“Bizi Avropada heç kim tam hüquqlu üzv kimi gözləmir” – ƏVƏZ HƏSƏNOV

39

“Avropa Birliyi maraqlıdır ki, Azərbaycan enerji ehtiyatlarından gələn gəlirlərin iqtisadiyyatda təsirini azaltsın”

“Zaman keçdikcə Azərbaycan bazarı açıq olacaq…”

Dünən baş nazirin müavini Əli Əhmədov Avropa İttifaqının maliyyələşdirdiyi “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbirdə  bildirib ki, ölkəmiz Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb: “Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq”. 

Maraqlıdır, o halda bu işlərin tezliklə yekunlaşması və sazişin imzalanması mümkündürmü?

“Hurriyyət”in  bu və digər suallarına cavab almaq üçün Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənovla söhbətləşdik.

– Əslində, Avropa ittifaqı ilə sazişin imzalanması keçən il Avropa Parlamentinə keçirilən yeni seçkilər ərəfəsində də real idi. Çünki müəyyən bir təsəvvür yaranmışdı ki, Azərbaycan hökuməti bu razılaşmanı məhz o köhnə parlamentin vaxtının bitməsindən əvvəl etsin və eyni məqama düşsün. İndi ola bilsin ki, Azərbaycan tərəfi müəyyən texniki məsələləri də yekunlaşdırıb. Bilirsiniz ki, prezident bu il Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı çıxışında qeyd etdi ki, “biz əslində Avropaya inteqrasiya  məsələlərində Avropa ilə dərin inteqrasiyanı qəbul etmirik” və onun da səbəblərini çox gözəl açıqladı. Doğrudan, bizim  Avropa Birliyi ilə dərin inteqrasiyamıza mane ola biləcək məqamlar prezidentin çıxışında çox gözəl qeyd olunmuşdu. Elə o da əsas səbəblərdən biridir. Ancaq indi əgər elan olunduğu kimi, bu dərin inteqrasiya yoxdursa və bizi qane edəcək razılaşma Avropa Birliyi tərəfindən ciddi iqnor olunmursa, bu razılaşmanın imzalanması mənim üçün uzaqda deyil və Azərbaycan hökuməti də bunu balanslaşdırmaq üçün çox yaxşı başa düşür.

– Prezidentin  çıxışını xatırlatdınız. Ancaq Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirdi ki, “ Avropa İttifaqı  ilə münasibətlər Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir”. Bəzən Avropaya istiqamətlənən, bəzən də Avropadan uzaqlaşan bəyanatların verilməsi nə ilə əlaqədardır?

– Bilirsiniz, prezidentin çıxışı məncə, düzgün şərh olunmadı. Prezident heç bir vaxt deməmişdi ki, biz Avropa ilə inteqrasiyanın əleyhinəyik. Prezident demişdi ki, biz özümüzün balanslaşdırılmış siyasətimizi qorumaqla, yəni dəyərlərimizi nəzərə almaq şərtilə Avropa ilə istənilən ikitərəfli əməkdaşlıq sənədini imzalamağa hazırıq. Orada konkret olaraq Gürcüstan, Ukrayna və Moldova variantını misal da çəkmişdi. Demişdi ki, “əgər Avropanın özündə “Breksit”dən sonra Avropa İttifaqına daxil olan üzvlər tərəfindən hansısa könül qırıqlığı yaranıbsa, niyə biz özümüzə sərf edən ikitərəfli əməkdaşlıq sənədi üzərində düşünməməliyik?” Bu, çox normal bir taktikadır. Məncə, “Breksit” əhval-ruhiyyəsi Avropanın özündə də müəyyən bir ruhdüşkünlüyünə gətirib çıxartmışdı və bizi Avropada tam hüquqlu və yaxud tam inteqrasiya olunacaq üzv kimi heç kim gözləmir. Prezidentin də qeyd etdiyi kimi, bizim Avropadan  hansısa bir iqtisadi güzəşt gözləntilərimiz yoxdur. Azərbaycan Avropanın maliyyə yardımlarından asılı deyil, axı. O baxımdan, prezident qeyd etmişdi ki, “bizim hələ ki, özümüzün neft ixracımız var və müstəqil, balanslaşdırılımış siyasətimizi qorumaq əzmindəyik”. Məncə, bu mesajın arxasında məhz bu, dururdu.

