BİR GÜLLƏ ATMADAN QARABAĞI AZAD ETMƏK…

    21

    "Pus politoloqun açıqlamasında Kremlin tezislərinin izi hiss olunur"

    Ramil Məmmədli: "Son vaxtlar rusiyalı politoloqların Azərbaycanın xeyrinə verdikləri açıqlamalara aldanmaq olmaz"

    Turan Rzayev: "Qərbin Azərbaycana tələ qurması real səslənmir"

    Kənan Paşayev: "Ermənistan hökuməti Qərblə Rusiya arasında balans yarada bilmir"

    Rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov bildirib ki, rəsmi Bakı Ermənistan hakimiyyətinin siyasi arenada və cəbhədəki provokasiyalarına aldanmamalıdır. Bu barədə axar.az-da yer alan informasiyada qeyd olunur ki, Vitali Arkov Nikol Paşinyan və onun Qərbdəki məsləhətçilərinin Bakı üçün tələ hazırladığını bəyan edib.

    "Nikol Paşinyanın planından fərqli olaraq, hazırda hər şey Bakının ssenarisi ilə gedir"

    Onun sözlərinə görə, Paşinyan açıq-aşkar öz sərsəm ritorikası və hərəkətləri ilə Bakını qıcıqlandırmaga çalışır. Rusiyalı politoloqun fikrincə, bu, onun planının başlanğıc hissəsidir: "Nikolun planı: "Sərsəm bəyanatlar, cəbhədə diversiyalar, müəyyən provokasiyalar. Azərbaycan bu diversiyalara cavab olaraq hərəkətə keçir. Ermənistan tərəfi itkilər verərək geri çəkilir. Bütün baş verənlər lentə alınır. Paşinyan və onun komandası ölkədə hərbi vəziyyət elan edir. Bütün mitinqlər, yürüşlər və digər siyasi etirazlar qadağan edilir. Nikolun siyasi səhvləri və uğursuzluqları, büdcə kəsirlərinin, acınacaqlı iqtisadi vəziyyət müharibənin ayağına yazılır". PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi qeyd edib ki, bu ssenari Paşinyanın planının birinci hissəsidir, ən çirkin və alçaq hadisələr isə "ikinci hissədə" baş tutur: "Ermənistan öz güclü lobbisindən istifadə edərək, bütün dünyada "işğalçı-təcavüzkar" damğasını öz üzərindən götürüb, Azərbaycana ötürür. Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz, müharibədən olan görüntüləri istifadə etməklə. "Azərbaycanlılar vəhşidir", "Yazıq ermənilər belə öldürüldu", "Yeni erməni soyqırımı" başlıqlı məqalələr ən mötəbər dünya dərgilərinə sifariş olunur. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə sərt ittihamlar irəli sürülür: "Niyə dəstək olmadınız?" Ermənistan rəsmi olaraq KTMT-ni tərk edir. Daha sonrakı mərhələdə Minsk Qrupu həmsədrləri və dünya ictimaiyyəti Bakını müharibəni dayandırmağa çağırır".

    Politoloqun iddiasına görə, Nikol Paşinyanın planı üzrə Azərbaycan Silahlı Qüvvələri bu ana qədər Qarabağın ətrafındakı 7 rayonu azad edir, yeni atəşkəs müqaviləsi bağlanır: "Ermənistan "işğal altından" xilas olunmuş, hamının dəstəyinə ehtiyacı olan bir ölkə imicini qazanır. "Artsax özünü müdafiə edə bilmədi" deyib, Dağlıq Qarabağı Ermənistana birləşdirir. Qərbdən "yazıq" statuslu İrəvana böyük vəsaitlər axıdılır. "İşğalçı-təcavüzkar" damğası atılır, iqtisadiyyat bərpa olunur. Paşinyan isə Qarabağı Ermənistana birləşdirən "qəhrəman" kimi tarixə düşür". Vitali Arkov onu da əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Qarabağı bir güllə atılmadan qaytara biləcək daha uğurlu planı var və Nikol Paşinyanın planından fərqli olaraq, hazırda hər şey Bakının ssenarisi ilə gedir.

