“BİZİM YUMRUĞUMUZ SADƏCƏ, DÜŞMƏNİN BAŞINI YARAN YUMRUQ DEYİL…” – Prezident İlham Əliyev

111

Status-kvonu biz dəyişdirdik, döyüş meydanında dəyişdik. Bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. İyirmi il biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar sadəcə olaraq kağızda qaldı”.

Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Çünki siyasi iradə göstərilmədi. Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Prezident İlham Əliyev deyib ki, işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər: “Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar. Laçın şəhərində, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda – Füzuli, Cəbrayıl və digər rayonlarımızdakı kəndlərimizdə də yaşayıblar”.

“Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra “referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma “Dağlıq Qarabağ respublikasını” tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Onların bu gün status-kvonu bərpa etməyə çalışdıqlarını qeyd edən dövlətimizin başçısı deyib: “Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu beynəlxalq vasitəçilərə hörmətsizlikdir”.

Prezident İlham Əliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik: ” BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas”.

Dövlətimizin başçısı deyib: “Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik. Bizim belə planlarımız yoxdur. Baxmayaraq ki, Gəncəni onlar Ermənistan ərazisindən bombalamışdılar iki dəfə. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik və mən bildirmişdim ki, biz onların intiqamını, şəhidlərimizin qisasını döyüş meydanında alacağıq və alırıq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və buna biz nail ola bildik”.

azpolitika.info