“Biz hərbi üstünlüyümüzü yumşaq gücə çevirməliyik”

927

Natiq Cəfərli: “Yaz aylarında Rusiya tərəfi ilə razılığa gəlməliyik ki, Ağdamdan, Şuşadan Xankəndinə, Xocalıya yol açılsın”

Əgər Qarabağdakı erməni əhalinin ağlı başına gəlməsə, 10 ildən sonra bölgədə heç kim qalmayacaq”

“1000-1500 nəfər Xocalı, Xankəndi sakinləri oaraya könüllü şəkildə köçməlidirlər. Köçəndən sonra orada Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər anlamalıdırlar ki, bizlə bir yerdə yaşamağa məcbur, borcludurlar”

Dekabrın 1-də Azərbaycan ordusu Laçına daxil oldu. Artıq işğal tarixləri geri qayıdış tarixləri ilə əvəz olunmaqdadır. Bəs, Laçının qaytarılması dövlətimizə siyasi və iqtisadi müsətvidə nə kimi dividentlər gətirəcək? Bu barədə REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli ilə söhbətləşdik.

– Natiq bəy, Laçın rayonunun qaytarılması siyasi və iqtisadi müsəvidə bizə nələr verəcək?

– Əlbəttə, Laçın həm coğrafi, həm strateji nöqteyi nəzərdən çox vacibdir. Dağlıq, yüksəkliklərlə zəngin bölgədir. Çox güman ki, bunan sonra Ermənistanla sərhədin dəqiqləşdirilməsi və möhkəmləndirilməsi işi gedəcək və qarşı tərəfdən təxribatların qarşısının alınması üçün Laçın rayonunun coğrafi imkanları var. İqtisadi sferada Laçın rayonunun heyvandarlıqla məşğul olduğunu nəzərə alsaq, gələcəkdə bu bölgədə aqrar sektorun bir çox sahələrinin inkişafı, həmçinin turizmlə bağlı imkanlar var. Amma ilkin olaraq, təbii ki, təhlükəsizlik, minalardan təmizlənmə, sərhədin möhkəmləndirilməsi, təhlükəszi kommunikasiya xəttlərinin çəkilməsi, bundan sonra həm siyasi, həm iqtisadi olaraq Laçın rayonunun Azərbaycana yenidən qaytarılması bizə üstnlüklər verəcək. Çünki hərbi qələbəmiz var, Azərbaycan ordusu, əsgərimiz 44 günlük müharibədə öz biləyinin gücü ilə hərbi qələbə qazandı və diplomatik sahədə də ciddi uğurlar var. Çünki 3 rayonun- Ağdam, Kəlbəcər, Laçının dinc yolla qaytarılması ciddi diplomatik qələbə idi. Amma bizi gələcəkdə müəyyyən spesifik məsələlərin həlli ilə bağlı danışıq masası da gözləyir. Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsindən tutmuş Xankəndi və digər bölgələrdə qalıb-yaşayan erməni əsilli Azərbaycan vətəndaşının gələcəyi ilə bağlı bir çox məsələlər də danışıqlar masasında olacaq. Laçının, Kəlbəcərin qaytarılması, Azərbaycan-Ermənistan sərhədinin – Laçın koridoru rus qoşunlarının orada olması ilə bağlı hələlik istisnadır – tamamilə nəzarət altına götürülməsi gələcəkdə qurulacaq masada danışıqlar predmetində bizə üstünlüklər qazandırır. Hərbi üstünlükdən diplomatik üstünlüyə keçid zamanıdır. Biz diplomatik üstünlüklərin ilkin meyvələrini dərdik. Bundan sonrakı mərhələdə əsgərimizin gücü hesabına, şəhidlərimizin hesabına -Allah şəhidlərimizə rəhmət etsin- masaya əlimiz güclü şəkildə oturacağıq.

– İndi dünyada kənd təsərrüfatı prioritet sahə olmağa doğru gedir. Nəinki Laçın rayonunun, bütün Qarabağın torpaqlarının ölkənin ən məhsuldar torpaqları olduğunu göz önünə gətirsək, bu baxımdan vəziyyəti necə qiymətləndirərdiniz?

