Bir şəhid zabitin şərəfnaməsi

348

Şəhidlik müqəddəs zirvə, ölümsüzlük ucalığıdır. Hər kəs onu arzu edə bilər, amma bu zirvəni fəth etmək hər arzu edənə nəsib olmaz. Şəhidlik zirvəsini fəth edən igidlərimiz çox olub və bu gün də var. Onlardan biri də Şəhid kapitan Aqil Niyaz oğlu Məlikovdur. Çoxumuz kimi onun da uşaqlığı birinci Qarabağ müharibəsi illərinə təsadüf edib. Təhsil aldığı məktəbimiz 1-ci Qarabağ müharibəsinin kəndimizdən ilk şəhidi olmuş Elşad Bayramovun adını daşıyır. Zaman belə davam etdikcə, Aqil böyüdü və hərbçi olmaq qərarını verdi. O da əksəriyətimiz kimi Vətən torpaqlarının yağı tapdağında qalmasına dözmürdü. Onun istəyi Vətən torpaqlarının düşmənlərdən azad edilməsində iştirak etmək idi. O, Ordumuzun zabiti olaraq 2016-cı ilin aprel döyüşlərində iştirak etsə də, 4 günlük savaşda istəyinə tam çata bilməmişdi.

27 sentyabr günü və Aqilin arzu-istəyini reallaşdıracaq müharibənin başlanğıcı gəlib çatdı. O, 44 günlük və sonu Zəfərlə tamamlanan Vətən müharibəsinin ilk günündə bir neçə kəndin alınmasında iştirak etsə də, erməni atəşi ondan da yan keçmədi və Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə şəhid olaraq gözlərini əbədi yumdu. Beləliklə kəndimizin Vətən müharibəsində-ikinci Qarabağ savaşındakı ilk şəhidi oldu Aqil. Onun ruhu indi şad ola bilər ki, böyük həvəslə atıldığı döyüşlər zəfərimizlə bitib, düşmən təslim olaraq torpaqlarımızin əksər hissəsini boşaltmağa məcbur edilib.

Məlikov Aqil Niyaz oğlu 6 aprel 1986-cı ildə Quba rayonun Alpan kəndində anadan olmuşdur. O, 2004-cü ildə Alpan kənd orta məktəbində 10 illik təhsilini başa vurmuş, bir il sonra isə Ali Hərbi Akademiyaya qəbul olunub 2009-cu ildə oranı bitirmişdir. Bir il Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində çalışdığdan sonra, 2010-cu ildən 1 il 8 ay müddətində Şəki rayonun Şorsu kəndindəki Hərbi Hissədə tağım komandiri vəzifəsini icra etmişdir. Bundan sonra isə onu Tərtər rayonundakı Hərbi Hissədə əvvəlcə tağım komandiri, ardınca bölük komandiri vəzifələrinə təyin edirlər. Tərtərdə 1 il 2 ay xidmət etdikdən sonra Goranboy rayonun Ağcakənd qəsəbəsində yerləşən hərbi hissədəki bölüklərdən birinə komandir təyin olunur. 2 ilə yaxın orada xidmət edən Aqil, 2015-ci ildən Gəncədə yerləşən Hərbi Hissədə bölük komandiri kimi xidmətini davam etdirir.

2016-cı ildə Ağdamda yerləşən Hərbi Hissənin RMTO bölük komandiri təyin edilən Aqil şanlı aprel döyüşlərinin də iştirakçısı olmuşdur. Həmin ilin sonunda Aqili Bakıda, Müşviq qəsəbəsində yerləşən Hərbi Hissəyə RMTO bölük komandiri vəzifəsinə göndərirlər. Bir müddət orada xidmət etdikdən sonra raport yazaraq öz xahişi ilə ön cəbhəyə, Ağcəbədi rayonunda yerləşən hərbi hissələrdən birinə yollanmışdır. Daha sonra Beyləqan rayonunun Harami düzündəki hərbi hissəyə tabor komandirinin müavini təyin edilmiş və ona kapitan rütbəsi verilmişdir. Şəhid olduqdan sonra ailəsi ona mayor rütbəsi veridiyini bilmişdir. Amma Aqilə mayor rütbəli mundiri geyinmək qismət deyilmiş… Aqil xidmət etdiyi 11 il ərzində bir neçə dəfə medallarla təltif edilmişdi. O, Müdafiə Naziri Zakir Həsənov tərəfindən də şəxsən hədiyyə ilə mükafatlandırılıb. A.Məlikov 07.07.2010-cu ildə ailə həyatı qurmuşdur. İki övladı (9 yaşlı qızı və 5 yaşlı oğlu) var.

