Biz bu gün nə etməliyik?

600

Bu gün Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə bərabər bütün proseslərdə və eyni hüquqla iştirakına nail ola bilməsək, gələcəkdə Dağlıq Qarabağda təkcə sıravi azərbaycanlılardan başqa, ölkənin mülki, hüquq-mühafizə orqanları, hərbi qüvvələrinin çiyninə həll edilməsi fövqəladə dərəcədə çətin olan problemlər paketi qoyulmuş olacaq…

 Azərbaycan Respublikası Milli Məclisinin üzvü Rasim Musabəyov mətbuata müsahibəsində bildirir ki, – «Türkiyə sülhməramlılarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ermənilər tərəfindən provokasiya (təxribat) törədilməsinə səbəb ola bilər. Çünki hələ Dağlıq Qarabağ ərazilərində silahlı ermənilər var». Bu, bir həqiqətdir. Bu fikirlə razılaşmamaq olmur. Digər tərəfdən, Rusiya sosial şəbəkəsində V.Solovyovun verilişində bir vaxt Qorbaçovun müşaviri olmuş Şahnazaryanın oğlu Karen  Şahnazaryan da bildirir ki, – «Hələ SSRİ yaranmamışdan əvvəlki dövrlərdə də Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin silahlı dəstələri daim mövcud olmuşdur. SSRİ yaranandan bir neçə onillikdən sonra ölkədə güclü və yüksək peşəkarlığa malik ordu yaradılan vaxt bu silahlı dəstələri ləğv etmək mümkün olmuşdur. İndi də hələ uzun illər Dağlıq Qarabağın erməni silahlıları dağlara çəkilərək uzun müddət fəaliyyət göstərəcəklər». Bu da həqiqətdir, qəbul etməmək olmur.

(Əvvəli ötən sayımızda)

Bu gün Dağlıq Qarabağ da daxil olmaqla, bütün Azərbaycan ərazisində mövcud olan alban məbədləri və kilsələrində erməniləşdirmə aparmış və indi də hətta Kəlbəcərdə, Laçında, Şuşadakı alban məbədi və kilsələrindən xristianlıq şüarı ilə çıxmayan erməni keşişləri oradan çıxarılmalı, həmin abidələr milli mülkiyyət elan edilməli, tarixi abidə statusunda mövcudluğu təmin edilməlidir. Türklərə, o cümlədən Azərbaycana qarşı erməni kilsə xadimlərinin törətdikləri cinayətləri əsas tutaraq, erməni katalikosatının Azərbaycan ərazisində fəaliyyəti qanunla qadağan olunmalıdır. Azərbaycan vətəndaşı olan hər bir erməninin də qanuni əsaslarla fəaliyyət göstərən hər hansı bir xristian kilsəsində gəlib ibadət etmək hüququ qanunla təmin edilməlidir. Bu, Azərbaycan vətəndaşı olan ermənilərin vicdan azadlığının beynəlxalq hüquqa uyğun olaraq təmin edilməsi ilə brabər, erməni katolikosatının Azərbaycan ərazisində din pərdəsi altında qanunsuz siyasi fəaliyyətinə və təxribatlarına son qoymuş olar.

Azərbaycan dövlətinin mütləq əməl etməli məsələlərdən biri də, Dağlıq Qarabağ daxil olmaqla, 1989-cu ildən sonra SSRİ tərkibində olan digər ərazilərdə yaşamış və uzaq xaricdən gətirilib Qarabağda yerləşdirilmiş heç bir erməniyə vətəndaşlıq verilməməsi və onların Azərbaycan ərazisindən çıxarılması olmalıdır. Digər məsələ isə odur ki, dövlət büdcəsi və yerli büdcədən maliyyələşən hər hansı bir təhsil müəssisəsində erməni dilinin tədrisi qadağan edilməlidir. Çünki ermənilərə hər hansı bir status və ya xüsusi hüququn verilməsi Azərbaycan ərazisində yaşayıb, say etibarı ilə onlardan dəfələrlə çox olan, heç vaxt Azərbaycan dövlətinə xəyanət etməmiş az saylı xalqlara qarşı təhqir olar və Azərbaycanda separatizmin detenatoru olardı.

Dağlıq Qarabağ məsələsində həll edilməli olan mühüm problemlər çoxdur, mən bunların ancaq ən əsas olanlardan bir neçəsini dedim.

Bu gün Azərbaycan dövləti və Azərbaycan vətəndaşlarının qarşısında yəqin ki, Qarabağ məsələsindən də təcili və fövqəladə əhəmiyyətli həll olunmalı bir məsələ də var, bu, şəhid ailələrinin, yaralı qazilərin maddi təminatının sıravi Azərbaycan vətəndaşının normal sayıla biləcək maddi təminatından daha yüksək səviyyədə təmin olunmasıdır. Əlbəttə, müharibədən sağ-salamat qayıdan igid qazilərimizi də yaddan çıxarmaq olmaz. Onların da mənzil şəraiti, işlə təmin edilməsi, təhsilə və peşə hazırlığına müəyyən güzəştlərlə cəlb edilməsi və s. məsələlər təmin edilməlidir.