Azərbaycan heç Rusiyanın rəhbərlik etdiyi ittifaqa da getmir. Azərbaycan nə Avrasiya İttifaqına, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də digər regional siyasi yönümü olan təşkilatlara qoşulur. Əgər Azərbaycan Avropadan imtina edib, dərhal Avrasiya İttifaqına, yaxud  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulsaydı, onda biz başa düşərdik ki, Azərbaycan Avropa yönümündən çəkilib. Amma çəkilməyib, axı. Sadəcə, konkret izah etmişdi ki, səbəblər budur.

– Belə fikir də səslənir ki, “Avropa ittifaqı ilə Saziş mətninin demək olar ki, 90 faiz hissəsi razılaşdırılıb. Ancaq enerji və ticarətlə bağlı məsələlərdə Avropa İttifaqı daha çox səy göstərməlidir. Avropa İttifaqı sazişə münasibətdə imtiyazlı mövqe, başqa sözlə desək, təhqiramiz ticarət yanaşması göstərməməlidir”. Sizcə, razılaşdırılmayan 10 faizdə Azərbaycana qarşı “təhqiramiz ticarət yanaşması” göstərilir? 

– Azərbaycan Ümümdünya Ticarət Təşkilatının üzvü deyil, axı. Prezident bunu çox aydın şəkildə izah etmişdi. İndiki prinsiplərdən biri o idi ki, Azərbaycan Ümümdünya Ticarət Təşkilatının üzvü olmadığı üçün olkəmizlə istənilən halda dərin iqtisadi münasibətlərin qurulması qeyri-mümkündür.

Enerji məsələsinə gəldikdə isə Azərbaycan enerji xammalı ixracatçısıdır və bunun qiyməti var. Təbii ki, Avropa Birliyi maraqlıdır ki, Azərbaycan enerji ehtiyatlarından gələn gəlirlərin iqtisadiyyatda təsirini azaltsın. Təbii ki, Azərbaycan bu məsələdə gecikir və müəyyən qədər israfçılıq edir. Ancaq getdikcə bu azalmaları hökumət üzərinə götürəcəksə, məncə, burada da bir irəliləyiş ola bilər. Yəni Avropa Birliyi bizdən əgər enerji məsələləri ilə bağlı hansısa bir yumşalma hiss edirsə, eyni zamanda satınaalma məsələlərindən güzəştli istifadə edir. Məsələn, prezident qeyd etmişdi ki, şərtlərdən biri ondan ibarətdir ki, bütün enerji resurslarının daxili bazara satış qiyməti qaldırılsın. Azərbaycan bunun niyə qaldırmır? Çünki əhalinin narazıçılığına səbəb olar və əhalinin gəliri ilə onun xərci arasında böyük fərqdən irəli gələn bir şeydir. Yəni bu amillər də var.  Təbii ki, burada Azərbaycan öz bazarını qorumaq istəyir. Eyni zamanda  monopoliyanı qorumaq istəyir. Ancaq zaman keçdikcə bunların qarşısını almaq mümkün olmayacaq. Zaman keçdikcə Azərbaycan bazarı açıq olacaq və məncə, bu məsələdə Avropa Birliyi də müəyyən qədər inadlı olacaqsa, buna nail ola biləcəklər.

– Xatırlayırsınızsa, ötən il Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul etmişdi. Layihə çərçivəsində Azərbaycana da 2 milyard 78 milyon avro ayrılmışdı. Azərbaycan hazırda bu pulu  istifadə edə bilirmi?

– Bəli, bu, konkret olaraq Azərbaycanın yol infrastrukturunun yaxşılaşdırılmasına ayrılan vəsaitdir. Yəni onun başqa təyinatı yoxdur. Bu yol infrastrukturuna da Azərbaycan başlayıb. Konkret misal bilmirəm, ancaq Azərbaycan dəmiryol xəttinin inkişafı üçün bu vəsaiti xərcləməlidir. Təbii ki, bu da Avropa Birliyinin büdcəyə nəzarəti formasında həyata keçirilir. Yəni bu vəsaitin xərclənməsi üçün Avropa Birliyinin də nəzarəti var.

