Biz bu gün nə etməliyik?

489

Bu gün Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə bərabər bütün proseslərdə və eyni hüquqla iştirakına nail ola bilməsək, gələcəkdə Dağlıq Qarabağda təkcə sıravi azərbaycanlılardan başqa, ölkənin mülki, hüquq-mühafizə orqanları, hərbi qüvvələrinin çiyninə həll edilməsi fövqəladə dərəcədə çətin olan problemlər paketi qoyulmuş olacaq…

 Azərbaycan Respublikası Milli Məclisinin üzvü Rasim Musabəyov mətbuata müsahibəsində bildirir ki, – «Türkiyə sülhməramlılarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ermənilər tərəfindən provokasiya (təxribat) törədilməsinə səbəb ola bilər. Çünki hələ Dağlıq Qarabağ ərazilərində silahlı ermənilər var». Bu, bir həqiqətdir. Bu fikirlə razılaşmamaq olmur. Digər tərəfdən, Rusiya sosial şəbəkəsində V.Solovyovun verilişində bir vaxt Qorbaçovun müşaviri olmuş Şahnazaryanın oğlu Karen  Şahnazaryan da bildirir ki, – «Hələ SSRİ yaranmamışdan əvvəlki dövrlərdə də Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin silahlı dəstələri daim mövcud olmuşdur. SSRİ yaranandan bir neçə onillikdən sonra ölkədə güclü və yüksək peşəkarlığa malik ordu yaradılan vaxt bu silahlı dəstələri ləğv etmək mümkün olmuşdur. İndi də hələ uzun illər Dağlıq Qarabağın erməni silahlıları dağlara çəkilərək uzun müddət fəaliyyət göstərəcəklər». Bu da həqiqətdir, qəbul etməmək olmur.

Əslində xeyriyyəçiliyin əsil mahiyyəti “dilənçiyə pay vermək” deməkdir. Mən bu həqiqəti xeyriyyə işləri ilə özlərinin alicənablığını ortaya qoyan dəyərli insanlarımızın hər bir cəmiyyət üçün zəruri olan bu hərəkətlərinə kölgə salmaq fikrində deyiləm və onları alqışlayıram. Bu xeyriyyəçilik sadə, sıravi, maddi ehtiyacı olan vətəndaşlarımıza böyük qayğı həm də hörmət əlamətidir.

Bəs bu şəhidlərimizin əmanətlərini, qazilərimizin özlərini, yaxınlarını, düşmənlərimizi yerlə yeksan edib, sağ-salamat qayıdan igidlərimizi maddi ehtiyacla üzbəüz qoyub, təsadüfi xeyriyyəçi qarşısında xeyriyyə aktı (oxu – sədəqə) ilə onları təhqir etmək deyilmi? Küçədə min nəfəri saxlayıb onların həyatına son qoymaq, qolunu və ya ayağını kəsmək, gözünü çıxarmaq və s. əvəzinə on milyon ABŞ dolları təklif etmək dəlilik əlaməti olar. Çünki bunların maddi dəyərlə ölçülməsi mümkün deyil. Şəhidlərimizin, yaralı qazilərimizin bizlərə görə qurban verdiyi həyatının, sağlamlığının dəyərinin bir faizini belə istəsək də, ödəyə bilmərik. Əgər biz bu gün və bundan sonra da onlar üçün heç olmasa mümkün olanı etməsək, daim başqa millətlərin, hətta erməni kimilərin qapazaltısı olacağıq.

Bu məsələ ancaq dövlətin bütün ölkə ərazisində tətbiq etdiyi icbari aktla həll edilə bilər. Yaşlı nəslin nümayəndələri bilir ki, 80-ci illərdə Azərbaycan xalqına qarşı edilən 20 Yanvar qətliamının müəllifi Qorbaçov özünə fond yaratmaq məqsədilə ölkədə bütün ticarət dövriyyəsinə 5 faizlik prezident vergisi qoymuşdu. Bütün SSRİ əhalisi qoyun kimi dinməz-söyləməz bunu ödəyirdi. Hə, məhz QOYUN kimi! Çünki bu ədalətsiz, haqsız ödəncin heç bir obyektiv əsası olmadığı halda, biz bir kəlmə belə etiraz etmədən onu ödədik.