 

– Azərbaycanın işğal dövründə aqrar sahədə ən böyük problemlərindən biri suvarma problemi idi. Su çatışmazlığı var idi, bunun təbii səbəbləri də var idi, işğaldan doğan səbəblər də var idi. İşğaldan dolayı suya çıxış imkanlarımız məhdudlaşdırılmışdı. Bu da Qarabağ ətrafında olan regionların böyük bir qismində ciddi su çatışmazlığı problemi yaradırdı ki, son nəticə aqrar sektorda məhsuldarlığın aşağı düşməsi idi. İndi torpaqların işğaldan azad olunması həm su resurslarına çıxış imkanlarını kifayət qədər genişləndirir və 10 minlərlə hektar münbit torpaqlar Azərbaycanın tərkibinə qayıtdı. Bu da dənli bitkilərin əkilməsindən tutmuş heyvandarlığa qədər bir çox sahələrin inkişafına təkan verəcək ki, bu həm ərzaq təhlükəsizliyi məsələsidir, həm ixrac məsələsidir. Qeyri-neft sektorunun ixracatına baxdıqda görərik k, Azərbaycanda əsas sahə kənd təsərrüfatıdır. Düzdür, burada da problemlər var, biz indi çoxşaxəli ixrac modelinə keçməliyik. Çünki indi Rusiya bazarından çox asılyıq. Bu, o qədər də yaxşı şey deyil. Gələcəkdə müəyyən təzyiq vasitəsinə səbəb ola bilər. Ona görə işğaldan azad olmuş torpaqların bərəkətindən, onun yaratdığı fürsətlərdən istifadə edərək təbii ki, daha çox aqrar sənaye məhsulları istehsal olunacaq. İxrac bazarı isə çoxşaxəli model əsasında qurumalıdır. Artıq Azərbaycan tək şimal qonşumuza deyil, Xəzərin o biri sahilinə, İrana, hətta Avropa ölkələrinə belə ciddi ixrac barədə planlar qurmalıdır.

– Xüsusilə Avropaya ixracat potensialının yaradılması üçün Azərbaycan hansı tədbirləri görməlidir? Düşünürəm ki, burada standartlaşma məsələsinə xüsusi diqqət yetirilməlidir…

– Bunun bir hüquqi tərəfi var. Dünyada rəqbətə davam gətirəcək məhsulların istehsalı ilə bağlı prioritet proqramların qəbul edilməsi var. Onların da qanuni tərəflərinin həll edilməsi üçün Azərbaycan bir sıra addımlar atmalıdır. Ümumdünya Ticarət Təşkilatına üzvlük Avropa bazarına çıxış və sertifikatlaşdırma üçün əsas şərtlərdən biridir. AB ilə uzunmüddətli danışıqlar gedir, strateji tərəfdaşılıq müqaviləsi üzərində iş gedir. Yekunlaşmaq üzrədir. Bu sazişin yaxın gələcəkdə imzalanması Azərbaycanın Avropa bazarına çıxışını asanlaşdıracaq. Necə ki, Gürcüstan bu müqavilə çərçivəsində təqribən 300 milyon avroluq güzəştli şərtlərlə Avropa bazarına məhsul çıxara bilir. Güzəştli şərtlər o deməkdir ki, AB standartlaşmada Gürcüstana müəyyən köməkliklər edir. Gürcüstanda müəyyən treyninqlər keçirir, yüksək standartların tətbiqi üçün laboratoriyalar yaradılır, bu ölkənin məhsulları o standartlara uyğun olaraq hazırlanılır. Azərbaycanda da eyni addımlar atılmalıdır. Çünki Avropa bazarı ən bahalı bazardır. Məhsulumuzu Rusiya bazarından ən azı 2-3 dəfə baha sata bilərik. Biz məhsulumuzu bu standartalara uyğun istehsal edə bilsək, hüquqi maneələr aradan qalxsa uğurlar ldə edəbilərik.

– Maneələr dedikdə nəyi nəzərdə tutursunuz?

