Bizdə “üsyankar məmur” olmur, həris məmur olur

126

Müdrik xalqımız nəyin bahasına olursa olsun, bu paytaxtdan çıxmaqda israrlıdır. Gecənin 1-də, tapşırıqla, “yuxarıdakı” bir nəfərin postdakı bir nəfərə zəng edib, göstəriş verməsi ilə şəhəri tərk edən oğlanlar var hazırda. Şengen vizası yalandır bu söhbətin yanında. “Əsas postu keçməkdir” deyir gedənlərin hər biri. Sən də matdım-qutdum sosial şəbəkədə gəzişəndə görürsən ki, ey dili-qafil, bu qədər adam Qəbələdən, Şəkidən, Şamaxıdan, Qubadan… necə şəkil çəkdirə biliblər? Üstəlik, şəkli də “Təbiət sizə doğru gəlmirsə, siz təbiətə doğru gedin” tipli statuslarla bəzəyiblər? İş yerləri bəlli, peşələri bəlli.. Gerçəkdən hamısı ezamiyyə vərəqəsi ilə gediblər? Deməzsiz aldatdım?

Amma iş postu keçməklə bitsə nə vardı ki? Getdiyin yerdə də dörd göz, dörd qulaq gəzməlisən. Ay aman, yerli rayon polisi tutmasın, qoyma restoranda monitorinq keçirdilər… Maşınının nömrəsi səni ələ verir axı avtomatik. Bahalı restoranların qabağındakı Bakı seriyalı maşınlar avtomatik olaraq reydlərə “gəl-gəl” deyir. Cərimə də nə az, nə çox, düz 200 manat. Di get ödə. Ya da qaçdı-tutdu oyna, restoranda tikəni dişinə çəkəndə bir gözün də oturduğun kabinanın pəncərəsində olsun. Birdən gəldilər? O məşhur reyddəki kimi restoranın pəncərəsindənmi qaçacaqsan? Dəyərmi buna? Bir tikə kababa görə 200 kilometr məsafə qət etmək bir yana, o ürək döyüntüsü ilə yemək yeməkdən nə anladınız, mən də bunu çözə bilmədim.
Əslində sözün böyük mənasında bu ölkə ürək döyüntüsü ilə çörək yeyənlərlə doludur. Bəzilərinin gözü doyanda nəfsi doymur. Nəfsi doyanda da qarnı doymur. Baxın, məmurlara. Adam şoka girir. Baxırsan ki, bir insanın arzulayacağı hər şey var həyatlarında. Uc nöqtələrdə yaşayırlar hər şeyi. Arzularını limitsiz olaraq reallaşdırırlar. Amma çoxbaşlı əjdaha kimidir bu arzular. Biri reallaşan kimi o biri çıxır. Birinin yerindən o biri çıxır, daha doğrusu. Sonra məşhur nağıldakı balıqçı qarısının gününə düşürlər. Qızıl balıqdan öncə təmirli daxma, ardınca saray… sonra da o balığın özünü istəyən tamahkar qarı. Hər bir məmurun içində bir “balıqçı qarısı” oturub əslində. Hər bir korrupsionerin evində balıqçının həris qarısı kimi bir qadın var. Əyləc basmaq bilməz, limit anlamaz. Əlində telefon, digər oliqarxların, məmurların arvadına baxar. Yarışdıqca yarışar. O, yarışar, məmur talayar. O, doymaz, millətin malı tar-mar olar. O, istəyər, əri oğurlayar.

İstintaq hələ bitməmiş ola bilər. Amma fakt faktlığında qalır. Dünyanın hər üzünü görmüş, zamanında ən yüksək vəzifələrdə oturmuş, sonra da dünyanın ən gözəl ölkəsində, firavan, rahat, relaks şəkildə yaşamağı tərcih etməli olan adam dinc durmayıb. Siyasi eqolar, korrupsiyalar, daha nələr… Çıxacaq hamısı üzə. İnsan bu tamahın gücünü çözə bilmir nədənsə. Tibbdə buna bulumiya xəstəliyi deyirlər, doymazlıq. Yedikcə yeyir, bəzən o qədər çox yeyirlər ki, orqanizm haldan düşür. Bu zaman süni şəkildə özlərini qusdururlar, mədə bu yükdən azad olsun deyə. Hazırda baş verən də tam bunun inikasıdır. Adamlar yediklərini qusublar – bir fərqlə, öz istəklərilə qusmurlar.

Ölkədə nəyisə dəyişdirəcəyinə, insanları firavan həyata çatdıracağına inandığımız adam olsa, bəlkə də gizli siyasi həmlələrini anlamaq mümkün olardı. Düşünərdin ki, bu, ölkəni düzəltmək istəyir, ona görə hərəkətə keçib. Amma sən illərlə ölkənin hüquq-mühafizə orqanlarından birini viran qoy, bu rüşvət çarxını yağla, sonra qocalığında səni Avropanın gözəl bucağına qeyri-rəsmi təqaüd-məzuniyyətə göndərsinlər və sən birdən baş qaldır. Azərbaycanlıların o çox sevdiyi sözlə desək, “gəlmişdiniz, gördük axı”. Gələcəksiniz, yenə eyni günü görəcəyik. Necə deyərlər, yaşatdıqlarınız yaşadacaqlarınızın qarantıdır. O zaman məntiq nə? Xaos, qarışıqlıq…hazırda bu millətin ən axırıncı istədiyidir. Çünki diqqətlərin Qarabağa yönəldiyi, az qala prezidentlər arasındakı iki dəqiqəlik telefon danışıqlarından iki milyon nəticə çıxardığımız, ümidlərin artdığı, Qarabağa bir az daha yaxınlaşmaq istəyimizin çoxaldığı bir dönəmdə… bu qarışıqlıq kimə lazımdır? Xəstəlik bir tərəfdən, Qarabağ digər tərəfdən… İnsanımız həm özünü qorumağa, həm də itirdiyi sərvətini geri qaytarmağa təşnə olduğu bir zamanda bu nə “yeni qəhrəman” axtarışı sevdasıdı? Bu torpaqlar elə “qəhrəmanları” çox görüb və görəcək.

Odur ki, Allah eşqinə, qısa müddətdə “üsyankar səfir”, “asi məmur” tipli epitetlərlə gözümüzü yormayın. Bizdə nə səfir, nə məmur, nə də nazir üsyankar olmur. Onlar sadəcə həris olurlar, hədlərini aşmaq, imtiyazlarını artırmaq istəyirlər. Buna isə hökumət icazə vermir, bu qədər… Olan-bitən, qopan budur.