Atası Niyaz Məlikovun xatirələrindən: Mən hər zaman hər şeyin düzünü deməyi xoşlayıram. Digərləri kimi nəyisə şişirtmirəm danışanda. Övladlarımın seçimini də həmişə qiymətləndirmişəm. Aqil orta məktəbi bitirdikdən sonra bir kişi peşəsinə sahib olmaq istəyirdi. Məzun olduğu il qəbul imtahanlarında az bal yığdığından hüquqşünas ixtisasına daxil ola bilmədi. 2005-ci ildə o hərbçi olmaq istəyini dilə gətirəndə də mən onun qarşısını kəsmədim. Həmin il o Hərbi Akademiyaya qəbul olundu. Aqil Vətənini çox sevirdi. Elə buna görə də hərbçi peşəsini seçməsi gözlənilən idi. O, Vətəninə, yurduna bağlı oğul idi. Kəndimizi də çox sevirdi. Kəndimizin abadlaşmasını cani-dildən arzulayırdı.

Aqil ən ağır hərbi hissələrdə xidmət edib. O, əsgərlərilə birlikdə səngər də qazıyıb, odun da doğrayıb. Hətta bir dəfə hərbi hissələrin birində bir polkovnik-leytenant yoxlanış aparan zaman səngər qazıyan Aqili görüb ondan əsgər və ya zabit olduğunu soruşduqda “zabitəm” cavabına təəccüblənmişdi. O, Aqilin sadəliyinə heyran qalır və onun Qubadan olduğunu  biləndə oradan arxaya çəkmək istəyir, amma Aqil əsgərlərini özbaşına qoyub səngəri tərk edə bilməyəcəyini deyir. Mən təəssüf edirəm ki, oğlum komandanlıq tərəfindən dəfələrlə mükafatlar və medallarla təltif edilməsinə baxmayaraq bunların əksəriyyəti onun şəxsi işinə qeyd edilməyib…

Aqil məzuniyyətə gəldiyi vaxtlarda onunla müzakirələrimiz zamanı Azərbaycan Ordusunun çox güclü olduğunu deyirdi. O, deyirdi ki, biz zabitlər və əsgərlərin arzuladığı müharibə başlasa, Ordumuz iki ayın içində İrəvanda olacaq. Aqil kəndə gələndə doğma məktəbini də tez-tez ziyarət edərdi. Hətta o, məktəbdə Ramil Səfərovla bağlı bir guşənin yaradılmasını da təklif etmişdi. O, bununla hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə öz töhfəsini vermək istəyirdi. O, ailəmizin kiçiyi olmasına baxmayaraq ərköyün böyüməmişdi. Aqil kəndə gələndə həm ev işlərində, həm də təsərrüfat işlərində anasının yardımçısı olurdu. Səliqə-səhman həvəskarı idi, hər şeyin qaydasında olmasını xoşlayardı. Aqil həm də təşkilatçı kimi cəmiyyətdə öz mövqeyinin olmasını istəyirdi. Haqsızlıqlara biganə qala bilmirdi. Belə hallarla qarşılaşanda susmurdu, sözünü mərdi-mərdanə üzə deyirdi.

27 sentyabr tarixi… Artıq Vətən müharibəsi başlamışdı. Aqillə telefon danışığımız zamanı yüksək əhval-ruhiyədə olmasını hiss etdim. O dedi ki, artıq üç kəndimizi mənfur düşmənlərdən təmizləmişik, onların istehkam xəttini yarmışıq. Bu onunla sonuncu danışığımız oldu. Nə biləydim ki, danışığımızdan bir neçə saat sonra oğlum Şəhid olacaq…

Həyat yoldaşının söylədiklərindən: Aqil işinə çox bağlı bir insan idi. Hərbi formanı geyindiyi zaman bu geyimin verdiyi ağırlıq, məsuliyyət sanki onun simasında əks olunurdu. Onun üçün hərbi xidmət və əsgərləri ən öncəlikli dəyərlərdən idi. O deyirdi ki, əsgərlərin ata-anaları yanlarında olmur. Onların həm atasıyam, həm də anası. Hətta bir dəfə Tərtərdə xidmət edərkən evimizdəki sonuncu manatımızı da əsgər üçün dərman almağa xərcləmişdi. Aqil rütbəsinə və vəzifəsinə baxmayaraq həmişə əsgərlərinin yanında olub. O, onlara böyük qardaş olub, onlarla meşəyə odun yığmağa da gedib. Aqil aylıq məvacibindən evin xərclərini ayırdıqdan sonra qalan pulu əsgərlərinə xərcləyərdi.