– ÜTT ilə müqavilələr, iki tərəfli müqavilələr bağlanmalıdır. Bu, önümüzü açacaq və hüquqi baza yaranacaq. Azərbaycan məhsullarının qablaşdırılması ilə dünya bazarına, Avropa bazarına çıxarılması mümkün deyil. Çox az məhsullarımız var ki, o məhsullara cavab verir. Rusiyada bu standartlar yoxdur. Meyvələr maşına doldurulub satılmağa aparılır. Amma indi keyfiyyəli, təhlükəsiz qablaşdırma məhsulun dəyərini artırır. Daha baha satmaq imkanları yaradır. Hüquqi maneələrin aradan qaldırılmasından sonra Azərbaycanın yeni strategiya yaratması lazımdır. Çünki aqrar sektora biz baxışımızı da dəyişməliyik. Azərbaycan hökuməti uzu illər aqrar sektora əlavə iş yerlərinin yaradılması kimi baxırdı. Məsələn pambıqçılıqda 160-180 min insanın çalışması və sosial layihə kimi baxılırdı, amma bu yanaşma rentabelli deyildi. Yeni texnologiya, yeni seleksiya-toxumların tətbiq olunması artmalı idi, məhsuldarlıq artmalı idi. Aqrar sahədə inqilabi dəyişikliklər edən ölkələrdən biri İsrail idi. Torpaqları münbit deyil, suyu azdır, amma buna baxmayaraq məhsuldarlıq çox yüksəkdir.

– Bildiyimizə görə, Niderlandın da belə təcrübəsi var və onların əkilə bilən torpağı bizimkindən çox deyil…

– Əlbəttə, bizim torpağımız daha bərəkətlidir, daha az erroziyaya məruz qalıb. Amma aran tərəfdə şoranlaşma problemi var. Topaq fondumuzun 5-27 faizi şoranlaşmaya məruz qalıb. Dünyanın trendi onu göstərir ki, əhali artıqca daha çox məhsul götürməlisən, çünki ərazi artmır. Daha çox məhsulu isə aqrotexniki qaydalara əməl etməklə, ciddi toxum seleksiyası aparmaqla, bizim torpaqlara uyğun olan toxumlar seçilməlidir və məhsuldarlıq artmalıdır. Məsələn, ölkədə 1 hektardan buğda istehsalı 21-28 sentnerdir. Amma dünyada bu göstərici 50 sentneri keçib. Azərbaycanın yaxşı quru meyvə istehsalı imkanları var.

– Qida sahəsi bir ölkənin ayaqda qalması baxımından strateji sahədir…

– Bəli, ammma burada bir məsələ var- biz düşünməməliyik ki, hər şeyi özümüz istehsal etməliyik. Biz nəyi yaxşı istehsal ediriksə onu etməliyik ki, satıb bizə lazım olanları alaq. Dünyada özü-özünü 100 faiz təmin edən ölkə yoxdur. Bu iqtisadi baxımdan da səmərəli yol deyil. Azərbaycan özü-özünü buğda ilə təmin etmək imkanı var, təəssüf ki, biz hələ də başqa ölkələrdən buğda almağa məcburuq. Çünki buğdamız keyfiyyətsizdir.

– Natiq bəy, sizcə, 5 kilometrlik Laçın koridorundan ermənilər nə zaman çıxacaq?

– Əvvəllər erməni tərəfi 20 kilometrlik zolaq tələb edirdi, nəzarətin də onlarda olmasını tələb edirdi. Bizə müharibədən əvvəl 5+2 modeli və Laçın koridorunun da onlarda qalmasını, Dağlıq Qarabağın da müstəqilliyini tələb edirdilər. İndiki məqamda önəmli məqam ondan ibarətdir ki, bəyannamədə həmin yolun 2,5 km sağ və sol tərəfinin rus hərbçilərinin nəzarətində olması təsbit olunub. Bu o deməkdir ki, Lçın şəhərinin içindən keçən hissəsində rus hərbi birləşmələrinin postları olacaq. Amma həm də qeyd olunub ki, 3 il ərzində alternativ yol çəkilməlidir. İlkin hesablamalara görə, 12 km-lik dairəvi yol çəkiləcək. İndi qış fəsli olduğuna görə, bu tikinti hələ mümkün deyil. Yeni yola da nəzarət rus hərbçilərində olacaq. Biz bunu 3 ildən daha tez etməliyik. Aprel-may aylarında bu tikinti başlaya bilər.

– Bundan sonra Laçın şəhəri bizə qaytarılacaq?