Heç kəsin də Qorbaçova bir qəpik belə borcu yox idi. Ermənilər də hələ sovet dövlətinin dayanıqlı vaxtlarında belə, hər ailədən 25 manat millət haqqı yığıb, erməni milli problemləri və məqsədlərinin həll edilməsinə sərf edirdilər. Birinci Qrabağ savaşında ermənilərin bizdən silah üstünlüyünün əsas səbəblərindən biri də məhz bu idi.

Bəs niyə ölkə prezidentinin qərarı ilə ölkədə «Xüsusi Fond» yaradılıb, ticarət dövriyyəsinə 5 faizlik əlavə «xüsusi» vergi qoyulub, «Xüsusi Fonda» yığaraq şəhid və qazilərin, ailə üzvlərinin bütün problemləri, yəni mənzil, avtomobil, ailə üzvlərinin sayı nəzərə alınmaqla yüksək aylıq təqaüd, qazilərin respublikada yüksək səviyyəli müalicəsi, lazım gəldikdə xaricdə müalicə edilməsi, ildə bir dəfə yox, lazım gəldikdə bir neçə dəfə sanatoriya müalicəsi almasını təmin etməməliyik. Bu «Xüsusi Fond» müvəqqəti yox, daimi olmalıdır. Çünki, birincisi, bu gün qundaqda olan şəhid və yaralı qazilərin övladlarının həyatda ayağa durub, özlərini təmin etməsi durumuna gəlməsi heç olmasa 25 il vaxt tələb edir.

Bundan başqa, sülh dövründə belə, ölkə daxilində vəzifə borcunu yerinə yetirərkən, hansısa terrorun və ya qanunsuzluğun qarşısını alanda, sərhəd pozuntuları ilə mübarizədə və s. hallarda şəhid olanlar da olur. Ölkədə şəhid və qazilərin ehtiyacı tam ödənildikdən sonra yığılıb-qalan artıq vəsaiti ilk növbədə hərbçilərin maddi vəziyyətinin yaxşılaşdırılmasına, hərbi xərclərin digər maddələrinin daha dolğun ödənilməsinə sərf etmək olar. Bu proseslər dövlətin də, millətin də daim diqqət mərkəzidə saxlanılmalı olan məsələdir. Biz bu gün bunu etməsək, hazırda həyatla ölüm arasında çırpınan qazilərimizi öz əlimizlə şəhid etmiş olmaqla bərabər, gələcəkdə vətən uğrunda ölümün gözünə dik baxan oğullar yetişdirmək çətinliyi ilə üzləşəcəyik. Bütün bunlara görə biz hamımız bu vergini lap quzu kimi dinməz, söyləməz ödəməliyik. Döyüş meydanlarında düşmənlərimizə öz qanları hesabına qan udduran şəhidlərimizi, qazilərimizi, onların yaxınlarını real, həyati təcrübədə bu gün çoxlarının müqəddəs saydıqlarından uca tutmasaq, şəhidlərimizin məzarını Kəəbəmizə, onların uyduğu torpaqları möhürümüzə çevirmədikcə, yüksək tribunalardan söylənən alovlu nitqlər, mətbuat səhifələrində yazılan yüksək pafoslu tərifnamələr bu kontingentin yüksək səviyyəli maddi təminatı vasitəsilə millətin mənəviyyatına hopdurulmazsa, arxasında yüksək səviyyəli əmtəə istehsalı durmayan kağız pul kimi tez bir zamanda qiymətdən düşüb dəyəri qara qəpiyə bərabər olacaq. Bu isə millətimizin də, dövlətimizin də sonunun başlanğıcı demək olar.

