“Bir rus, bir türk əsgəri, bunun artıq başqa izahı yoxdur” — Deputatdan AÇIQLAMA

222

“Ermənistan döyüş meydanında zəlil vəziyyətə düşdü, ağır, sarsıdıcı və ölümcül zərbələr aldı. İşğal olunmuş torpaqlarımızın əksəriyyətində bu gün Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır. Döyüşlərdə istər-istəməz qan tökürük, şəhid veririk. Qarşıdan da qış gəlir. Hərbi əməliyyatlar bundan sonra ən çətin relyefdə həyata keçirilməli idi. Yaranmış situasiyadan istifadə edən ölkə prezidenti Ermənistanı məbur etdi ki, ağ bayraq qaldırsın, sülh danışıqlarına, məsələnin siyasi yolla həllinə razılaşsın”.

Hurriyyet.org xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Pressklub.az-a bildirib. Deputat qeyd edib ki, imzalanmış bəyanata uyğun olaraq Azərbaycanın Kəlbəcər, Laçın və Ağdam rayonları ermənilərdən geri alınacaq: “Bir nəfərimizin burnu qanamadan bu rayonlarımıza bir daha sahib çıxırıq. Bu, çox böyük uğurdur, hərbi, siyasi, diplomatik nailiyyətdir. Bunu hökmən belə qiymətləndirmək lazımdır. Digər tərəfdən, Dağlıq Qarabağın bir çox yaşayış məntəqələrində Azərbaycan bayrağı qaldırılır. İnsanın dolaşmadığı, yaşamadığı, xarabazara çevrilən bir Xankəndi qalıb, bir də onun ətrafında kiçicik, o qədər də əhəmiyyət kəsb etməyən yaşayış məntəqələri var ki, bu gün-sabah ordumuz tərəfindən həmin yerlərdə də Azərbaycan bayrağı ucaldılacaq”.

Rusiya hərbçilərinin Azərbaycana qayıtmasına gəldikdə isə deputat bununla bağlı bəzi müxalifət partiyalarının söylədiklərini spekulyasiya adlandırdı: “Əvvəla, rus qoşunları gəlməyib. Rus qoşunları yenidən Azərbaycana qayıtmayıb. Bu cür yanaşma kökündən yanlışdır. İstərdim ki, hər kəs bunu anlasın. Belə bir şey yoxdur. Onlar üçün konkret yer müəyyənləşib. Həmin yeri də müəyyənləşdirən Azərbaycan dövlətinin özüdür. Harda durmalıdır, necə hərəkət etməlidir, hansı kriteriyalar əsasında fəaliyyətini qurmalıdır? Bütün bu məsələlər Azərbaycanla razılaşdırılmış şəkildə həyata keçirilir. Bütün bu torpaqlar Azərbaycanın ərazisidir. Azərbaycan ərazisində sülhməramlı qüvvələr Azrəbaycan dövlətinin iradəsi olmadan hərəkət edə bilməzlər”.

F.Ağamalının iddiasına görə, ən vacib məsələ rus əsgərləri ilə birgə sülhməramlıların içərisində eyni sayda türk əsgərlərinin də olmasıdır: “Bir rus əsgəri, bir türk əsgəri, bir rus zabiti, bir türk zabiti birgə bu missiyanı yerinə yetirəcəklər. Eyni zamanda, yenə də qardaş Türkiyə və Rusiya dövlətindən gələn zabitlərin iştirakı ilə sülhməramlı qüvvələrin fəaliyyətinə nəzarət edən mərkəz yaradılacaq ki, burada da eyni paritet var. Burada Rusiyanın üstünlüyü yoxdur. Bu baxımdan bəzi müxalifət partiyalarının başa düşərək və ya düşməyərək, vəziyyətdən istifadə edib, yenidən divident qazanmaq üçün Azərbaycan xalqının hissləri ilə oynaması qəbuledilməzdir. Buna son qoyulmalıdır. Biz qalibik! Biz zəfər çalmışıq! İki yüz ildən bəri üstümüzə gələn ermənilərə ölümcül zərbə vurmuşuq. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmişik! Bunun artıq başqa izahı yoxdur”.