– Azərbaycan əhalisi Laçına qayıtmalıdır, qayıdacaq da. 2,5 km-lik yoldan əsgərimizi, tankımızı, topumuzu görüb qaçan erməni orda qalacaqmı ? Məncə, qalmayacaq. Vətəndaşlarımız isə ora qayıtmalıdır və rus sülhməramlılarının boynunun borcudur ki, bizim məcburi köçkünlərimiz də yerinə qayıdarkən onları qorusun. Son zamanlar belə bir mənzərə yaranıb ki, sanki rus qoşunları yalnız erməniləri qorumaq və onları Xankəndinə geri daşıyıb gətirmək üçün gəlib. Amma bəyannamədə yazılıb, hətta Putin də çıxışında bildirib ki, 45 min azərbaycanlı köçkün rus sülhməramlılarının nəzarəti altında olan ərazilərə qayıtmalıdır. Biz hərbi üstünlüyümüzü yumşaq gücə çevirməliyik. Nə etməliyik? Artıq Ermənistan bu məsələdə yoxdur. Artıq məsələləri Rusiya ilə həll etməliyik. İllkin mərhələdə yaz aylarında Rusiya tərəfi ilə razılığa gəlib, onlardan tələb edilməlidir ki, Ağdamdan, Şuşadan Xankəndinə, Xocalıya yol açılsın. Rus tərəfinin borcudur ki, bu yolu və təhlükəsizliyi təmin etsin. Bizim artıq sivil dövlət qurumları, məsələn, xəsətəxanalar, məktəblər, evlər tikilsin.

– Necə ki, Xankəndində erməni məktəbi açıldı.

 

– Bəli, bizim yumşaq güclə davranmaq zamanımızdır, hərbi qələbəmiz yumşaq gücdən yararlanmaq imkanı yaradır. Rusiyadan yapışmaq lazımdır ki, bizə bu yolu təmin etsin. Birinci oraya infrastruktur və tikinti işlərini gedən dəstə gedir, ruslar onları qorumağa borcludur. Onların yanında polislərimiz getməlidir. Bank açılmalıdır, xəstəxana, məktəb tikilməlidir. Evlərin bərpası işinə başlanmalıdır. 1000-1500 nəfər Xocalı, Xankəndi sakinləri oaraya könüllü şəkildə köçməlidirlər. Köçəndən sonra orada Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər anlamalıdırlar ki, bizlə bir yerdə yaşamağa məcbur, borcludurlar. Qanunla borcludurlar.

Hətta əminəm ki, bu tarixi günlərdən sonra Azərbaycan daxilində də dəyişikliklər olacaq. İdarəetmə fəlsəfəsi və sistemi dəyişəcək. Effektiv idarəetmə gəlməlidir, Mer instuitutu, bələdiyyə, yerli özünüidarəetmə gəlməlidir. Xocalı camaatı özünə mer seçməlidir. Bu Azərbaycanın imici üçün də vacibdir. Xankəndində də mer institutu olsun. Arzusunda olanlar namizdəliyini verib mer seçilsin. Xankəndinin deputatı Tural Gəncəliyev yaxın gələcəkdə orada ofisini açmalıdır. Yerli erməni əhalisi ilə görüşməlidir. Əhali ilə ünsiyyət qurmalıdır. Yerli dinc ermənilər də 30 il idi soylarından olan terrorçuların əlində qalmışdılar.

– Yəqin ki, bu xətt Ermənistandan ötürülən və aşılanan separatçılığın qarşısının alnmasında da effektiv olar…

– Əlbəttə, yumşaq güclə Xankəndində bayrağımız ucaldılmalıdır. Orada yaşayan erməni əhalisi anlamalıdır ki, bizim iqtisadi gücümüz olmadan dolana bilməzlər. Büdcələrinin 80%-i Ermənistandan idi, 20 %-i xaricdən gələn yardımlardan idi. Ermənistan çox bic tərpənərək bu problemləri rusların üzərinə atır. Rusiyanın üzərindəAbxaziya, Osetiya yükü olduğu kimi Qarabağın da yükünü onların üzərinə atır.

– Biz də ruslardan bu inisiativi almaq üçün dövriyyəyə girməliyik.