    Bu arada, onu da nəzərinizə çatdıraq ki, erməni politoloq Karen Bekaryan bu yaxınlarda panorama.am-a verdiyi müsahibəsində Nikol Paşiyanın Qarabağın Ermənistan ərazisi olması ilə bağlı verdiyi açıqlamada optimizm üçün hətta minimal əsas olmadığını vurğulayıb: "Əgər bu, populizm, şantaja əsaslanan iş üslubunun növbəti təzahürüdürsə, növbəti dəfə öz iddialarını təmin etmək üçün avantürizmdir, onda bütün xalq olaraq böyük problemlə üz-üzəyik". Rusiyanın "Regnum" portalının ermənipərəst şərhçisi Stanislav Tarasov isə bugünlərdə yazdığı məqalədə vurğulayıb ki, bəlkə də Paşinyan 7 rayonu qaytarıb, əvəzində Bakını Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə razı sala biləcəyinə ümid edir.

    "Qərbin aparıcı dövləri yaxşı anlayır ki, Azərbaycanın Rusiyanın tam təsir dairəsinə düşməsi onlar üçün həm iqtisadi, həm də siyasi zərbə ola bilər"

    Картинки по запросу Ramil MəmmədliBeləliklə, mövzu ilə bağlı mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli "Hürriyyət"ə bildirdi ki, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkovun açıqlamasından Kremlin tezislərinin izi hiss olunur: "Bu baxımdan, Arkovun açıqlamasına münaqişə ətrafında real ab-hava kimi baxmaq düzgün deyil. Əlbəttə, bu gün Ermənistanın yeni hakimiyyətinin Qərblə isti münasibətlər saxladığı və Avropaya inteqrasiyada maraqlı olduğu gözdən yayınmır. Amma inanmaq çətindir ki, Qərb dövlətləri milyardlarla sərmayə qoyduqları Azərbaycanı Ermənistan qarşısında çətin vəziyyətə salmaqda maraqlı olsunlar. Çünki Qərbin aparıcı dövləri yaxşı anlayır ki, Azərbaycanın Rusiyanın tam təsir dairəsinə düşməsi onlar üçün həm iqtisadi, həm də siyasi zərbə ola bilər".

    Məhz bu səbəbdən də Ramil Məmmədli hesab edir ki, illərdir formalaşan Qərb-Azərbaycan münasibətləri zərbə altına qoyula bilməz: "Digər tərəfdən, Vitali Arkovun fikirlərində bir məqam da sezilir ki, bu da Azərbaycanın milli maraqları – müstəqilliyimiz üçün təhlükəlidir: Bu, Rusiya-Azərbaycan strateji müttəfiqliyidir. 1999-cu ildə Azərbaycan KTMT-ni tərk edib. Bu qərar Azərbaycanın həmin dövrdə prezidenti olmuş Heydər Əliyev tərəfindən verilib. Yəni rəsmi Moskva heç bir zaman Azərbaycanın Ermənistan üzərində qələbəsinə razı olmaz və bu reallıqdır".

    Nikol Paşinyanın sərsəm ritorikasının Azərbaycanı müharibəyə təhrik etməsinə gəlincə, hərbi-siyasi icmalçının sözlərinə görə, bu yanaşma da reallığı əks etdirmir: "Ermənistan KTMT-ni tərk etməsi məsələsində isə rəsmi İrəvanın siyasi iradəsi olmalıdır. Bu isə Paşinyanda yoxdur. Bir daha qeyd edirəm ki, son vaxtlar rusiyalı politoloqların Azərbaycanın xeyrinə verdikləri açıqlamalara aldanmaq olmaz. Bu, rəsmi Moskvanın Azərbaycan sevgisindən yox, siyasi maraqlarından irəli gəlir. Unutmaq lazım deyil ki, Moskva son məqamda yenə də ermənilərin strateji maraqlarını qoruyacaq".