Deyilənləri həyatda praktiki olaraq reallaşdırmaq üçün bütün ölkə vətəndaşlarına, mülki və dövlət orqanlarına icrası icbari olan hüquqi, inzibati və iqtisadi mexanizmlər yaratmaq lazımdır ki, bu da Azərbaycan reallığında bilavasitə dövlət başçısının sərəncamı olmadan mümkün deyil. Millətin xoşbəxtliyi naminə sinəsini düşmən gülləsinə sipər edən oğulların yaxınlarına EHTİYACI adlı düşmənin vurduğu maddi və mənəvi zərbəyə sinə gərmək növbəsi indi əlahəzrət MİLLƏTİN, bu prosesə öz sərəncamı ilə start vermək isə dövlət başçısının borcudur.

Mənə məlum olanı 7-ci əsrdə ərəb istilası dövründə Babəki ərəblərə satmaqlarından bəri ermənilər bu günədək bu torpaqlarımıza sahiblənmək üçün daim hazırlaşıb, cəhd edib. Onlar bu gün də məğlub olmalarına baxmayaraq yeni müharibəyə gizlin-aşkar hazırlaşır. Və bundan sonra da hazırlaşacaq, hətta bizimlə qol-boyun olub «Hayastan-Azərbayan qardaş» olsa belə. Bu vergi  bizim bu torpaq üzərində daim yaşamaq, düşmənlərimizlə döyüşdə qalib olmaq haqqımızı təmin edən vergidir. Hər bir Azərbaycan vətəndaşı bunu ödəməlidir. Hətta şəhidlərimiz qələbəmizi həyatları, qazilərimiz sağlamlığı, hər bir əzaba, çətinliyə mərdliklə sona qədər dözməsi hesabına təmin etdikləri kimi. Biz ancaq bu zaman arxayınlıqla, biz bu torpağın SAHİBİYİK deyə bilərik.

Sonda sözüm birbaşa Azərbaycan Respublikası Prezidentinədir! Bu xüsusi fondun yaradılması və onun ticarət dövriyyəsinə ən azı 5 faizlik xüsusi vergi vasitəsilə maliyyələşdirilməsinin təmin edilməsi haqqında sərəncamı gecikdirmək olmaz. Şəhid və qazilərin körpə qartallarının maddi ehtiyacı, yaralıların isə fiziki və mənəvi ağrıları, ölüm təhlükəsi vaxt vermir. Bu mexanizmi ildırım sürəti ilə yaradıb, problemi həll etməyin, 30 illik problemi 44 günə həll etdiyimiz qələbə qədər möhtəşəm və dəyərli qələbən olmaqla bərabər, Azərbaycanın gələcək qələbələrinin də əsasını qoymuş olacaq.

Sonra «şəhid valideyni», «şəhid övladı», «şəhid xanımı», «qazi» fərdi döş nişanları təsis edilməli, bu nişanlarda şəhidin, qazinin barelyefi, adı, soyadı göstərilməlidir ki, ölkənin hər yerində, hər bir situasiyada ətrafdakılar kimin qarşısında durduğunu bilib, onlarla onların statusuna uyğun rəftar etsinlər. Bu, ölkədə ilk növbədə gözə görünməyən və ya ilk baxımda xırda məsələ kimi görünən çox vacib mənəvi, psixoloji məsələləri avtomatik olaraq həll edəcək.

Bu prosesin hüquqi əsaslarına gəldikdə isə mən hüquqşünas, kiçik ədliyyə müşaviri Məmmədxan Əzizxanlı ilə birlikdə «Şəhidlər və qazilər» konstitusiya maddəsi işləyib hazırlamışıq. Bu konstitusiya maddəsinin reallaşdırılması üçün konkret qanun layihəsinin məzmununun hazırlanması və «Xüsusi fondun» konkret məzmunu və idarə edilməsi forması haqqında fikirlərimizi də bu məsələlərin icrası həvalə edilən məmurlarla bölüşə bilərik.

Şapur Qasimi