“Biz Türkiyənin isti nəfəsini hər saat və hər dəqiqə hiss edirik”

201

Qabil Hüseynli: “Başda cənab Ərdoğan olmaqla, Azərbaycan xalqına olan xoş münasibətini  hiss etdikcə, xalqımız və ordumuz sanki yeni güc alır”

“Mən də Azərbaycan vətəndaşı kimi, böyük türk xalqı qarşısında baş əyir və ölkəmizə xoş gəldiniz deyirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Sentyabrın 27-dən Azərbaycanın əks-hücum əməliyyatı keçirərək, torpaqlarımızın işğaldan azad edilməsində apardığı haqlı mübarizəyə dəstək nümayiş etdirən ilk ölkə təbii ki, qardaş Türkiyə oldu. Xüsusilə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və digər siyasi-ictimai xadimlər Azərbaycan dəstəyini ifadə etdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı isə qardaş Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu.

Artıq bir neçə gündür ki, Türkiyə nümayəndə heyətləri ardıcıl şəkildə ölkəmizdə səfərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyə prezidenti Ərdoğanın Azərbaycanı tək qoymamağı, davamlı olaraq Azərbayacana səfər etməyi tapşırdığını deyib:

 “Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya – Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”.

Mövzuyla bağlı “Hürriyyət”ə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyənin Qarabağ müharibəsiylə ciddi şəkildə maraqlandığını və Azərbaycana böyük mənəvi dəstək verdiyini qeyd edib:

 “Türkiyə tərəfindən atılan yeni böyük bir addımdır. Biz erməni işğalçılarına qarşı əks-hücum əməliyyatına başlayandan hər gün Türkiyə siyasətinin müxtəlif nümayəndələrinin ölkəmizə səfər etməsinə və burda Azərbaycan siyasi rəhbərliyi ilə görüşməsinə artıq adət etmişik. Çavuşoğlu dünən İlham Əliyevlə görüşündə də bildirdi ki, cənab Ərdoğanın təlimatı ilə gəlmişəm. Ərdoğan Çavuşoğluya deyib ki, niyə oturmusunuz burda, Azərbaycanı bir dəqiqə də olsun, tək buraxmaq olmaz, həmişə onun yanında olun. Bu sözlər tarixə düşəcək sözlərdir. Biz Türkiyənin isti nəfəsini hər saat və hər dəqiqə hiss edirik. Türkiyə siyasətçilərinin, başda cənab Ərdoğan olmaqla, Azərbaycan xalqına olan xoş münasibətini  hiss etdikcə, xalqımız və ordumuz sanki yeni güc alır.

Ordumuz daha böyük qəhrəmanlıq nümunələri göstərir. Xalqımız isə gələcəyə daha böyük ümidlə baxmağa başlayır. Bu gün isə Mövlud Çavuşoğlunun başçılığı ilə böyük nümayəndə heyətinin ölkəmizə gəlməsi o deməkdir ki, Türkiyə Qarabağ müharibəsiylə bağlı ciddi şəkildə maraqlanır və bizə böyük mənəvi dəstək verir. Türkiyə böyük Millət Məclisinin sədri də bir neçə gün öncə nümayəndə heyəti ilə Azərbaycana səfər etdi. Sabah isə Müdafiə naziri Hulisi Akarın gəlməsi gözlənilir. Yəgin ki, Türkiyə ordu qüvvələrinin yüksək rütbəliləriylə Azərbaycana gələcək. Bundan da böyük xoş münasibəti biz indiyənə qədər heç bir ölkədən görməmişik. Azərbaycan-Türkiyə münasibətləri iki dövlət arasında, dünyada tayı bərabəri olmayan münasibətlərdir. Bir millət, iki dövlət anlayışı sözdə deyil, bu gün əməldə həyata keçirilir. Bu bizə daha da qol-qanad verir. Azərbaycana ərazi bütövlüyünün təmin edilməsiylə və sürətli inkişafımızla bağlı xoş ümidlər verir. Mən də Azərbaycan vətəndaşı kimi, böyük türk xalqı qarşısında baş əyir və ölkəmizə xoş gəldiniz deyirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Politoloq Azərbaycan prezidentinin xarici ölkə televiziyalarına və qəzetlərinə verdiyi müsahibələrin, Türkiyə KİV nümayəndələrinin və prezident Ərdoğanın dünyaya verdiyi mesajları informasiya müharibəsində əldə edilən uğur kimi qiymətləndirib:

“Türkiyə nümayəndə heyətlərinin davamlı Azərbaycana səfər etməsi həm dünyaya, həm məğlubiyyətə uğrayan Ermənistana və onun havadarlarına çox ciddi mesajdır. Ümumiyyətlə, bu gün də Azərbaycana haqsız təhditlər və tənqidlər var ki, bunlar həm BMT başda olmaqla beynəlxalq təşkilatlar səviyyəsində, həm də bəzi iri dövlətlərin səviyyəsində özünü göstərir. Onlar, çəkinmədən və əllərində heç bir fakt olmadan ermənilərin uydurmaları əsasında Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Azərbaycan prezidenti onların layiqli cavabını verir. İnformasiya müharibəsində uğurlarımızdan biri də, Azərbaycan prezidentinin xarici ölkə televiziyalarına və qəzetlərinə verdiyi müsahibələrdir. Digər bir uğurumuz isə, Türkiyə KİV nümayəndələrinin və cənab Ərdoğanın dünyaya verdiyi mesajlardır. Biz bunların sayəsində bizə qərəzli olan insanları müəyyən qədər ayıldır, eyni zamanda onlara lazım olan mesajları veririk. Amma, Türkiyənin yanımızda olması dünyaya daha koloritli və daha samballı mesajın verilməsi deməkdir. Türkiyə prezidenti hər səfərində bildirir ki, Azərbaycan haqq savaşındadır. Azərbaycan haqlı mübarizə aparır və öz ərazisində işğalçıları qovub çıxarır. Dövlətimiz bir milyondan çox yurd-yuvasından  didərgin salınmış və etnik təmizləməyə məruz qalmış qaçqınlarımızı yurd-yuvalarına qaytarmaq istəyir. Bu humanist missiyadır. Eyni zamanda, BMT qətnamələrinin yerinə yetirilməsinə Azərbaycanın töhvəsidir və BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, atılan addımlardır. Bu baxımdan dünyanın subyektivliyi və bu məsələlərdə tərəfkeşliyi başa düşülən deyil. Biz bunu ciddi surətdə qınayırıq”.

“Bir millət, iki dövlət” kimi Türkiyənin tutduğu mövqe həm beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə uyğundur, həm də ədalətə əsaslanır. Biz bütün işlərdə Türkiyənin yanında olduğumuz kimi, Türkiyənin də bu məsələdə bizim yanımızda olması tamamilə təbiidir. Şübhəsiz ki, F-16-ların Azərbaycanda saxlanılması da qardaş Türkiyənin Azərbaycanın yanında olduğunun bariz ifadəsidir.

YƏHYA