“Biz Azərbaycanın problemlərini dinc siyasi qaydada çözməliyik” – İLQAR MƏMMƏDOV

138

“Əvvəllər bu qarşıdurma səhnələrini Azərbaycanda daha çox siyasətlə maraqlananlar görürdü, indi isə sosial şəbəkə hər kəsin qarşısına çıxarır və adamlara elə gəlir ki, “Amerika dağılır””

“Uşaq vaxtı sovet kitablarında oxuyurduq ki, 1969-cu ildə Kaliforniya qubernatoru Ronald Reyqan anarxistlərin və onlara yaxın qüvvələrin kütləvi zorakı etirazını milli qvardiya gücünə sərt şəkildə boğub yatırtmaqla ölkədə böyük nüfuz qazandı və 10+ il sonra prezident seçildi”. Hurriyyet.org xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

Sovet kitablarının belə yazdığını vurğulayan REAL sədri indi mövzunu çox da araşdırmaq istəmədiyini qeyd edib: “Amma Reyqanın o vaxt zorakı etirazçılar haqqında işlətdiyi bəzi ifadələri internetdə tapdım: – “Qan içində batırdılasıdırsa, bunu da edəcəyik. Daha kiminsə nazı ilə oynamayacağıq” (“If it takes a bloodbath, let’s get it over with. No more appeasement.”) – “Nə güc lazımdırsa, hamısı istfadə olunacaq” (“Whatever force is necessary will be on hand.”) – “Etirazçıların olduğu yer kommunizm tərəfdarları və seks düşkünlərinin məskənidir” (“A haven for communist sympathizers, protesters, and sex deviants.”) 1980-ci illərdə, sonrakı dövrlərdə də ABŞ-da daim zorakılıqla müşayiət olunan kütləvi etirazlar baş verirdi və biz bunları televiziya ilə izləyirdik. Hazırda yayılan videogörüntülərdə mənim üçün təzə nə isə azdır. Əvvəllər bu qarşıdurma səhnələrini Azərbaycanda daha çox siyasətlə maraqlananlar görürdü, indi isə sosial şəbəkə hər kəsin qarşısına çıxarır və adamlara elə gəlir ki, “Amerika dağılır”. Okeanın o tayında hər böhrandan çıxış yolu tapmaq üçün yetərincə ağıllı adam var. Biz Azərbaycanın problemlərini dinc siyasi qaydada çözməliyik”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org