anlayırdı. Zamanında iş tapıb işləmiş olsaydı, əmək haqqı heç olmasa ailənin gündəlik xərclərini az da olsa ödəyə bilərdi.

    Mətinin evində gözə dəyəsi heç nəyi yox idi. Olan-olmazını satıb sovmuşdu. Borca girmək, alverlə məşğul olub ailəsini dolandırmaq, həm də borcları qaytarmaq arzusuna düşdü. Doğrudur, qonşuları, tanış-bilişləri arasında da o yolla gedənlər olmuşdu. Ancaq onlar istədiklərini əldə edə bilməmişdilər, ev-eşikləri də əllərindən çıxmışdı. Mətinin bundan bilgisi vardı. Ancaq o “məndə bəlkə belə olmadı” deyə qərarını qətiləşdirdi. Arvad-uşaq qonşuların o yolla getdiyini, ev-eşiklərinin belə, əllərindən çıxdığını andırdılar və onu bu yoldan çəkindirmək istdilər. O isə, məsələnin bir başını düşünüb fikrindən dönmədi. “Qonşuların baxtı gətirmədiyinə görə işləri alınmadı, bəlkə mənim baxtım gətirəcək” fikrini başında dolandıra-dolandıra hər dəfə arvad-uşaqlarını acıladı. “Yox, heç zaman indi düşündüklərim ağlıma gəlməmişdi. İndi cəsarətə gəlib düşündüm-düşündüm axır yaşamağın yolunu tapdım” deyə arvad-uşağına ürək-dirək, təskinlik verdi. Nə etmək olardı, arvad-uşaq razı olmasa da o, uşaq deyildi, ali təhsilli müəllim idi, evin böyüyüydü, çətinliklərdən çıxmaq yolunu daha çox özü düşünüb tapa bilərdi.

    Məti borc almaqçın çox qapılar döydü. Ancaq, sonda borcu xəzinələrdən götürməyi daha münasib sandı. Hər şərtə razı olduğunu bildirib bir xəzinəni razı sala bildi. Şərt isə, ağırdı. Mətinin tələb etdiyi məbləğə girov bir beşotaqlı, bir ikiotaqlı mənzil tələb olunurdu. Mətinin özünün beşotaqlı mənzili vardı, bilmirdi ikiotaqlı mənzili necə etsin. Çox düşündü, çox daşındı, axır çıxış yolunu qardaşında tapdı. Qardaşının ikiotaqlı mənzili vardı və öz qardaşından mızayğa eləməzdi. Bir çətinlik ortada idi, o çətinlik də Mətinin qardaşından uzun müddətdən bəri para borclu olmasındaydı. Qardaşı da imkansız idi, o da ağır şəraitdə yaşayırdı. O, qardaşının evini girov qoymaq istəməsini bildirməkçün söz deməyə, onu inandırmağa özündə güc axtardı. Çox çətindi. Çünki qardaşının da ailəsi böyük idi və ümidi də həmin ikiotaqlı mənzilə gəlirdi. Ola bilər, qardaşı razılaşardı. Qardaşının ailəsi isə, buna razı olmaya bilərdi.