 -Əvəz bəy, “ Hürriyyət” qəzetinə verdiyiniz müsahibələrin birində demişdiniz ki, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində danışıqlara başlayanda Azərbaycana 96 milyon ödənilmişdi, amma islahatlar Avropa Birliyinin istəyinə uyğun getmədiyi üçün Azərbaycanın ondan sona qədər istifadə edə bilmədi. Bəs, son vaxtlar aparılan islahatlar Avropa Birliyinin istəyinə uyğundur?

– Bilirsiniz, o vaxtı Avropa Birliyi həmin pulu büdcəyə keçirməliydi və o, büdcədə də nəzarət etməliydi. Azərbaycan da bununla razı deyildi. Ona görə, istifadə etməmişdi. İndi bir az yanaşmalar dəyişib. İndi ümumi ticarət baxımından, Avropa Birliyi ölkələri Azərbaycanla ən çox ticarət mübadiləsinə malik olan ölkələrdir. Azərbaycanın neft, qaz ixracı demək olar ki, məhz Avropa ölkələrinə yönəlib. Azərbaycan texniki avadanlığı da Avropa bazarlarından alır. Yəni indi qaydalar, münasibətlər dəyişib. Getdikcə bu intensiv ticarət mübadiləsinin fərqi, rəqəmi Azərbaycan iqtisadiyyatında artacaq. Ona görə də geriyə dönmələr yoxdur, əksinə intensivləşəcək. Təbii ki, ərzaq bazarının təminatında Avropa Birliyi ilə əməkdaşlıq o qədər də ürəkaçan deyil. Məsələn, Azərbaycanın əsasən ərzaq bazarının təmin olunmasında istinad etdiyi Rusiya, Ukrayna, Belarusiya, Türkiyə və İrandır. Ancaq tikinti materiallarından tutmuş bütün müasir texniki avadanlıqları Avropadan alırıq. Ona görə,  bu münasibətlər daha da intensivləcək.

-Avropa Birliyi ilə əməkdaşlıq sazişi imzalandığı halda, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq vacibdir. Ancaq  qeyd etdiniz ki, Azərbaycan rəhbərliyinin  bu məsələyə münasibəti fərqlidir. Ümumdünya Ticarət Təşkilatına üzv olmadan bu sazişin imzalanması real görünürmü?

-Azərbaycanla Avropa Birliyi arasında Assosiativ və yaxud hətta Ermənistanla belə, imzalanan saziş formasında bir saziş olmayacaq. Bu, bir az fərqli saziş olacaq. Ona görə, mənə elə gəlir ki, Azərbaycan bu məsələdə özünü arxayın aparır.  Heç kim, konkret olaraq Avropa İttifaqı bizdən Ümumdünya Ticarət Təşkilatına üzv olmağımızı qəti şərt kimi irəli sürmür. Elə hökumət də məncə, bunu onlara izah edib,  Avropa Birliyi də bu məsələdə müəyyən qədər geriyə çəkilib. Elə ölkələr var ki, Ümumdünya Ticarət Təşkilatından çıxmaq istəyirlər. Çünki Ümumdünya Ticarət Təşkilatı bazarın individuallığını demək olar ki, sıfıra endirib. Təbii ki, müəyyən üstün cəhətləri də var. Ancaq onların bazar özəlliyini sıfıra endirən şərtləri var. Təbii ki, qloballaşma iqtisadiyyata çox böyük mənfi və müsbət təsirlər göstərmişdir. İndi da daha çox individual siyasi, iqtisadi münasibətlərin zamanı gəlib çatıb. Məsələn, Breksit  dövlətlər üçün çox böyük təkamül oldu ki, onlar öz bazarlarını qorusunlar. İşçi, əmək, maliyyə bazarlarını qorusunlar və eyni zamanda bunu daxili  bazara yönələn qaydalarda şərtləndirsinlər.

Şamo EMİN, Hurriyyet.org