Düzdür, dövlət orqanları bu məsələ ilə məşğuldur. Sosial şəbəkələrdə verilən məlumata görə, dövlət hər bir şəhidin varislərinə 11.000 manat burdəfəlik sığorta ödənişi, vlaideynlərinin əmək təqaüdünə 55-110 manat əlavə, 210-300 manat civarında aylıq prezident təqaüdü ödəniləcək. Müharibədə sağlamlığını 1-ci qrup üzrə itirən yaralı qazilərə 8800 manat, II qrup üzrə 6600 manat, III qrup üzrə isə 4400 manat birdəfəlik ödəniş ediləcək. Bundan başqa, şəhid və yaralı qazilərin övladları təhsil haqqından azad edilir, yaralı qazilərə ildə bir dəfə sanatoriyalarda pulsuz müalicə hüququ verilir. Digər sahələrdə də müəyyən güzəştlər nəzərdə tutulur. Bu, iqtisadiyyatı əsasən neftdən asılı olub, neftin aşağı düşən qiyməti, koronavirus pandemiyası və son dərəcə ağır və baha qiymətə əldə edilən qələbə ilə başa çatan müharibədən çıxdıqdan sonra hələ düşmən tərəfindən tamamilə xarabalığa çevrilmiş böyük ərazilərin bərpası, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması, istehsal, xidmət sahələrinin digər infrastrukturların yaradılması və s. köklü problemlərlə üzbəüz duran Azərbaycan dövləti üçün şəhid və yaralı qazilərimizə bu günə edə biləcəyi maksimum maddi təminatdır.

Şəhid ailələrinin, yaralı qazilərin mütləq əksəriyyətinin az təminatlı ailələrdən olmasını, hətta çoxunun adi mənzilinin, yaralı qazilərin hətta dərman pulunun olmamasını nəzərə aldıqda, dövlətin verdiyi bu maddi təminat heç bir təminatın olmaması anlamındadır. Düşmənin təslim olduğu gün hələ heç nə anlamayan körpələrdən tutmuş, yeriməyə taqəti olmayan ağsaqqalların, ağbirçəklərin, gənclərin çöhrəsində, yəni bütün Azərbaycan xalqının üzündə indiyədək görünməyən bir qələbə sevinci və qüruru var idi. Əzizləri öləndə gözlərindən yaş çıxmayan bığlı-saqqallı kişilərin gözlərindən sevinc yaşları axır, gizli-aşkar uşaq kimi hönkür-hönkür ağlayanlar da az deyildi. Şəhidlərin həyatı, yaralı qazilərin sağlamlığı hesabına Azərbaycanın 30 ildən bəri itirilən torpaqları hamımız üçün vətənə çevrildi. Azərbaycan xalqının əlindən alınan qüruru özünə qaytarıldı, Azərbaycan kişisinin yerə salınmış papağı başına qoyuldu, ermənilərin azərbaycanlılara qarşı bundan sonra hər hansı bir kütləvi terror edə bilməsi imkanı qapadıldı. Türk millətinin 400 ildən çox davam edən tənəzzül prosesi sındırılıb, inkişaf istiqamətinə yönələn qapısı açıldı. Hər bir Azərbaycan vətəndaşı bütün bu qeyd olunan və olunmayanlar üçün hər bir şəhidimizə öz həyatının dəyəri, hər bir yaralı qazimizə öz sağlamlığının dəyəri miqdarında borcludur. Şəhidlər və yaralı qazilərin xalqa verdiyi borcun hamısını qaytarmaq mümkün deyil. Hər dəfə evin qapısı açılanda şəhid övladının atasını görmək ümidilə qapıya baxdıqda keçirdiyi acı hisslərini heç nə ilə ovundurmaq mümkün deyil. Bəs Azərbaycan xalqı onlara olan öz borcunu qaytarıbmı? Əlbəttə, yox! Düzdür, bəzi hüquqi və fiziki şəxslər müəyyən xeyriyyəçilik aktları həyata keçirir. Lakin bu məsələnin həlli ola bilməz.

Əslində xeyriyyəçiliyin əsil mahiyyəti dilənçiyə pay vermək deməkdir. Mən bu həqiqəti xeyriyyə işləri ilə özlərinin alicənablığını ortaya qoyan dəyərli insanlarımızın hər bir cəmiyyət üçün zəruri olan bu hərəkətlərinə kölgə salmaq fikrində deyiləm və onları alqışlayıram. Bu xeyriyyəçilik sadə, sıravi, maddi ehtiyacı olan vətəndaşlarımıza böyük qayğı həm də hörmət əlamətidir. Bəs bu şəhidlərimizin əmanətlərini, yaralı qazilərimizin özlərini, yaxınlarını, düşmənlərimizi yerlə yeksan edib sağ salamat qayıdan igidlərimizi maddi ehtiyacla üzbəüz qoyub, təsadüfi xeyriyyəçi qarşısında xeyriyyə aktı (oxu – sədəqə) ilə onları təhqir etmək deyilmi? Küçədə min nəfəri saxlayıb, onların həyatına son qoyub, qolunu, ayağını kəsib, gözünü çıxarıb, əvəzinə on milyon ABŞ dolları təklif etsən hamısı səni dəli və ya manyak hesab edər. Çünki bunların maddi dəyərlə ölçülməsi mümkün deyil. Şəhidlərimizin, yaralı qazilərimizin bizlərə görə qurban verdiyi həyatı, sağlamlığının dəyərinin bir faizini belə, istəsək də ödəyə bilmərik. Əgər biz bu gün və bundan sonra da onlar üçün heç olmasa mümkün olanı etməsək, daim başqa millətlərin, hətta erməni kimilərin qapazaltısı olacağıq.

(Ardı var)

Şapur Qasimi