    Bir gün Məti cürətə gəlib qardaşıyla görüşdü, ona məqsədini dedi, həm də ondan çoxdan borc aldığını yada saldı, qaytara bilmədiyinə görə qardaşından utandığını bildirdi. Qardaşı çox sevdiyi əziz qardaşının sözündən də çıxa bilməzdi. Məti ilk qazancından ona olan borcunu ödəyəcəyinə, sonra da hər zaman kömək eləyəcəyinə söz verdi. Mətinin sözündə yalan ola bilməzdi, çünki o, nə özü, nə də qardaşı yalançı deyildi, çıxdıqları ailə də çox təmiz, çox saf və doğrucul ailə idi. Ancaq bircə soruna cavab tapmaq qalırdı: o, dediyi qazancı əldə edə biləcəkdimi, əldə edə bilməsəydi necə olacaqdı? O, isə qazanc əldə edə bilməyəcəyi haqqında heç düşünmürdü də. Çünki onun gözü qarşısında qaz vurub-qazandolduran adamlar da yox deyildi. Ancaq, elələrinin arxasında kimlərin, hansı simsarlığın, hansı yerlilərin durduğunu unudurdu. Mətiyə elə gəlirdi, çətini əsas maya əldə eləməkdir, maya olandan sonra qazancı qaz vurub-qazandoldurmaq həddində olacaq, üst-üstə yığılıb qalmış borclarını da qaytaracaq, hələ üstəlik neçə-neçə adama da əl tutacaq. Buları o yoxsulluğun sitəminin təntitdiyi xəyalına gətirirdi. Xəyalları onu maya tapmaqdan, çoxlu para qazanmaqdan savayı heç nə haqqında düşünməyə imkan vermirdi.

    Məti qardaşının mənzilini girov qoymaq istədiyini arvad-uşağına deyəndə onlar öncə buna razı olmadılar. Dedilər, qonşularımız borc içində itib-batan Hüsü, Həsi və Məsi də “bəlkə əlim gətirdi” deyə öz mənzillərini, həyətyanı torpaq sahələrini girov qoyub borc aldılar, nədi-nədi, aldığı paranı maya eləyib “bəlkə əlim ətirdi” deyə, alverlə məşğul olacaqlar və əldə etdikləri qazancla daim gözləri yol çəkən arvad-uşaqlarını, ac-yalavac qohum-qardaşlarını da çörəyə çatdıracaqlar. Umudları puça çıxdı, heç nə əldə edə bilmədilər. Bununla, “it də getdi, ip də”. Borca para verənlər olan-olmazlarını da əllərindən çıxartdılar, yenə də borclu qaldılar. İndi onların harada olduqları, harada yaşadıqları belə, bilinmir. Deyirlər, hərəsi bir yana səpələnib. Arvad-uşaqlarını da bir yerə yığa bilmirlər. İntihar edənlərinin olduğunu deyənlər var. Neynəsinlər, neçə müddət küçələrdə, orda-burda qalmaq olar…

    Bütün bunları gördükləri halda, Mətinin özünü də, qardaşını da “bəlkə”lər şirnikləndirmişdi. Düşünürdülər, bəlkə əli gətirdi, Məti dediyi qazanca çatdı! Onun milyonlar qazanacağına qardaşı da özünü inandırmışdı. Deyirdi, Allah fürsət verər, işləri düz gətirər. Deyirdi, mən qardaşımın çoxlu para qazanacağına inanıram. Bəlkə əli gətirdi, elə, bir gündə milyondan da aşırı para qazandı! Sonra da para paranı gətirdi, bir milyon oldu iki milyon, iki milyon oldu üç milyon… Belə olanda bizim borc verdiyimiz o “qəpik-quruşu” da qaytaracaq, hələ üstəlik bəlkə bizə də gərəyincə köməyi dəyəcək. Məti qəlbitəmiz qardaşdır. Ola bilməz, qazandığı milyonlardan bizə verməsin, ola bilməz, qardaşı uşaqlarını ehtiyac içində saxlasın. Qardaş mənimdir, onu tanıyıram, əliaçıqdır, bizi də bu ağır durumdan çıxartsa o çıxardacaq. Yox, mən Mətini əliboş qaytara bilmərəm. Arvad, evin sənədlərini gətir, aparıb qardaşıma verəcəyəm. Bəlkə bizim də “atımızın alnına gün doğdu”…

