“Biriləri Kremlin cənuba doğru irəliləməsini istəyir” – ZAUR MƏMMƏDOV

3

"Putin və Ərdoğan indiki vəziyyəti istəmirdilər, çünki bu, onların formalaşdırdığı strateji hədəflərə təmamilə zidd idi"

"Türkiyəni Rusiya ilə üz-üzə qoyan kimdir? Kimlər Qafqaz cəbhəsində hücum ssenarisini cızırlar?" Hurriyyet.org xəbər verir ki, bu suallar ətrafında fikirlərini bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Avropanın əxlaqı budur: "Qaçqınlara görə Türkiyəyə 6 milyardın heç yarısını da ödəmə, Qərbin Suriyada ssenarisini cızdığı xaotik vəziyyətlə üz-üzə qoy və heç nə olmamış kimi davran".

Onun sözlərinə görə, 100 il əvvəl də Rusiya, ABŞ, Fransa, Britaniya və İtaliya Türkiyə üzərindən oyunlar qururdular: "Bu gün onlara Almaniya da əlavə olunub. Kanal İstanbulun çəkilişi, Suriyadakı sabitlik bir çoxlarının maraqları ilə uzlaşmır. Onlara Rusiya və Türkiyə arasında münasibətlərin soyuması lazım idi. Bunu bacardılar. Digər tərəfdən, əminəm ki, Rusiyanın Suriyadakı generaliteti ciddi taktiki səhv gedişə yol verdi. (Türkiyəyə təzyiq ssenarisinin tərəfdarları əslində digərini pis vəziyyətə saldılar) Bu, Putin və Ərdoğanın formalaşdırdığı strateji hədəflərə təmamilə zidd idi. Hər iki lider indiki vəziyyəti istəmirdilər. Deməli, daxildəki bəzi qüvvələr provokasiya edərək istəklərinə nail oldular. Rusiyadakı güc strukturlarından başqa, oradakı müəyyən çevrələrə xidmət edən RT də bu oyundadır. Simonyan və Baqsadarov faktiki olaraq eyni anda Hatayın və ətraf ərazilərin Suriyadan qopardılaraq Türkiyəyə verildiyini bəyan etdilər. Bu 1920-ci, 1980-ci illərdəki eyni informasiya hücumu xəttidir. Yeri gəlmişkən, Rusiyadakı həmyerlilərimiz, strateji araşdırma mərkəzlərimiz və onlara yaxın qüvvələr RT- dən Simonyanın getməsi üçün ciddi işləməlidirlər. Facebookdakı Russia Today səhifəsindən görünür ki, indi siravi şimal vətəndaşları simonyanların, solovyovların simalarından beziblər. Lakin görünən odur kı, Moskvada "gen" gəzən bizim oliqarxlar üçün başqa işlər prioritetdir".

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, son zamanlar Ermənistan tərəfindən idarə edilməyən ermənilərin Azərbaycan sərhədçilərinə qarşı provokasiyaları da təsadüf deyil: "Biriləri Kremlin cənuba doğru irəliləməsini istəyir. Azərbaycan diasporasının, ekspertlərinin çiyinlərinə də çox böyük yük düşür. Ayrı-ayrı ölkələrdə erməni gizli qruplarını ifşa etmək. Biz Bakı Politoloqlar Klubu olaraq hər zaman bu mübarizəni davam etdirdik. Lakin bu işlər koordinasiyalı şəkildə aparılmalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org