“Bizi müdafiə edən rus ekspertlərlə işləmək gərəkdir” – SAMİR ƏLİYEV

72

“Rusiyanın əsas narahatlığı Türkiyənin onu Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq qorxusudur”

“Rusiya ilə Ermənistan dostluğu Azərbaycanla Türkiyə dostluğu qədər möhkəm ola bilməz. Çünki birinciləri ancaq dövlət maraqları bağlayır. Dini amil olsaydı, Rusiya Gürcüstanla da dost olardı. Milli amil olsaydı, Rusiya Ukrayna ilə düşmən olmazdı. Deməli, Rusiya-Ermənistan birliyi möhkəm deyil və o, konkret marağa söykənir”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

Bu barədə düşünməyin vacibliyini vurğulayan Samir Əliyev qeyd edib ki, Rusiya telekanallarında açıq-aşkar tərəfkeşlik var, amma güclü ekspert qarşısında dərinə gedə bilmirlər: “Solovyovu unudun getsin, şoumendir. Sırf kütləyə işləyir. Amma “60 minut” verilişi ilə bağlı iradları qəbul etmirəm. Ər-arvad olan aparıcılar maksimum dərəcədə balansı qoruyurlar. Rusiya kanallarını ekspertlə təmin etmək lazımdır. Prezidentin Rusiya efirində aktivliyi və onun fonunda Paşinyanın arqumentsizliyi bizim mövqeyimizi xeyli gücləndirib. Bizi müdafiə edən rus ekspertlər də var. Onlarla və digərləri ilə işləmək gərəkdir. Son günlərə qədər Rusiya kanallarında balans mümkün qədər qorunurdu. Ən azı xəbərlər birtərəfli verilmir. Hər iki tərəf işıqlandırılır. Problem ancaq tok-şoulardadır”.

İqtisadçı ekspertin sözlərinə görə, Rusiyanın əsas narahatlığı Türkiyənin onu Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq qorxusudur: “Ermənilər də siyasəti bunun üzərində qururlar. Rusiya ermənilərin dostudur fikrini kənara qoymaq lazımdır. Bu dünyada daimi dost yox, daimi maraqlar var. Rusiya cəmiyyəti, mətbuatı ilə işləmək lazımdır. Unutmayaq ki, 2 milyon soydaşımız da hər gün TV kanallarında həvəslə bizim mövqeyləri izləyirlər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org