“Biz donor bankı yaratmaq üçün cəmiyyətlə xeyli işləməliyik”

    36

    Adil Qeybulla: “Çox vaxt orqanın verilməsi könüllü addım kimi təqdim edilsə də, araşdırıldıqda bunun əslində cinayət əməli olduğu aşkarlanır”

    Mircəlal Kazımi: “İnanıram ki, tez bir zamanda meyitlərdən orqan transplantasiyası məsələsi öz həllini tapacaq”

    Mahmud Hacıyev: “Orqan mafiyası dünyaya meydan oxuduğundan, cinayət qaqnunvericiliyinə əlavə və dəyişikliklər edilməlidir”

    Ötən yazılarımızdan birində sizə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqda məlumat vermişdik.

    Onu da qeyd etmişdik ki, həmin qanuna əsasən öz daxili orqanlarını satan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

    Sözügedən məsələni hüquqi, psixoloji, mənəvi aspektdən çözmək üçün mütəxəssislərlə söhbət etdik. Onların fikirlərini sizə çatdırırıq:

    “Qohumdan orqan götürmək məqsədəuyğun sayılmır”

    Картинки по запросу Adil Qeybulla

    Tibb elmləri doktoru, professor, tibbi ekspert Adil Qeybulla:

    “Donor haqqında qanun layihəsinin qəbul olunması hələ heç nə demək deyil. Məsələ ondadır ki, ölkədə donor bankı olmalıdır, hansısa insandan orqan alınması, yaxud kiminsə öz orqanını satması isə cinayət hadisəsidir. Çünki təcrübə göstərir ki, çox vaxt orqanın verilməsi könüllü addım kimi təqdim edilsə də, araşdırıldıqda bunun əslində cinayət əməli olduğu aşkarlanır.

    Ümumiyyətlə, sivil ölkələrin heç birində bu praktikaya icazə verilmir. Əvvəla, icbari tibbi sığorta var və bütün vətəndaşlar bundan istifadə edirlər. Orqan bir qayda olaraq beyin ölümü keçirmiş sağlam insanlardan götürülür və cəmiyyət qəbul edir ki, dünyasını dəyişən insanın kiməsə yeni həyat bəxş edə biləcək daxili orqanlarını özü ilə o dünyaya aparmasının heç bir önəmi yoxdur. Bu üzdən əksər dünya dövlətlərində bu işə könüllü gedilir.

    Qohumdan orqan götürmək də məqsədəuyğun sayılmır, çünki bu orqan verən şəxsin sağlamlığına zərər vura bilər. Bir böyrəyini, yaxud qaraciyərinin bir hissəsini verən insanın sabah orqanizmində bir sıra mənfi dəyişikliklər baş verə bilər. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, bəli, bu cinayətdir və bu qanun çoxdan qəbul olunmalı idi. Amma problem ondan ibarətdir ki, biz donor bankı yaratmaq üçün cəmiyyətlə xeyli işləməliyik. Çünki bizdə misalçün, avtomobil qəzası nəticəsində beyin ölümü keçirmiş bir gəncin yaxınları heç vaxt onun daxili orqanını götürməyə icazə verməzlər. Cəmiyyəti buna hazırlamaq lazımdır. İnsanlar bunu dərk etməli və daha humanist olmalı, cəmiyyət daha sosial olmalıdır ki, bu cür məsələlər də daha normal qarşılansın və donor poblemi aradan qalxsın.

    “Bu il 72 böyrək transplantasiyası və 11 qaraciyət transplantasiyası həyata keçirmişik”

    Картинки по запросу Mircəlal Kazımi

    Tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi:

    “Bu il 72 böyrək transplantasiyası və 11 qaraciyət transplantasiyası həyata keçirmişik. “Daha çox hansı orqanın transplantasiyasına ehtiyac duyulur” sualına cavab verməkdə çətinlik çəkirəm. Çünki bu gün ölkəmizdə bütün daxili orqanların transplantasiyasına ehtiyac var, qaraciyər, böyrək, gözün buynuzlu qişası, ürək, ağciyər, mədəaltı vəzi və sair orqanların çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da kifayət qədər çoxdur.

    Amma hazırda ölkəmizdə canlı qohum donordan orqan götürdüyümüz üçün yalnız qaraciyərlə böyrəyin transplantasiyasını icra edə bilirik, bu orqanların köçürülməsinə ehtiyacı olan xəstələr də yetəri qədərdir.

    Təbii ki, orqanların yalnız canlı qohum donorlardan götürülməsi kifayət qədər problemli məsələdir. Çünki orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı ilə onların donorları arasındakı nisbət tərs mütənasibdir. Xəstələrin və xəstəliklərin sayı artmaqda davam etsə də, donorların sayı məhduddur. Bu vəziyyətdə təbii ki, xəstələrin canlı donor tapmaq problemi yaranır.

    Bundan əlavə, donoru olmayan, təcili hallarda əməliyyata ehtiyacı olan, eləcə də canlı donor şansı olmayan orqan (xüsusilə də ürək) çastışmazlığından əziyyət çəkən insanlar var.

    Amma bu məsələnin alternativ həll yolu var. Söhbət meyit orqanlarının xəstələrə köçürülməsindən gedir. Çox təəssüf ki, hazırda ölkəmizdə bu cür əməliyyatlar həyata keçirilmir.

    Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması ilə bağlı real problem beyin ölümü diaqnozunun qoyulmaması, eyni zamanda meyitlərdən orqan köçürülməsi haqqında təlimatların olmamasıdır.