– Deməliyik ki, biz də eyni şeyi istəyirik. 1000-1500 nəfər azərbaycanlı oraya köçəcək, onlar üçün şərait yaranmalıdır. Oranın yolu, işığı, qazı, suyu, xəstəxanası, bankı, məktəbi, polis idarəsi olmalıdır. Bu günə qədər oradakı ermənilər işğalda olan torpaqlarımızı yağmalamaqla dolanıblar. Ona görə biz kadrlara baxanda Xirosima mənzərəsi görürük. Ermənistanın 1996-2002-ci il arası statistikasına baxırsan ki, bu illərdə orada tikinti bumu yaşanıb. Nəyin hesabına? Qarabağı yağmalamağın hesabına. Onlar düşünürlər ki, rus sülhməramlılarına qulluqdan pul qazanacaqlar, amma bu dolanmaq deyil. Normal yaşamaq üçün Azərbaycana inteqrasiya etməlidirlər ki, bunun da şərtləri var.

Bizim qanunlar orada işləməlidir, hətta yaşlı erməniyə belə pensiya vermək üçün bizim bank sistemimiz fəaliyyət göstərməidir. Orada dövriyyədə olan pul manat olmalıdır, hazırda dram işlənir. Hətta Rusiya ilə danışmalıyıq ki, oradakı rus sülhməramlıların maaşı manatla verilsin. Əgər Qarabağdakı erməni əhalinin ağlı başına gəlməsə, 10 ildən sonra bölgədə heç kim qalmayacaq. 10-15 ildən sonra – zatən demoqrafik vəziyyətləri çox pis idi- yalnız yaşlılar qalacaq. Gənclər sakit, müharibəsiz həyat istəyir. Avropaya getmək istəyən erməni gənclər “Qırmızı Xaç”a müraciət edirlər ki, onlara köçməyə kömək olunsun. Ermənistandan belə ermənilər köçürlər, bu ölkənin gləcəyi şübhə altındadır. Pşainyan əslində onlara faydalı iş gördü ki, erməniləri ayıltdı. O erməni cəmiyyətini sağaltmaqla məşğuldur. Hətta 2008-ci ildə bir tədbirdə olmuşuq, amma xəbərim olmayıb. Paşinyan xalqa müraciət edərək çıxış etmişdi ki, gəlin 7 rayonu Azərbaycana qaytaraq, ondan sonra Dağlıq Qarabağın statusunu həll edərik. O zaman onu topa tutdular ki, qanla aldığımız torpaqları qaytara bilmərik. Onlar həddən artıq bərbad psixologiyaya sahibdirlər. Erməni diasporu təşkilatı onların evini yıxır, oturublar Los-Ancelesdə onları qırğına verir. Bir dəfə Parisdə tədbirdə Daşnaksutyun partiyasının ideoloqu Riçard Kirokosyanla qarşılaşdım, deyirdi ki, siz niyə qəbul etmirsiniz “Böyük Ermənistan” olub və bərpa olunmalıdır? Dedim hardadır “Böyük Ermənistan”? Güman edək ki, bu var, sizin potensialınız yoxdur axı bunu məskunlaşdırmağa, saxlamağa… (Afinadan tutmuş Qazaxıstana qədər ermənilər “Böyük Ermənistan” sayırlar). Amma artıq ayılırlar. Görünür müharibə lazım imiş bunun üçün. Sülhlə razı olmadıqları şeyləri itirdilər. Ermənistanda, Qarabağda yaşayan və diaspor erməniləri arasında ciddi fərqlər var. Ermənistandakı erməni gənclər “Artxas”ı önəmsəmirlər. Bu onlar üçün uydurma hekayədir. Bunların ən zərərli düşünəni diaspor erməniləridir. Əvvəl güman edilirdi ki, Paşinyan müharibədən sonra istefaya gedəcək, amma belə olmadı. İndi anlayırlar ki, itirən tərəf onlardır. Dağlıq Qarabağ məsələsini qaldırmasaydılar ermənilər burada indi yuxarı səviyyədə yaşayırdılar. Azərbaycanlılar da Ermənistanda yaşayacaqdılar.

– Natiq bəy, sizcə, Azərbaycanın Şuşaya, erməni-rusun isə Xankəndinə çəkəcəyi alternativ yol Dağlıq Qarabağın ermənilərdə qalan hissəsini bölməyə hesablanmayıb?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA