“Birliyimiz bölgədəki digər çirkli işlərlə məşğul olan qüvvələri narahat edir”

57

Hulisi Kılıç: “BMT və ATƏT-in öhdəliklərini ən qısa müddətdə yerinə yetirməsini gözləyirik”

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri, 2012-2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika Baş idarəsinin müdiri, sonra isə bir müddət ölkəsinin Moldovadakı səfiri vəzifəsində çalışan Hulisi Kılıç “Hürriyyət”in Türkiyə və Azərbaycan arasında olan qarşılıqlı hərbi əlaqələr haqqında olan suallarını cavablandırıb. Türkiyənin tanınmış diplomatı indiyə qədər minlərlə azərbaycanlı əsgər və zabitin türk hərbi məktəblərində təhsil aldığını, onların hətta Azərbaycan ordusunda yüksək vəzifələrə qədər yüksəldiyini bildirib. O, ən son Tovuz hadisələrində şəhid olan general-mayor Polad Həşimovun da türk hərbi məktəbinin məzunu oluğunu deyib:

-Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığı indiki durumda sizi qane edirmi?

– Türkiyə Azərbaycan hərbi əlaqələri byenəlxalq səviyyədə dəyərləndirildikdə, dünyada ən yüksək səviyyəsindədir. Siyasi münasibətlərdəki strateji səviyyədəki əməkdaşlıq, hərbi əlaqələrdə də strateji səviyəyə çatıb. 1992-ci ildən bəri 28 ilə yaxındır ki, hərbi fəaliyyətlərin bütün sahələrində əlaqələr qarşılıqlı və davamlı inkişaf etməkdədir. Türkiyə hərbi məktəblərində hələ də yüzlərlə azərbaycanlı tələbə təhsil alır. İndiyə qədər minlərlə əsgər və zabit hərbi məktəblərimizdə təhsil almış, onlar hətta Azərbaycan ordusuna yüksək vəzifələrə qədər yüksəlib. Ən son Tovuz hadisələrində şəhid olan general-mayor Polad Həşimov türk hərbi məktəbinin məzunu olub. Eyni zamanda türk hərbiçiləri Azərbaycanın hərbi məktəblərində təhsil almaqdadır. 1992-ci ildən bəri türk hərbiçiləri Azərbaycan ordusunda məsləhətçi fəaliyyətlətini yürüdərək, bu sferadakı təcrübələrini və biliklərini çatdırır. Bu, həm sülh, həm də müharibə dövründə eyni nəzəriyyə və doktrin tətbiq etmək imkanı verir. Qarşılıqlı olaraq, kəşfiyyat sahəsində anlaşaraq, məlumatların paylaşımı edilir.  Eyni zamanda NATO və sülh üçün ortaq fəaliyyətlərində, başda Əfqanıstan olmaqla, birlikdə Türkiyənin NATO təcrübəsi Azərbaycana ötürülür, Azərbaycanın hərbi təcrübəsi isə türk birliklərinə ötürülür. Xüsusilə, tağım komandiri bölük komandiri tabor komandiri səviyyəsində hərbi hissə birləşmələri dəyişərək türk hərbiçiləri Azərbaycanda, Azərbaycan hərbiçiləri Türkiyədəki hərbi birləşmələrdə qulluq etməkdədir. Qarşılıqlı ailə mübadilə proqramları ilə qısa və orta müddətli ailələrlə qarşılıqlı ziyarətlər edilir. Müdafiə sənayesindədə çox böyük əməkdaşlıqlar, əsasən də rabitə sahəsi üzrə aparılır. Rabitə sistemi vasitəsilə müharibə və sülh  vəziyyətində əlaqə qurmaq imkan qazanılıb. Beləliklə, bu əməkdaşlığın dünyada oxşarı yoxdur. Önümüzdəki dövrdə bəlkə qarşılıqlı hərbi baza yaradılması ilə bu əlaqələr ən yüksək səviyyəyə çatdırıla bilər.

-Hər zaman Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin yanındadır. Sizcə bu birlik hansısa qüvvələri narahat edirmi?

– Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir. Bu birlik əsrlərdir davam edir. Birliyimiz ilk növbədə işğalçı Ermənistanı narahat edir.  Bundan əlavə, birliyimiz təbii olaraq, bölgədəki digər çirkli işlərlə məşğul olan qüvvələri də narahat etməkdədir. Bütün bunlara rəğmən, Türkiyə-Azərbaycan birliyi və qardaşlığı gündən-günə güclənir. Bizim birliyimiz dost ölkələri sevindirir. Türkiyə və can Azərbaycan  olaraq, kiminsə torpağında gözümüz yoxdur. Ancaq torplarımızı işğal edənlərdən geri almaq gücümüz var. Əlbəttə, qan tökülməsini istəmirik və problemin sülh yolu ilə həllini gözləyirik. Ancaq səbrimizin bitdiyini hər kəsin bilməyini və BMT və ATƏT-in öhdəliklərini ən qısa müddətdə yerinə yetirməsini gözləyirik.

YƏHYA