    "Etiraf edək ki, erməni tərəfi torpaqları müharibəsiz qaytarmaz, məhz bu baxımdan, münaqişənin sülhlə nizamlanacağını güman etmirəm"

    Картинки по запросу Turan Rzayev

    "Hürriyyət"ə danışan "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev isə qeyd etdi ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması real görünmür: "Güman etmirəm ki, Ermənistan təşkilatı tərk etsin. Məsələ ondadır ki, Ermənistanın xarici siyasətini bu cür cılız görməməliyik. Çünki düşməni gözümüzdə kiçiltsək, o zaman müharibəni uduza bilərik. Hesab edirəm ki, rəsmi İrəvan Rusiya və Qərb arasında bir seçim etməz".

    Turan Rzayev onu da qeyd etdi ki, Qərbin Azərbaycana tələ qurması real səslənmir: "Çünki nəzərə almaq lazımdır ki, onsuz da Azərbaycanın münaqişəni hərbi yolla həll etmək imkanı var. BMT-nin qəbul edilmiş qətnamələri də bir daha bu variantı leqallaşdıran amildir. Odur ki, Azərbaycan müharibəyə başlasa, Qərb nə deyə bilər?! BMT qətnamələrində Ermənistan ordusunun işğal edilmiş torpaqları qeyri-şərtsiz boşaltması əks olunub. Yəni bəhsi keçən, Azərbaycan əleyhinə qurulan tələni real saymıram". Ekspert bu qənaətdədir ki, əgər Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru yaxınlaşarsa, o zaman Kremlin həm siyasi, həm iqtisadi, həm də hərbi dəstəyini itirəcək: "Bu isə Azərbaycan üçün arzuolunan haldır. Rəsmi Bakının işğal altındakı torpaqları diplomatik yolla azad etməsinə gəlincə, bu, heç də real səslənmir. Çünki qanla alınan torpaqlar ancaq qanla geri qaytarıla bilər. Burada məsələ heç də müharibə istəyimizdən getmir. Əksinə, Azərbaycan münaqişənin sülh yolu ilə bərpasını istəyir. Lakin gəlin, etiraf edək ki, erməni tərəfi torpaqları müharibəsiz qaytarmaz. Məhz bu baxımdan, münaqişənin sülhlə nizamlanacağını güman etmirəm".

    "Əgər həqiqətən bu vəziyyətdə Bakının gizli planı varsa, o zaman onu açıq etməyi düzgün hesab etmirəm"

    Картинки по запросу Kənan Paşayev

    Rusiyalı politoloqun fikirlərinə dair mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Kənan Paşayev isə bu qənaətdədir ki, Vitali Arkovun yaydığı bəyanatın yalnış olduğunu demək çətindir: "Çünki Paşinyan hakimiyyətinin hazırkı vəziyyəti onu deməyə əsas verir ki, Ermənistan hökuməti Qərblə Rusiya arasında balans yarada bilmir. Paşinyanın sərsəm bəyənatları ola bilsin ki, həqiqətən Bakını qıcıqlandırmaq və Ermənistanı beynəlxalq aləmdə dəstəyə ehtiyac duyan bir ölkə kimi göstərib, separatçı "Dağlıq Qarabağ Respublikası"nın Ermənistana birləşdirilməsi üçün beynəlxalq dəstəyi təmin etmək xarakteri daşıyır". Kənan Paşayevin sözlərinə görə, Paşinyan hakimiyyətdə olduğu ilk müddətdən bəri ölkəsini Rusiyadan uzaqlaşdırmağa çalışır: "Ümümiyyətlə, "Paşinyan Qərbyönümlü siyasətçidir" demək olar. Əgər Paşinyanın məqsədi doğrudan da bu vəziyyəti yaratmaqdırsa, Bakının mövqeyi təqdirə layiqdir. Və əgər həqiqətən bu vəziyyətdə Bakının gizli planı varsa, o zaman onu açıq etməyi düzgün hesab etmirəm".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org