Hərbi formasını dəyişdikdə Aqil tam fərqli insan olurdu. Övladları ilə uşaq kimi oynayır, sanki uşaqlaşırdı. Deyirdi ki, onlarla vaxt keçirəndə belə onlar üçün darıxıram… O, uşaqlarla imkanı daxilində çox vaxt keçirərdi. Onların tərbiyəsi ilə ciddi məşğul olardı. Aqil haqqında keçmiş zamanda danışmaq çox ağırdır. O, çox gülərüz, səmimi, ailəcanlı bir insan idi. Evli olduğumuz müddətdə onun uşaqla uşaq, böyüklə böyük olduğunu gördüm. Heç kimin xətrinə dəyməzdi, çox mülayim ürəyi vardı Aqilimin…Hərbçilərin və onların ailələlərinin həyatı çox çətin olur, bunu əksəriyət bilir. Aqil həmişə mənə deyərdi ki, sən digər xanımlardan fərqlisən, çünki sən hərbçinin həyat yoldaşısan və sən bütün çətinliklərə sinə gərməyi bacarmalısan. Aqil Şəhidlik zirvəsinə ucalmaqla da məni fərqləndirdi… Hər zaman qorxurdum ki, ona nəsə olar. Ona deyirdim ki, Aqil, sənə bir şey olsa biz nə edərik? O isə cavabında deyərdi ki, Şəhidlik ən uca zirvədir. Bu zirvəni fəth edənlərdən nəyim əskikdir?! Elə bil Şəhid olacağı ürəyinə dammışdı…

27 sentyabr Vətən müharibəsinin başladığı gün onunla telefon danışığımız oldu. Bu sonuncu danışığımızın olacağını haradan biləydim?!… Demişdim ki, ehtiyatlı ol, biz sənin yolunu gözləyirik. Çox sevincli idi, elə bil toya hazırlaşırdı. Son sözü bu oldu: “Narahat olmayın hər nə olsa şərəfimdi!”. Tək təsəllimiz Aqilin Şəhidlik zirvəsinə ucalmasıdır. Amma bu da qanayan yaramıza məlhəm olmur hərdən. Çünki, övladları çox darıxır atası üçün. Belə həyat çox çətin olsa da yolmuza Aqilsiz davam etməliyik. Onun bizim ailəmiz, övladlarımız üçün arzuları çox idi. Çalışıb uğurlarımızla onun arzularını gerçəkləşdirəcəyik. Mən gücüm çatdığı qədər onun arzuları üçün yaşayacam və həyata keçirəcəyəm, Allahın köməyilə.

Qızı Xədicə nələr danışdı: Bizim atamız çox yaxşı ata idi. Qardaşımla mən onu çox sevirdik. Atamızı az-az görürdük. Buna baxmayaraq onunla bağlı gözəl xatirələrimiz var. Atam işdən qayıdan zaman çox yorğun olsa da yeməyini yemədən bizimlə oynayardı. Biz onun gəlişini səbirsizliklə gözləyərdik. Bizimlə birlikdə şəkil çəkərdi, cizgi filminə baxardıq. Hərdən anam deyərdi ki, bizim evdə üç uşaq var. Atamız evə bəzən çox gec gəlirdi. O evə gələndə biz yatmış olurduq. Amma o yataqlarımıza yaxınlaşıb məni və qardaşımı öpürdü həmişə. Mən bunu hər dəfə hiss edərdim. Biz atamla birlikdə bayram və ad günlərimizi qeyd edə bilmirdik. Hətta onun ad gününü də biz üçümüz qeyd edərdik. Sadəcə bir dəfə, 6 yaşımı atamla birlikdə qeyd etmişik. Çox sevinirdim, çünki ilk dəfə idi ki, atamla ad günümü qeyd edirdik. Atamı hər kəsdən çox sevirəm. O, qardaşımla mənim savadlı və yurdsevər olmağımızı istəyirdi. Mən atamın arzusunu yerinə yetirəcəm.

Bacısı Aybənizin xatirələrindən: Aqil dünyaya gələndə mənim 13 yaşım vardı. Aqil evin sonbeşiyi idi. Evin böyük qız övladı olaraq mənim də üzərimə evin yükündən pay düşürdü. Ev işlərində anama kömək edir və Aqillə ən çox mən vaxt keçirirdim. Onu danlamaq istədikdə dərhal bizə atamla hədə-qorxu gələrdi. Mən ailə quranda Aqilin 5-6 yaşı vardı. Anamın dediyinə görə mən getdikdən sonra Aqil durmadan ağlayırmış. Aqil mənim ücün bir göz qırpımında böyüdü. Artıq orta məktəbi qurtarmışdı. Mən razılaşmasam da Aqil artıq qərarını vermişdi. Artıq H.Əliyev adına Hərbi Akademiyanın tələbəsi idi. O, hərbi məktəbi bitirən kimi prezident qvardiyasında işə başlamalı idi. Ancaq Aqil akademiyanı bitirib işğal olunmuş torpaqlara, münaqişə zonasına getdi. Aqil heç vaxt torpaqlarımızın işğal  altında qalmasını qəbul edə bilmirdi. Elə hey deyirdi ki, biz mütləq torpaqlarımızı geri almalıyıq, Rusiya haya  kömək eləməsə 3 günə alarıq.