    Bu gün ölkədə nə qədər insanın orqan çatışmazlığı səbəbi ilə dünyasını dəyişdiyini dəqiq rəqəmlərlə söyləyə bilməsəm də, əminliklə deyə bilərəm ki, orqan çatışmazlığından əziyyət çəkən, donor tapılmadığına görə əməliyyat oluna bilmədiyinə görə həyatını itirən xəstələrin sayı kifayət qədər çoxdur.

    Bu gün meyit orqanlarından istifadə edərək orqan transplantasiyası əməliyyatlarının başlanması üçün layihə hazırlanır. Əslində bu layihə deyil, burada söhbət insan orqan və toxumalarının transplantasiyası haqqında 1999-cu ildə verilən qanuna əlavə və dəyişiklikləredilməsindən gedir və hazırda Milli Məclisin Səhiyyə komitəsinin işçi qrupu bu məsələ üzərində işləyir, Səhiyyə Nazirliyi də bu məsələ ilə yaxından maraqlanır. İnanıram ki, tez bir zamanda meyitlərdən orqan transplantasiyası məsələsi öz həllini tapacaq”.

    Картинки по запросу Mahmud Hacıyev

    Milli Şuranın üzvü, ekspert-kriminalist Mahmud Hacıyev:

    “Əslində bu həm çox mürəkkəb, həm də yetərincə incə bir məsələdir. Bilirsiniz ki, hər adamın istənilən məsələ ilə bağlı subyektiv fikri olur. Mənimsə bir hüquqşünas kimi fikrim belədir ki, əgər insan öz istəyi və razılığı ilə, tam şüurlu surətdə, heç bir məcburiyyət və təhrik olmadan daxili orqanlarından birini kiməsə verirsə, məncə, bu əməldə heç bir cinayət tərkibi yoxdur.

    Təbii ki, sözügedən qanunun düzgün olub-olmamadığı haqda qəti fikir söyləmək olmaz. Bu həndəsi teorem deyil ki, deyim, bunu mən kəşf etmişəm. Mən sadəcə öz fikrimi söyləyə bilərəm.

    Məndən daha savadlı və daha geniş iş təcrübəsinə malik hüquqşünaslar var ki, onlar bu qanunun düzgünlüyünü əsaslandıra bilər.

    Amma baxın, tutaq ki, bir insan hansısa səbəbdən öz razılığı ilə böyrəklərindən birini kiməsə verirsə, buna görə onu cinayət məsuliyyətinə cəlb etmək nə dərəcədə doğrudur?

    Bu həm mənəvi, həm də hüquqi cəhətdən kifayət qədər incə məsələdir. Çünki istintaq sübüt etməlidir ki, orqanını verən şəxs bunu maddi marağına görə edib. Amma aydın məsələdir ki, orqan köçürülən insan heç vaxt həyatını xilas edən donorun üzünə durmaz, onu ittiham etməz. Eləcə də donor orqanını satdığını etiraf etməz. Kənardan kimlərsə orqanın satın alındığı ilə bağlı ifadə verə bilər, amma bu dolayı sübutlardır və məhkəmə zamanı həmin adamlar ifadəsini dəyişib deyə bilər ki, istintaq vaxtı təsir altına düşüb yanlış ifadə vermişik, əslində pul söhbətindən xəbərimiz yoxdur, həmin olayın iştirakçısı da olmamışıq. Demək, həmin işin məhkəmə perspektivi də ölü vəziyyətdə olacaq. Orqan verilməsinin cinayət əməli kimi sübut olunması istər istintaqın gedişatında, istərsə də məhkəmə prosesi zamanı kifayət qədər çətin olacaq.

    Tutaq ki, mən öz daxili orqanlarımdan birini kiməsə vcrirəm. Həm maddi durumum ağırlaşıb, həm də orqan çatışmazlığından əziyyət çəkən şəxsə yazığım gəlir. Düşünürəm ki, mən artıq 70-i haqlamışam, o isə hələ gəncdir, yaşamaq istəyir və böyrəklərimdən birini ona hədiyyə edirəm. Həmin adamsa maddi durumumdan xəbərdar olduğu üçün mənə müəyyən məbləğdə pul mükafatı verir, sonra isə bu məsələ ilə bağlı cinayət işi qaldırılır. Təbii ki, məhkəmədə orqanını verən şəxs deyəcək ki, orqanımı hədiyyə etmişəm, orqanı alan şəxs də onun orqanın ona hədiyyə edildiyini təsdiqləyəcək. Bu halıda müstəntiq və hakim nəyə əsasən ittiham aktı yazıb cəza təyin edəcək?

    Təbii ki, heç bir qanun səbəbsiz yerə verilmir. Bütün hüquqi demokratik dövlətlərdə hər hansı qanunu verəndə məhkəmə istintaq təcrübəsinə istinad edirlər. Misalçün, bir də görürsən, cinayət məcəlləsinə yeni bir maddə əlavə edildi, yaxud inzibati xətalar məcəlləsinin hansısa maddəsi dəyişdirildi. Təbii ki, buna səbəb dövrün tələbidir. Son 20-25 ilin məhkəmə istintaq təcrübəsinə nəzər salsaq, görərik ki, 25 il bundan əvvəl orqan alqı-satqısı ilə bağlı cinayət əməlləri olmayıb, amma indi artıq orqan mafiyası dünyaya meydan oxuyur. Odur ki, cinayət qaqnunvericiliyinə əlavələr və dəyişikliklər edilməlidir. Düşünürəm ki, artıq orqan alveri ilə bağlı maddə də var cinayət qanunvericiliyində, sözügedən qanun insanların öz daxili orqanlarını satışa çıxarmasını əngəlləməklə yanaşı, ümumilikdə orqan alverinin də qarşısını almaq üçün nəzərdə tutulub”.

    Hazırladı: Banu OĞUZ, Hurriyyet.org