    Arvadı evin sənədlərini tapıb gətirdi, kişi aparıb qardaşına verdi. Məti öz evinin də sənədlərini götürdü, taksi tutub sevinə-sevinə xəzinəyə yollandı. Sənədləri göstərdi, götürmək istədiyi paranın da məbləğini dedi. Sənədləri o yan-bu yana aşıran xəzinə yetkilisi o civarda paranı verməkçün zəhməthaqqı olaraq üstəlik para verməsini Mətidən tələb etdi. Məti düşündü, xəzinə yetkilisi ona borc verməyə də bilər, verirsə, bunun zəhməthaqqı da olmalıdır. Çünki eşitdiyimə görə qayda hər yerdə belədir. Düşündü, yaqin burada da qanun belədir. Xəzinə yetgilisi ilə məsələni tündləşdirmək istəmədi. Dedi, bu anda parası yoxdur, indi verəcəyi tutarın üstündən götürsün, o verdiyi zəhməthaqqı heç gözünə görünməyəcək. Xəzinə yetkilisi Mətini belə gülərüz gördükdə onun da ürəyi açıldı, üzü güldü. Mətiyə dedi, gərək özəl tutarın 5-6 faizini verəsən. Mətiyə para gərək idi və bu paranın verdiyi gəlirin yanında çox da böyük tutar olmadığını beynində oynadıb razılaşdı. Ürəyində dedi, inşallah bəlkə əli gətirdi, o boyda qazancın yanında verdiyi zəhməthaqqı nədir!

    O, paranı aldı taksi tutub sevinə-sevinə evinə, arvad-uşağının yanına yollandı. Yol boyu satışçun alacağı malları elə hey götür-qoy elədi, onların alış-satış qiymətlərini düşünüb ürəyində hesabları. Hesablamaları elə alış-verişinin birinci günündə çox böyük qazancı olacağını göstərirdi. Düşünürdü, bəlkə birinci lap aşırı oldu, qazancından bütün borcunu ödəyə biləcək, borclularını sevindirəcək! Bəlkə xəzinədən olan borcunun da bir hissəsini, ya da elə hamısını ödəməyə gücü çatacaq! Evə çatanda arvad-uşaqlarını necə sevindirəcəyini xəyalına gətirdi, bu başdan özünün sevinci birə-beş artdı. Bunları xəyalında canlandırıb arvad-uşağını görməyə tələsdi.

    Sevinc içində, gülər üzlə evə çatdı. Arvad-uşağı Mətini uzaqdan görüb qabağına yüyürdülər. Məti işinin düzəldiyini, çoxlu para ala bildiyini onlara gülə-gülə, sevinə-sevinə dedi. Düzdür, sevinsələr də, ürəkdən sevinə bilmirdilər. Çünki elə bu yaxınlarda qonşularının başına gələnləri yadlarına salıb üzülürdülər. Özlərini onların yerinə qoyurdular canlarına üşütmə düşürdü. Bunu Mətiyə deməyə də ehtiyatlanırdılar. Düşündülər, hamının işləri düz gətirməyə bilər, qonşular da həmin o işi düz gətirməyənlərdən ola bilərlər. Bir də, Məti yenə deyərdi mənim işimə qara doğrayırsınız, işlərim düz gətirmir. Məti paradan bir az cibinə qoyub yabançı pasport almaqçın taksi tutub məntəqəyə yollandı. Məntəqəyə çatıb sevincək məqsədini bildirdi. Məntəqə yetkilisi onlarca Məti kimiləri yola salmışdı. Dəsbəçə Mətini də anladı və “yabançı pasport almaq sənin haqqındır, ancaq əlin cibində olsun” dedi. Məti onu öncədən anlamışdı və hazır gəlmişdi. Tez sevincək cavab verdi: “bəy elə əlim cibimdədir, arxayın olun!”. Yetkili dedi əlini cibindən çıxart, bizim zəhməthaqqımızı ver, sonra… Məti əlini cibindən çıxartdı, “zəhməthaqqı”nı verdi və pasportu aldı. Sevincək, bir taksi saxlatdırdı evinə, arvad-uşağının yanına qayıtdı.

    (Ardı var)

    Bəhmən SULTANLI