Döyüş yoldaşı Dənizin yaddaşından: Aqillə illərdir ki, birlikdə xidmət edirdik. Onunla birgə çox çətin, ağır günlərimiz olurdu. Ancaq  söhbətindən, zarafatından qalmırdı. Döyüş əmri verilən kimi hücuma keçdik. Məqsəd erməni səngərlərini təmizləmək  və son səngəri alaraq orada möhkəmlənmək idi. Aqil tankların arxasınca irəliləyir, elə dayanmadan əsgərlərini də irəli səsləyirdi. Son səngəri də ələ keçirəndən sonra dönüb mənə tərəf qışqırmağa başladı, “Dəniz, Dəniz  bunlar hər şeyi atıb gedib. Qələbə bizimdir! Qələbə bizimdir!” Fizulidə, Qaraxanbəyli kəndində idik. Mənə, vacib iş dalınca getmək üçün göstəriş verdi. Oradan uzaqlaşdığdan bir neçə dəqiqə sonra onu və 3 yoldaşımı vurdular. Xəbəri eşidib, qaçaraq gəlib yanlarında yerə çökdüm, özümü saxlaya bilmədim, əsgərlərin yanında hönkür-hönkür ağladım. Dedim üstlərini örtün soyuq olmasın. Məni ondan ayıran bir neçə dəqiqə məni həyata bağladı, onu isə şəhadətə apardı…

Dostu Aydın Qasımovun xatirələrindən: Aqilin yoxluğuna inana bilmirəm… İlk dəfə onunla tanış olduğum günü xatırlayıram. Onun nə işin sahibi olduğunu bilmədən ona demişdim ki, səndə zabit zəhmi var. Bir az gülümsədi, ancaq heç nə demədi. Sonra bildim ki, Aqil zabitdir. Və beləcə onunla dostluğumuz başladı. Aqil qardaşımın çox əziyyətlər çəkdiyinin şahidi olmuşam, amma o şikayətçi deyildi, bugününə şükür edərdi həmişə. Ona “mənim Generalım” deyib müraciət edərdim. Oğlum Əlinin sevimli əmisi idi. Onu hərbi formada görəndə böyüyüb Aqil əmi kimi zabit olacam, deyirdi oğlum. Tez-tez Aqilin qonağı olardım. Ağdamda, Goranboyda və başqa yerlərdə onu ziyarət etmişəm. Aprel döyüşlərindən danışardı. Deyirdi az qalıb, erməniləri qovacağıq torpaqımızdan. Vətən müharibəsi başlayandan Aqil üçün narahat idim. Təəssüf edirəm ki, Aqil Ordumuzun qələbəsini görmədi. Qəhrəman qardaşımdır mənim şəhid Aqilim!!

Gələcəyimizə işıq saçan Son: Ölümündən sonra Vətən Uğrunda medalı ilə təltif edilən Şəhid qardaşımız bizlərə elə bir borc qoyub getdi ki, biz ömür boyu onun borcundan çıxa bilməyəcəyik. Döyüşə toy əhval-ruhiyyəsində girən qardaşımızı unutmamalıyıq. Həm də unutmamalıyıq ki, övladlarımızın gələcəkdə Qarabağ kimi qara bağının olmaması üçün o öz balalarını bizlərə əmanət qoyub getdi. Çox ağırdır iki körpə balanın öz atası ilə bağlı xatirələrini dinləmək. Amma onlar fəxr etsinlər ki, onların atası çoxunun arzuladığı Şəhidlik zirvəsini fəth edib. Şəhidimizin atası, anası belini bükməsin, əksinə dik dursunlar ki, oğulları Vətən uğrunda Şəhid olub! Şəhidimizin qardaşı, bacıları ağlamasın. Onlar qürurla danışsınlar Aqildən, onunla fəxr etsinlər. Şəhidimizin həyat yoldaşı dözümlü olsun qoy, çünki Şəhidimizin övladlarını atalarına layiq böyütməli, onun arzularını gerçəkləşdirməlidir. Aqil qardaşımız demişdi axı: “Hər nə olsa şərəfimdi!”. ŞƏHİDLİK onun şərəf zirvəsi oldu. Allah sənə qəni-qəni rəhmət eləsin, Şəhidim! Ruhun şad, məkanın cənnətlik!! Sizə sevgimiz sonsuzdur!

İlkin Balayev